Azərbaycan qonşu ölkələrə
qarşı heç bir
cəbhədə yer almır
İrandakı bəzi dairələr isə ölkəmizin
regionda sülh
missiyasına mane olmağa
çalışır
Son günlər İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi birmənalı qarşılanmayıb. Bunun əsas səbəbi isə Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın müddətdə burada heç bir təlimin keçirilməməsidir.
Yəni bu təlim Azərbaycanın yalnız ərazi bütövlüyünü təmin etdikdən sonra dövlət sərhədində reallaşdırılan tədbirdir.
Qonşu dövlətlə sərhəddə hansısa məqsədlə təlim keçirən ölkə anlamalıdır ki, Azərbaycanın məqsədi qurub-yaratmaqdır, nəqliyyat kommunikasiyasını inkişaf etdirməklə ölkələrarası əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərində Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bu məsələyə toxunaraq qeyd etdi ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır: "Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək".
Amma Azərbaycanın gördüyü işlərdən, xüsusən, Zəngəzur dəhlizinin reallaşacağından qorxuya düşən bəzi antiaərbaycançı qüvvələr gerçəkliyi qəbul etməyərək yanlış addımlar atırlar. Bu isə xoş niyyət deyil. Hər kəs anlamalıdır ki, bu dəhliz regionun inkişafı baxımından önəmlidir və əsas məqsəd də sülhə, əmin-amanlığa töhfə verməkdir.
Azərbaycanı məqsədlərini
reallaşdırmaq üçün regionda çəkindirəcək heç bir güc yoxdur
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qəzetimizə açıqlamasında deyib ki, dövlətlər hərbi təlimləri adətən iki məqsədlə - ya qorxduqları, ya da qorxutmaq üçün keçirirlər.
Deputat 30 il ərzində Azərbaycanla sərhədboyu təlim keçirməyən İranın indi belə bir addım atmasını bu iki məsələ ilə əlaqələndirir: "Ola bilər ki, bu təlimlərin arxasında hər iki niyyət gizlənir. Qorxutmaq məsələsinə gəldikdə bu, alınmayacaq. Elə təlimlərin keçirildiyi gün Zəngəzur bozqırlarına buraxılan ceyranlar, Zəngilanda açılan beynəlxalq hava limanı, təlimlər gedən yerin bir addımlığında baş tutan digər quruculuq prosesləri ilə Azərbaycan göstərdi ki, onu öz məqsədlərini reallaşdırmaq üçün həm Zəngəzurda, həm də regionda çəkindirəcək heç bir güc və qüvvə yoxdur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu regionda iki qardaş dövlətin icazəsi olmadan heç nə həyata keçirilə bilməz".
Sahib Alıyev deyir ki, bəzi qüvvələr Azərbaycanın güclənməsində özlərinin zəifləməsini görürlər. Buna görə müəyyən əfsanələr uydurur və hədəfə dəyməyən hədələr səsləndirirlər. İrandakı bəzi dairələrin səsləndirdikləri hədələr kimi, təlimləri də boş və mənasızdır. Bu, onların ölkələrinin imicini korlamaqdan başqa yaxşı heç nə vəd etmir.
Deputat İkinci Qarabağ savaşı zamanı qonşu ölkənin ərazisindən Ermənistana silah-sursat, terrorçu dəstələrin daşınmasına şərait yaratdığını xatırladaraq bildirir ki, bütün bunlara baxmayaraq, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra, həmçinin İranın Ermənistanla sıx əməkdaşlığı haqqında daha çox məlumatı olan Prezident İlham Əliyev həmin ölkə ilə sərhədləri dost sərhədlər adlandırdı: "Bu davranışın qarşılığında İran rəhbərliyinin etdiyi hərəkət, təbii ki, müsbət qarşılana bilməz. Yaxşı olar ki, bu təlimlərə sərf edilən vəsait vəziyyəti getdikcə çətinləşən İran əhalisinin güzəranının yaxşılaşdırılmasına yönləndirsinlər".
İran Azərbaycan kimi qonşunun
qədrini bilməlidir
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu əməkdaşımıza bildirib ki, Azərbaycanın istər beynəlxalq münasibətlər sistemində, istərsə də əməkdaşlıqda tutduğu mövqe, həyata keçirdiyi fəaliyyət heç bir halda başqa dövlətlərin maraqlarına xələl gətirmir və ya onlara qarşı yönəldilməyib.
Deputat deyir ki, Azərbaycan dövləti ilə həm Qərb, həm də Şərq arasında çox konstruktiv münasibətlər mövcuddur. Azərbaycan həm Avropa İttifaqında, həm də Avrasiya platformasında kifayət qədər ehtiramla qəbul olunan dövlətdir: "Prezident İlham Əliyev hər iki müstəvidə böyük hörmətlə qarşılanır, onun şəxsiyyətinə böyük ehtiram var. Bu ona dəlalət edir ki, Azərbaycan hər zaman dövlətlər arasında dinc, konstruktiv münasibətlərin inkişafında maraqlı olan ölkədir. Eyni zamanda dövlətimiz həmişə öz mövqeləri ilə əməkdaşlığın inkişafında, yeni əlaqələrin istiqamətinin müəyyənləşməsində maraqlı olduğunu nümayiş etdirir. Bu baxımdan xüsusilə qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunda Azərbaycanın mövqeyi, təşəbbüsləri bütün region ölkələrinin maraqlarına uyğundur və rifahlarına xidmət edə bilər".
Deputat hesab edir ki, geniş əməkdaşlığın, isti siyasi münasibətlərin olduğu qonşu İranın bəzi narahatlıqları başadüşülən deyil. Azərbaycan hər zaman qonşularımızla, o cümlədən İranla əməkdaşlığın dinc məcrada inkişaf etdirilməsinin tərəfdarı olub. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platforması mövcuddur. Azərbaycanın və İranın birgə iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi reallaşdırılmaqdadır. Əməkdaşlıq üçün kifayət qədər ortaq mövqe və maraqlar var. Bunların qorunub saxlanılması, daha da inkişaf etdirilməsi Azərbaycanın maraqlarına nə qədər uyğundursa, bir o qədər də İrana uyğundur.
Elşad Mirbəşiroğlu İranın Azərbaycanın sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsinə belə münasibət bildirir: "2018-ci ildə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olan Con Bolton regiona səfər edən zaman tək məqsədi region ölkələrini İrana qarşı kökləmək idi. Azərbaycanın birmənalı mövqeyi ondan ibarət oldu ki, qonşu ölkələrə qarşı heç bir cəbhədə yer almayacaq. Bu baxımdan İran Azərbaycan kimi qonşunun qədrini bilməlidir".
Con Boltonun Ermənistandan daha ümidli qayıtdığını xatırladan deputat əlavə edir ki, onun səfərindən sonra ABŞ-nin Ermənistandakı səfirliyinin heyətinin sayı 150-dən 1500-ə qaldırılmışdı. Yəqin ki, Ermənistanla İrana qarşı ayrıca sövdələşmə əldə olunmuşdu. Ermənistanın və ermənilərin xislətinə bələd olanlar buna təəccüblənməzlər.
Onun sözlərinə görə, İran ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən narahat olmalıdır. Nəzərə almaq lazımdır ki, ABŞ ilə İran arasında münasibətlər olduqca gərgindir. Belə olan halda Ermənistanın Qərbin İrana xoş münasibəti olmayan dairələri ilə sıx təmasları İranda narahatlıq yaratmalıdr. Azərbaycanın heç bir addımında, mövqeyində İranı narahat edəcək məqam yoxdur. Bundan sonra da dinc qonşuluq münasibətləri davam edəcək. İran Azərbaycanla daha səmimi davranarsa, bu, bütövlükdə regionun həm təhlükəsizlik, həm də əməkdaşlıq rifahına təsir göstərəcək.
Deyilənlər də göstərir ki, Azərbaycanın regionda sülhü, sabitliyi, təhlükəsizliyi təmin etmək üçün gördüyü işlərdən, həyata keçirdiyi böyük layihələrdən qorxmaq lazım deyil. Dövlət sərhədində nümayiş xarakterli belə hərbi təlimlərin keçirilməsi qorxutmaq məqsədi daşıdığı variantda belə bunun heç bir mənası olmadığını anlamaq elə də çətin deyil.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.-
2022.-23 oktyabr.- S.3.