Qardaşlığın, əbədi birliyin
ifadəsi
Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmələri qürurdoğurucu haldır və Türkiyənin həmişə Azərbaycanın yanında olduğunun parlaq ifadəsidir. Bu iki qardaş ölkə daim bir yerdədir və bu birliyi heç bir qüvvə sarsıda bilməz.
Türkiyə Prezidentinin Zəngilana bu dəfə ki, səfəri də bunu bir daha təsdiqləyir. Bu səfər Azərbaycan dövlətinə, xalqına, Prezident İlham Əliyevə göstərilən böyük qayğıdan, uğurlarımıza bəslənilən hörmətdən, Azərbaycanın böyük gələcəyinə olan yüksək inamdan qaynaqlanır.
İşğaldan azad olunmuş ərazilərdə - Zəngilanda Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə bərabər Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı olduqca qürurvericidir. Bu bir millət, iki dövlətin qardaşlığının, əbədi birliyinin ifadəsidir.
Həm də dövlətimizin rəhbərinin düşünülmüş siyasətinin, Azərbaycan iqtisadiyyatının gücünün və davamlılığının təntənəsidir. Artıq Azərbaycan xalqı öz arzularına, müqəddəs istəklərinə qovuşub. İnsanlar tərk etdikləri od- ocaqlarına qayıdırlar, şəhər və kəndlərimiz yenidən qurulur, sürətlə tikilir və abadlaşdırılır. Əlbəttə, bu, hər bir azərbaycanlını, bizimlə daimi bir olan türk qardaşlarımızı da ürəkdən sevindirir.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfərləri və eləcə də ərazidə beynəlxalq hava limanının açılışı bilavasitə bu rayonun gələcək inkişafına hesablanmışdır. Dövlətimizin rəhbərinin söylədiyi kimi, işğaldan azad olunan ərazilər cənnətə çevriləcək. Artıq bu real işlərdə öz əksini tapır. Həyata keçirilən mühüm layihələr, tədbirlər hər bir vətəndaşımızı sevindirir və gələcək böyük uğurlarımızdan xəbər verir.
Prezidentlərin Zəngilanda "Dost Aqropark" "ağıllı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılışında, Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, "Ağıllı Tingçilik" və "Dostluq meşəsi" Kompleksinin, Cəbrayıl rayonunda Qumlaq dəmir yolu stansiyasının təməlqoyma mərasimində iştirakları və görülən işlərə böyük dəyər vermələri göstərir ki, tez bir zamanda işğaldan azad olunmuş bütün ərazilərdə həyat canlanacaqdır. Mətbuata verdikləri bəyanatlarda dövlət rəhbərləri bunu aydın ifadə ediblər.
Rəcəb Tayyib Ərdoğan demişdir: "Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük".
Bu, hər bir Azərbaycan vətəndaşını qürurlandıran və sevindirən ifadələrdir. Bu, dövlətimizə, xalqımıza, rəhbərimizə verilən yüksək qiymət, gələcək uğurlarımıza zəmanətdir. Xalqımız bu diqqəti həmişə, xüsusilə 44 günlük müharibə günlərində daha çox hiss etdi. Biz hər an, hər gün Türkiyəni, türk rəhbərini, türk qardaş və bacılarımızı yanımızda gördük, onların səsini yaxından eşitdik.
Azərbaycan Prezidenti İlham Əliyev də birliyimizə, qardaşlığımıza böyük önəm verərək bildirdi: "İkinci Qarabağ savaşından sonra Türkiyə - Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanənin tələbidir".
Bu ifadələr hər iki dövlətin yol xəritəsi, türk və azərbaycanlıların ürək səsidir, müqəddəs məqsədidir. Birliyimiz əbədi, yolumuz aydın, istəyimiz sülh, azadlıq, əmin-amanlıq, dostluqdur. Bu amal dövlətimizi ucaldıb və bundan sonra da ucaldacaqdır.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri
Azərbaycan.-
2022.- 23 oktyabr.- S.1; 3.