İqtisadi Şuranın növbəti iclası keçirilib

 

Oktyabrın 21-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarından irəli gələrək, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlərin icrası, o cümlədən investisiya təşviqi mexanizmi, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib məsələlər və növbəti addımlar, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri, dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması və “AqrarKredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı bir sıra aktual məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, “AqrarkreditQSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.

İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bir sıra layihələr və müzakirə olunan digər məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Azərbaycan.- 2022.- 23 oktyabr.- S.2.