Keçmiş məcburi köçkünlər xilaskarı doğma evlərində qarşılayırlar

 

"Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq".

Prezident İlham Əliyevin oktyabrın 19-da Zəngilanın Ağalı kəndinin sakinləri ilə görüşdə qürurla söylədiyi kimi, zəfərlə başa çatan Vətən savaşı sayəsində Azərbaycan xalqı olaraq arzularımızın ən uca məqamına, torpaqlarımızın azadlığına yetdik. İndi Böyük qayıdışa hazırlaşırıq.

30 ilə yaxın ayrı qaldığımız o doğma yurdlardan yenidən ünümüzün gəlməsini, hənirimizin duyulmasını, ev-eşiklərdə ocaqlar qalanmasını, sevinc sədalarının ucalmasını çox arzulamışdıq. 

Bir zamanlar hər birimizə möcüzə kimi görünən bütün bu işlər Ağalının timsalında dönüb gerçək olub.

Cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan Ağalı doğma sakinlərinə qovuşub, burada həyat yenidən canlanmağa başlayıb.

Oktyabrın 19-da isə ağalılılar öz evlərində ən əziz qonaqlarını - Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılamağın qürurunu yaşadılar.

Həmin tarixi gündə İlham Əliyev Ağalıdan bir daha bütün keçmiş məcburi köçkünlərə səslənərək bildirdi ki, tezliklə onlar da öz yurdlarına qovuşacaqlar: "Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq".

 

Könüllərdən keçən Vətən

 

30 il

Onlar bu zaman üçün qısa, insanlıq üçün böyük vaxt ölçümü ərzində nələr yaşamamış, necə mənəvi məhrumiyyətlərə düçar olmamışdılar ki?! 

İsti yuvalarından, doğma yurdlarından quruca canlarını götürüb çıxmışdılar. Qurulu evlərinin qapısını bağlayıb bir gün mütləq qayıdacaqları ümidi ilə sadəcə açarlarını, birana yurddan bir ovuc torpaq götürmüşdülər özləri ilə. Bu illər ərzində həmin açarları ən qiymətli əmanətləri kimi qoruyub saxlamışdılar. Ötən illər ərzində o bir ovuc torpaq daha da azalmışdı. O qədər ki, daha nə Vətən həsrəti ilə bu dünyadan köçən əzizlərinin məzarına səpməyə çatardı, nə də doğma yurdun ətrini almağa yetərdi…

Ömürlərinin bir qərinəlik kəsimində maddi sıxıntılara, yoxsulluqlara da tuş gəlmişdilər, çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı vəziyyətdə yaşamağa da məcbur qalmışdılar. Amma onların bütün bu maddi çətinliklərini mənəvi məhrumiyyətləri ilə qiyaslamaq olardımı?! 

Təbii ki, bu müddət ərzində bayram da etmişdilər, elçiliyə də getmişdilər, nişan aparıb toy da çaldırmışdılar, lakin bu məclislərin heç birində ürəkdən sevinib qol açmamış, gülə bilməmişdilər. Qəlblərindəki buruqluq, həsrət, nisgil heç zaman keçməmişdi, hər zaman, hər yerdə könüllərinə Vətən düşmüşdü. Doğma yurdlarına əllərinin yetməməsi, ünlərinin çatmaması ürəklərində qüssəqarışıq qəzəb hissindən  doğan əzablı işgəncəyə çevrilmişdi. Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Zəngilana, Qubadlıya, Cəbrayıla - cənnət yurdlarımıza həsrət qalmağın ağrı-acısını yaşamışdılar…

Fiziki qanunauyğunluqdandır, yoxsa ruhun tələbindəndir bilinməz, amma bir danılmaz gerçəklik var: torpaq adamı özünə çəkir. Və bu insanları da ötən 30 il ərzində qarşısıalınmaz qüvvə ilə Vətən özünə cəzb edirdi  

Dədə-baba torpaqlarından zorla didərgin salınaraq ölkənin dörd bir yanına pərən-pərən düşmüş yüzminlərlə vətəndaşımızdan danışırıq, keçmiş məcburi köçkünlərimizdən…

 

Əbədi qayıdış 

 

Bəli, indi yüzminlərlə vətəndaşımızın köçkünlüyü haqqında keçmişdə danışırıq, çünki artıq onların Vətən qübarları dinib, torpaq həsrətləri bitib.

İllərdir vətəndə qəribçilik çəkən bu insanlarımız ağalılılar kimi, əzəli yurdlarına əbədi qayıdış üçün günləri sayırlar və hər ötən an onları bu xoşbəxt məqama yaxınlaşdırır.

Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan dərhal sonra işğaldan azad etdiyi ərazilərdə nəhəng tikintiquruculuq işlərinə başlayıb. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir.

Erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, viran qoyulmuş yurdlarımız dirçəldilir. Bu ərazilərdə infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir (artıq bunlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib). Eyni zamanda vandal düşmənin dağıtdığı tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bütün bu misilsiz işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq həmin bölgələrimizə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, tapşırıqlarını verir. Tezliklə öz yurdlarına dönəcək məcburi köçkünlər üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görür.

 

Tariximizin ən möhtəşəm səhifələrindən biri

 

Prezident İlham Əliyevin şəxsi diqqəti, əzmi, gücü sayəsində tariximizin ən möhtəşəm səhifələrindən birini 19 iyul 2022-ci ildə qürurla çevirdik. Həmin gün, Vətən müharibəsindən sonra Böyük qayıdışa möhtəşəm start verildi, vaxtilə Ağalı kəndindən zorla didərgin salınan insanlarımız yurdlarına əbədi yaşamağa döndülər. O gün Ağalıya dönən insanların timsalında Vətən həsrətindən qurtulan, "məcburi köçkünlük yükü"ndən azad olan insanların necə xoşbəxtlik hissi yaşadığının şahidi olduq.

Ağalı kəndi Azərbaycanda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır. Pilot olaraq Zəngilanda icra edilməsinə başlanılan layihə əsasında burada   "ağıllı kənd" salındı.

Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı texnologiya"larla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayan əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

 

"Xoş gəlmisiniz, cənab Prezident!"

 

Hələ ötən il İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura erməni işğalından azad olunduqları qurtuluş günlərində o yerlərin doğma sakinləri, keçmiş məcburi köçkünlərlə birgə yollanması hər birimizin yaddaşındadır. Həmin görüşlərin hər birində İlham Əliyev keçmiş köçkünləri ev sahibi kimi salamlayır, "Xoş gəlmisiniz!" deyireyni zamanda əminliklə vurğulayırdı ki, tezliklə onlar vətənlərinə dönəcək və özləri ona doğma ocaqlarında "Xoş gəlmisiniz, cənab Prezident!" söyləyəcəklər.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərə verdiyi bu söz 2022-ci il oktyabrın 19-da Ağalı kəndində reallığa çevrildi.

Həmin gün ağalılılar böyük sevinclə onları doğma yurdlarına qovuşduran müzəffər lider İlham Əliyevin pişvazına çıxdılar, əziz qonaqlarını qarşılamağın fəxarətini yaşadılar, onu "Xoş gəlmisiniz, cənab Prezident!" deyərək sevinclə salamladılar.

Bu dəfə ağalılılar fəxrlə öz "ağıllı kənd"lərini İlham Əliyevlə, Mehriban xanımla birgə gəzdilər, oradakı xoşbəxt yaşamlarından danışdılar, sevinclərini bölüşdülər. "Qanlı gözyaşları ilə çıxmışdıq, sevinc gözyaşları ilə qayıtdıq", "Həsrətini çəkirdik. Prezidentimizin sayəsində biz torpaqlarımızda çox gözəl şəraitdə yaşayırıq", "Çox sağ olun, hər şeyə görə təşəkkür edirik. Belə gözəlliklərə, bizim qayğımıza qaldığınıza görə çox sağ olun, cənab Prezident. Bizə bu cür şərait yaratmısınız", - deyib minnətdarlıq etdilər...

 

Azad edilmiş torpaqlara ilk gələn uşaqlar

 

Oktyabrın 19-da Prezident İlham Əliyevin və Mehriban xanımın Şərqi Zəngəzurda 30 ilin ardından ilk dəfə məktəb zəngi səslənən təhsil ocağında,  Ağalı kənd orta məktəbində şagird-müəllim kollektivi ilə görüşüyaddaqalan oldu. Dövlət başçısı və xanımının əzəli torpaqlarımıza əbədi kök salmaq üçün dönən uşaqlarla bir-bir söhbət etmələri, onların gələcək peşələri ilə maraqlanmaları, tövsiyələr vermələri unudulmaz olaraq yaddaşlara köçdü.

"Ağalı birinci layihədir, sizazad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız" deyən İlham Əliyev vurğuladı ki, "şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər".

Bəli, 30 illik ağrı-acının ardından Qarabağ və Şərqi Zəngəzur xoşbəxt günlərə yol alıb. Buradakı yurdlarımıza yeni nəfəs verilir, həyat qaytarılır.

Artıq Ağalı sakinləri, ağalılı uşaqlar, bu yurdun doğma sakinləri öz torpaqlarında yaşamağa, qurub-yaratmağa gəliblər.   

Tezliklə ağalılılar kimi, digər işğaldan azad edilən bölgələrimizin də sakinləri əzəli torpaqlarına əbədi qayıdış edəcəklər, onlar da öz evlərində firavan həyat sürəcəklər.

Elə Ağalı sakinləri ilə görüşdə Prezident İlham Əliyevin dediyi kimi: "Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 23 oktyabr.- S.1; 4.