Ulu Öndərin yadigarı da uzunömürlü beynəlxalq neft-qaz sərgisidir

 

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG)  yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə hələ qəti bir söz demək mümkün deyildi. Danışıqlar davam edirdi. Bu zaman Ümummilli Lider Heydər Əliyev elə bir tədbirin keçirilməsinin  təşəbbüskarı və təşkilatçısı oldu ki,  o, həmin qlobal müqavilənin imzalanmasına dəstək verdi, yol açdı.

1994-cü il mayın 24-də Bakıda ilk dəfə beynəlxalq neft-qaz sərgisi keçirildi.  Azərbaycana gəlmiş xarici şirkətlər burada ölkəmizə olan maraqlarını ifadə etdilər.

Sərginin qədəmləri uğurlu oldu. İndi bu tədbiri "Əsrin müqaviləsi"nin müjdəçisi adlandıranlar heç də yanılmırlar. Çünki  növbəti illərdə keçirilən sərgilər də əməkdaşlıq və tərəfdaşlıq üçün yeni-yeni körpülər saldı. Həmin tədbirlərdə neçə-neçə layihələr üçün ideyalar yarandı.

Prezident İlham Əliyev həmin dövrü xatırlayaraq demişdir: "O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və hərbi böhran hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etmişdir, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdır. Yəni bütün bu amilləri nəzərə alsaq, bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi. Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək, müasir dövlətə çevrilmək istəyir. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə ölkəmizə xarici sərmayə qoyulmalı idi. Xarici sərmayə üçün ən cəlbedici sahə təbii ki, neft sahəsi idi".

İlk sərgi bizim üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. Onlardan biriodur ki, sərgidə Ulu  Öndər  Heydər Əliyev iştirak  etdi və həmişə olduğu kimi dərin məzmunlu  nitq söylədi.

İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. Sərgidə Azərbaycanın da neft sənayesi öz əksini tapmışdı. Ümummilli Lider Heydər Əliyevin xarici qonaqlarla səmimi görüşləri oldu. Ulu Öndər tədbirdəki çıxışında ölkəmizin neft sənayesinin keçdiyi şərəfli yoldan bəhs etdi, onun yeni mərhələ qarşısında olduğunu vurğuladı. Çıxışda deyilirdi ki, həmin vaxtadək Azərbaycanda 1 milyard 300 milyon tondan çox neftkülli miqdarda qaz çıxarılıb. Bununla belə, ölkənin yenə də böyük neftqaz yataqları var. Dünya təcrübəsində dənizdə neft çıxarılmasına ilk dəfə Azərbaycanda başlanıb. Xüsusilə son onilliklərdə neftqaz yataqlarında yeni texnikatexnologiyadan istifadə istiqamətində böyük işlər görülüb. Ümumiyyətlə, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir.

Ulu Öndər çıxışında onu da bildirmişdi ki, "neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır". Neftçilərimizin təcrübəsindən istifadə etmək üçün səylər birləşdirilməlidir. Azərbaycan xalqı yeraltı sərvətlərindən müstəqil şəkildə, ölkənin mənafeyinə uyğun istifadə olunmasına imkan verəcək. Bununla yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük marağı əməkdaşlığın zəruriliyini şərtləndirir. Siyasiiqtisadi əməkdaşlıq bu prinsip üzərində inkişaf edəcək.

Ulu Öndər özünəməxsus qətiyyət və nikbinliklə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neftqaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neftqaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".

Beləliklə, Xəzər neft-qaz sərgisinin də müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Ulu Öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi. O zaman qonşu respublikanın Azərbaycana qarşı apardığı müharibədə təzəcə atəşkəs elan olunmuşdu. Ölkədə iqtisadi böhran hökm sürürdü. Bir sözlə, Azərbaycan çox ağır günlərini yaşayırdı. 

Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. İlk dəfə keçiriləndə o, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Daha sonra "Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi" kimi tanındı. Üstəlik, hər il sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilməyə başladı. Neçə illərdir neft-qaz sərgisinin keçirildiyi günlərdə paralel olaraq energetika sərgisi də təşkil olunur.

Bu il paytaxtımız "Bakı Enerji" həftəsinə evsahibliyi etdi. Neft-qaz sərgisi bu tədbirin, belə demək mümkünsə, bazası sayılırdı.  Ümumiyyətlə, ötən illər ərzində   sərgi iştirakçılarının - dünyanın neft, qazenergetika sahəsində çalışan aparıcı mütəxəssislərin  görüş yeri dəyişməyib, onlar Bakıda bir araya gəliblər. Yalnız koronavirus pandemiyası ilə bağlı 2020-ci və 2021-ci illərdə tədbirin keçirilməsində fasilə yaranmışdı.

Sərgi keçirildiyi ilk vaxtlardan respublika rəhbərliyinin diqqət mərkəzində olub. Hər il Prezident İlham Əliyevin sərginin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Eləcə də bir sıra dövlətlərin rəhbərləri hər dəfə sərginin açılışı münasibətilə Prezidentimizə təbrik məktubları göndərirlər.

Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak etdi. İştirakçılar sırasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan şirkətləri özünə yer aldı.

İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana maraq azalmayıb, əksinə, əməkdaşlıq əlaqələri genişlənib, xarici investorların sərmayə yatırdıqları sahələr şaxələnib. Azərbaycan dünyaya etibarlı tərəfdaş kimi tanınıb.

Ulu Öndərin çoxsaylı möhtəşəm əsərləri sırasında neft-qaz sərgisinin öz yeri var. O, getdikcə böyüyür, şaxələnir və yeni-yeni səhifələrlə zənginləşərək əhəmiyyətini daha da artırır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 23 oktyabr.- S.1; 5.