Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil
İrandakı məlum qüvvələrin ölkəmizə
qarşı bədxah münasibəti yenə də puç olacaq
İranın Azərbaycanla sərhəddə keçirdiyi genişmiqyaslı hərbi təlimlər haqlı olaraq suallar doğurur: bu təlimlər, eləcə də sınaqdan keçirilən məsələlər, Araz çayının keçilməsinin məşqi hansı məqsədi güdür? Eləcə də İran dövləti nədən narahatdır?
Azərbaycanın cənub qonşusu ilə bağlı yürütdüyü dostluq və mehriban qonşuluq siyasəti göstərir ki, İranın ölkəmizdən hər hansı təhlükə gözləməsi absurddur. Tarixi təcrübə də göstərir ki, respublikamız heç vaxt İran əleyhinə olan beynəlxalq kampaniyalara qoşulmayıb. Bakı öz cənub qonşusu ilə əlaqələrə həmişə xüsusi diqqətlə yanaşıb, münasibətlərin yüksələn xətlə inkişafına çalışıb. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa, kölgə salacaq addım atmayıb, beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd, xüsusən nüvə proqramı ilə bağlı müzakirələrdə bu ölkəyə qarşı olan təşəbbüsləri dəstəkləməyib.
Hazırda İranda insanların etirazları baş verməkdədir. Baş örtüyünə qarşı olan etirazlar bu ölkənin əksər vilayətlərini bürüyüb. Lakin Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb və cənub qonşusunda əmin-amanlığın olmasını arzulayıb.
Bütün bunlara rəğmən Azərbaycan ərazilərinin işğalda olduğu dövrdə heç vaxt İranın səmimi dəstəyini hiss etməyib. Əksər dövlətlər kimi, İran da sadəcə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu deməklə kifayətlənib. Azərbaycanla sərhədlərinin 30 ilə yaxın işğal altında qalması da İranı, ümumiyyətlə, narahat etməyib və bir dəfə də olsun bu barədə Tehrandan bir açıqlama verilməyib.
Lakin Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən sonra, xüsusən son həftələrdə İran rəsmiləri davamlı şəkildə sərhəd məsələlərini qabardır, bölgədə sərhədlərin pozulmasına və ya dəyişilməsinə yol verməyəcəklərini bildirirlər. Birincisi, bölgədə heç bir sərhəd dəyişikliyi baş vermir. İkincisi isə, yenə sual meydana çıxır, Azərbaycanla sərhədlərinin 30 ilə yaxın pozulmuş vəziyyətdə qalmasına susan, biganə qalan İran indi niyə belə narahatdır?
Azərbaycanın Ermənistanla sərhədlərini bərpa etməsi, Ermənistanın delimitasiyaya məcbur olunması, o cümlədən Zəngəzur dəhlizinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər İranı əl-ayağa salıb. Məsələyə bu prizmadan yanaşdıqda görünür ki, İran Azərbaycanın qətiyyəti və iradəsi ilə regionda yaranan yeni reallıqları, türk dünyası arasında yaranacaq bağlantıları həzm edə bilmir. Hələ bu azmiş kimi, son günlərdə İranın Ermənistana pilotsuz uçuş aparatları satacağı barədə məlumatlar yayılmaqdadır.
Yeri gəlmişkən, Azərbaycan ictimaiyyətini narahat edən, düşündürən əsas məsələlərdən biri də Ermənistanın islam abidələrini təhqir etməsinin iranda sükutla qarşılanmasıdır. 30 ilə yaxın işğal dövründə ermənilər Qarabağ və Şərqi Zəngəzurda bütün məscidləri dağıdıblar. Qismən salamat qalanlarını isə təhqir ediblər, içində donuz saxlayıblar. Bütün bunlar gün kimi aydın olsa da, faktlarla sübuta yetirilsə də, islam dövləti olan İran bir dəfə də olsun buna etiraz səsini ucaltmadı. Bəzi ölkələrdə baş verən hadisələrdən dolayı müsəlman əhalinin müdafiəsinə qalxan İranın nədən Ermənistanın təhqirlərinə qarşı sakit qalması haqlı olaraq bəzi suallar yaradır. Doğurdanmı İran münasibətlərdə səmimi deyil? Doğurdanmı İran islam dəyərlərinin təəssübünü çəkən dövlət deyil? Təəssüf ki, İranın Azərbaycanın qələbəsindən sonrakı davranışları və mövqeyi başqa cür düşünməyə əsas vermir.
Əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İranla Azərbaycan dövlətini ortaq, mədəni və mənəvi dəyərlər bağlayır. Lakin reallıqlar göstərir ki, bu dövlətin Azərbaycana olan münasibəti, regiondakı siyasəti, davranışları ortaq dəyərlərə mütənasib deyil.
Bu da diqqətdən kənarda qalmır ki, irimiqyaslı hərbi təlimlər əsasən hansısa mesajlar vermək məqsədilə keçirilir. Lakin Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. İrandakı məlum qüvvələrin ölkəmizə qarşı bədxah münasibəti isə həmişə olduğu kimi, yenə də puç olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.-23 oktyabr.- S.3.