Cavid sözünün qüdrəti
Hüseyn Cavid - 140
Ədəbi-ictimai fikir tariximizin
parlaq dühalarından olan, mütəfəkkir şair və
dramaturq Hüseyn Cavidin dünyaya gəlməsinin 140-cı
ildönümü tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə 24 sentyabr 2022-ci il tarixdə "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda böyük şairin irsinə yüksək qiymət verilir və xüsusi vurğulanır ki, Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır: "Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir".
Yaradıcılıq yoluna XX əsr Azərbaycan romantizminin təmsilçilərindən biri kimi başlamış Hüseyn Cavid həyat və yaradıcılığı ilə zamanın fövqünə yüksəlmiş, onun nəsillər üçün örnək sayılacaq ömrü, taleyi, ən ağır şərtlər qarşısında belə öz ideyalarına, prinsiplərinə sadiqliyi keçmişimizin, bu günümüzün və gələcəyimizin şərəfli salnaməsinə çevrilmişdir.
Müasirlərinin də, sonrakı nəsillərin də böyük rəğbət və ehtiram hissi ilə Cavid Əfəndi deyə xitab etdikləri bu böyük şair o sənətkarlardandır ki, onun əsərləri olmasaydı, ədəbiyyatımızda böyük bir boşluq görünərdi. Hüseyn Cavid əbədiyyət ətirli misraları, dərin hikməti və fəlsəfi poeziyası ilə bu zəngin ədəbi məkanda öz yerini şərəflə tutur. O, bütün yaradıcılıq fəaliyyəti ərzində həqiqəti, insanpərvərliyi, gözəlliyi, saf niyyətləri, xeyirli əməlləri tərənnüm etmişdir. Xeyirə nə qədər işıqlı xəyallar bəsləyirdisə, şərin və pisliyin məhvinə bir o qədər qəzəblənir və bunu aydın şəkildə əsərlərində ifadə edirdi.
Şeirlərinin böyük bir qismini təxminən bir əsr əvvəl yazıb-yaratsa da, onlar sanki şairin indicə qələmindən süzülmüş kimi canlı və hərarətlə doludur, günümüzün ən aktual problemləri ilə səsləşir, insana, onun duyğularına, bəşər övladının narahat düşüncələrinə işıq salır. Öz nəfəsi, öz səsi və öz ahəngi olan sənətkar humanist ideallar uğrunda mübarizəyə çağırış edən poemaları, tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoymuşdur. Müxtəlif insan xarakterlərilə zəngin olan, neçə-neçə nəslin bədii-estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində "Cavid teatrı" kimi mühüm yer tutur. Hüseyn Cavid təkcə Azərbaycan şeirində deyil, ümumən dünya poeziyasında bir meyardır. Bu qüdrətli sənətkarın misralarını oxuyub onlardakı fikir yükünü, poetik hissləri ruhuna hopdurduqca əsl poeziyanın, əsl şairin necə olması barədə yaranan qənaətlərinlə, ədəbi zövqünlə ən ədalətli müqayisə imkanlarına malik olursan. Hüseyn Cavidin böyüklüyü də elə bundadır!
"Məktəbi-tərbiyə" şagirdi
Hüseyn Cavid Rasizadə 1882-ci ilin 24 oktyabrında Naxçıvan şəhərində ruhani ailəsində dünyaya göz açıb. Ata-anası Naxçıvana məşhur Şahtaxtı kəndindən köçüb gəlmişdilər. Ailədə Hüseyn Caviddən başqa dörd qardaşı və üç bacısı böyüyürdü. Atası Molla Abdulla oğul övladlarını ruhani görmək istəyirdi və Hüseynin böyük qardaşları bu məqsədlə dini təhsil alırdılar. Hüseyni də mollaxanaya qoymuşdular. Amma burada tədris edilən dərslər qəlbi yaradıcılıq eşqi ilə dolub-daşan bir yeniyetmə üçün o qədər də maraqlı gəlmirdi.
Həmin vaxt Naxçıvanda "Məktəbi-tərbiyə" adlı yeni üsullu tədris müəssisəsi açılmışdı və qısa müddətdə bu təhsil ocağının şöhrəti xeyli yüksəlmişdi. Naxçıvandakı yenilikçi ailələr övladlarını əsasən bura qoyurdular. Məktəbin yaradıcısı və əsas pedaqoqlarından biri o dövrün görkəmli maarifçi-yazıçısı və şairlərindən olan Məhəmməd Tağı Sidqi idi. Hüseyn "Məktəbi-tərbiyə"də təhsil almağı çox arzulayırdı. Amma atası mühafizəkar fikirli olduğundan və oğlunu gələcəkdə ruhani görmək niyyətini qətiləşdirdiyindən onu razı salmaq o qədər də asan deyildi. Vəziyyəti belə görən Hüseyn Cavid 14 yaşında mollaxanadan qaçır və "Məktəbi-tərbiyə"yə daxil olur. Molla Abdulla oğlunun bu hərəkətindən qəzəblənir, ona məktəbə getməyi qadağan edir. Hüseyn baş verənləri sevimli müəllimi Sidqiyə danışır. Yalnız Məhəmməd Tağı Sidqinin müdaxiləsindən, Hüseyn Cavidin çalışqan, istedadlı bir şagird olmasına atasını inandırmasından sonra çətinliklə olsa belə, Molla Abdullanı inadından döndərmək mümkün olur. Gələcəyin böyük şairi təhsilini "Məktəbi-tərbiyə"də davam etdirir. Burada dünyəvi elmlərə yiyələnir. Eyni zamanda böyük qardaşı Şeyx Məhəmmədin köməyi ilə ərəb və fars dillərinə də vaqif olur.
Yaradıcı fikrin ilk
nümunələri
1898-ci ildə o, "Məktəbi-tərbiyə"ni uğurla başa vurub təhsilini davam etdirmək istəyir. Amma həmin vaxt şiddətli göz ağrısından əziyyət çəkməsi bu arzusuna mane olur. Atası onu müalicə üçün Təbrizə göndərir və tapşırır ki, orada dini təhsil alsın. Hüseyn Cavid isə müalicədən sonra Təbrizdə yaşadığı illərdə daha çox dil biliklərini dərinləşdirir, Şərq ədəbiyyatı, fəlsəfəsi ilə maraqlanır. O, həm də "Talibiyyə" mədrəsəsinin müdavimi olur.
23 yaşında ikən o, ali təhsil almaq məqsədilə İstanbula gedir. İstanbul darülfününün dil-ədəbiyyat şöbəsinə daxil olub dörd il burada təhsil alır. Dil-ədəbiyyat dərsləri ilə yanaşı, fəlsəfə tarixi ilə də ciddi şəkildə maraqlanır. Elə Cavid təxəllüsünü də orada götürür, həmin təxəllüslə "Kiçik bir lövhə", "Şeir məftunu", "Dəniz pərisi", "Son baharda" və s. bu kimi ilk şeirlərini yazır.
Ali təhsilini tamamladıqdan sonra Naxçıvana qayıdıb müəllimlik fəaliyyətinə başlayır. Əvvəlcə Naxçıvanda, sonra Tiflisdə, Gəncədə, Bakıda müxtəlif məktəblərdə dil-ədəbiyyat fənnindən dərs deyir. Eyni zamanda bədii yaradıcılığını davam etdirir. Əgər 1910-cu ilə qədər Hüseyn Cavid əsasən lirik şeirlər yazırdısa, 1910-cu ildən sonra dram əsərləri ilə də tanınmağa başlayır. Həmin il bitirdiyi birpərdəli "Ana" və dörd pərdəli "Maral"ın ardınca "Şeyx Sənan" mənzum faciəsi üzərində işləyir. O, əlinə qələm aldığı gündən həyatın səsinə qulaq asır, kamil və təmiz bir üslubda saf insan duyğularını, fərdin arzuları ilə cəmiyyətin tələbləri arasındakı ziddiyyətləri açıb göstərir. Mübariz bir ovqat yaşayırdı onun əsərlərində. H.Cavid poeziyasında romantika ilə realizm heyrətamiz bir vəhdət təşkil edir. Professor Yaşar Qarayev yazırdı ki, H.Cavid bir şair kimi orijinaldır, təkraredilməzdir, yalnız özünə, öz sənətinə xas olan poetik ifadə və vasitələrin müəllifi kimi çox uğurlu bir dəst-xətə malikdir.
Şairin 1905-ci ildən sonra yazdığı şeirlərdən mətbuat səhifələrində ancaq bir neçə nümunə işıq üzü görmüşdür. 1913-cü ildə Hüseyn Cavid 1905-1912-ci illər arasında yazılmış şeirlərinin müəyyən bir qismini "Keçmiş günlər" adlı ilk kitabında Tiflisdə nəşr etdirir. Bundan bir neçə il sonra, 1917-ci ildə isə Bakıda şairin "Bahar şəbnəmləri" adlı ikinci kitabı işıq üzü görür. Hüseyn Cavidin narahat ruhu, ideya axtarışları bu nəşrlərdə toplanmış şeirlərində daha çox hiss olunur. Bu kitablarda şair müxtəlif mövzularda 50-yə qədər şeirini oxuculara təqdim edir.
"Mənim Tanrım gözəllikdir, sevgidir..."
1916-1917-ci illərdə Cavid "Şeyda", "Uçurum" dramları üzərində çalışır. 1918-ci ildə Bakıya gələrək burada daimi məskunlaşır. Onun "İblis" əsərinin yaranma tarixi də təxminən bu dövrə təsadüf edir. Həmin vaxtda şair bir sıra lirik və epik şeirlərini də yaradır. Bakıda müəllim kimi fəaliyyət göstərdiyi illərdə o, bir-birinin ardınca "Afət" (1922), "Peyğəmbər" (1922), "Topal Teymur" (1925) dramlarını ərsəyə gətirir. Sonrakı dövrlərdə isə "Dəli knyaz" (1929), "Telli saz" (1930), "Səyavuş" (1933), "Şəhla" (1934), "Xəyyam" (1935), "İblisin intiqamı" (1936) və iki min misradan ibarət olan "Azər" poemasını, eləcə də başqa əsərlərini oxuculara təqdim edir.
Hüseyn Cavidin 1905-1909-cu illər arasında yazdığı şeirlərin çoxu əsasən məhəbbət lirikası olmaqla gözəllikdən, sevgidən bəhs edirdi. Bu, "gözəlliyi, sevgini özünə müqəddəs məbud seçmiş" və bütün yaradıcılığını gələcəkdə də dünyada mənəvi gözəlliklərin yaradılmasına, insanların pis əməllərdən əl çəkib, İblisin felindən qurtulub bir-birinə sevgi bəsləməsi məramına sərf etmiş şairin yaradıcılıq manifesti idi.
1909-cu ildən sonra isə Cavidin yaradıcılığında ictimai-siyasi motivlər aparıcı yer tutmağa başlayır. Bakı, Tiflis və qismən də Naxçıvanda yazdığı "Öysüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bu gün", "Qadın", "Görmədim", "Vərəmli qız", "Məsud və Şəfiqə" kimi əsərlərində şair sadə insanların ağır, keşməkeşli həyatını, fərdi faciələrini təsvir edir, bu insan taleləri fonunda dövrün ziddiyyətli mühitini canlandırır. Bu şeirlərin, demək olar ki, hamısının lirik qəhrəmanları pərişan xəyallar, acı düşüncələr, ağır xatirələrlə yaşayan məsum insanlardır. Bu şeirlərində Cavid belə bir qənaətə gəlir ki, dəyərlərin olmadığı cəmiyyətdə namuslu insanların həyatı başdan-başa faciədir, yoxsul, məhkum fərdin rifah və səadət axtarışları əbəsdir.
Həqiqət axtarışı
Bu şeirlərində şairin ictimai-fəlsəfi baxışlarındakı dərin ziddiyyətlər, onun tarix və cəmiyyət hadisələrinə idealist münasibəti də ilk baxışdan nəzərə çarpır. Eyni meyilləri Cavidin "Məsud və Şəfiqə" əsərində, "Ana" və "Maral" dramlarında da müşahidə edirik. Böyük şairin 1912-1914-cü illərdə müəyyən fasilələrlə qələmə aldığı "Şeyx Sənan" faciəsində isə daha bir istiqamət aparıcı xarakter daşımağa başlayır. Bu, Cavidin cəmiyyəti inkişafdan saxlayan, mütərəqqi meyillərin cəmiyyət həyatına daxil olmasına əngəllər törədən dini fanatizmə qarşı mübarizəsidir. O dövrün əksər maarifpərvərlərini birləşdirən bu mübarizə yolunda Cavid Əfəndi də öz üslubu, söz silahı, şeirinin, sənətinin özünəməxsusluğu ilə çıxış edirdi. Amma "Şeyx Sənan" əsərinin ideyası etiqadsızlıq, ateist düşüncə, Allah ideyasına qarşı inamsızlıq da aşılamırdı. Şeyx Sənan dinsiz bir qəhrəman deyildir, o, pərəstiş etmək üçün ideal bir həqiqət axtarışındadır. Elə bir həqiqət ki, insanı alçaltmasın, yüksəltsin, onları bir-birindən ayırmasın, aralarında nifaq salmasın, əksinə, bir-birinə yaxınlaşdırsın, sülhün, birgəliyin təməlinə çevrilsin, miflərə deyil, ağlın dəlillərinə əsaslansın. Qəhrəmanlarının faciəli taleyi ilə Cavid oxucusunu əsərin ümumi qayəsi barədə özü nəticə çıxarmağa səsləyir.
Şair "Şeyda" əsərində XX əsrin əvvəllərindəki neft Bakısının sosial-iqtisadi mühitini bütün ziddiyyətli məqamları ilə, insan taleləri fonunda parlaq boyalarla canlandırmışdır. Mətbəə işçilərinin həyatından bəhs edən pyesdə real mübarizə yollarını tapa bilməyən insanların faciəsi ümumiləşdirilib. 1919-cu ildə yazdığı "Uçurum" əsərində isə Hüseyn Cavidin İstanbuldakı dörd illik təhsil müddətində yaxından bələd olduğu gənc türk ziyalılarının mühitinə, düşüncələrinə, həyat və məişətinə, dəyərlərinə münasibətini görürük. Burada dramaturq süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini poetik boyalarla təsvir etmişdir.
"Əsrin müstəbid övladları"
1918-ci ildə Cavid yaradıcılığının, demək olar ki, zirvəsində qərar tutan əsərlərindən birini - "İblis" faciəsini yazır. "İblis" müharibə əleyhinə yazılmış bir əsərdir. Böyük dövlətlərin, dünyaya hakimlik iddiasında olan güclərin törətdikləri müharibələrin dəhşətləri, bu müharibələrin saysız-hesabsız sadə insanların həyatına gətirdiyi ağır faciələr Cavidi həmişə narahat edirdi. Hələ Birinci Dünya müharibəsinin ilk illərində qələmə aldığı "Məzlumlar üçün", "Qüruba qarşı", "Hərb və fəlakət" əsərlərində şair ədalətsiz müharibəyə qarşı kəskin nifrətini bildirmişdir. Bu dövrdə Cavidə bir həqiqət də bəlli idi ki, müharibələrin əsas səbəbləri üz-üzə duran fərqli dünyagörüşlərində, insanlar arasındakı irqi, dini, milli fərqlərdə deyil, öz maraqları naminə bu fərqlərdən xalqları, toplumları bir-birinə qarşı qoymaqdan ötrü istifadə edən, onlar arasında qanlı münaqişə yaradan, milyonlarla insanın faciəsinə səbəb olan güc mərkəzlərinin, böyük dövlətlərin iddialarıdır. Şairin öz təbirincə desək, əsrin müstəbid övladlarıdır.
İblis mövzusu ədəbiyyatda çox işlənmişdir. Tədqiqatçıların yazdıqlarına görə, Hüseyn Cavidin İblis surəti də ənənəvi, fantastik surətdir. Bu əsərdə İblis bir tərəfdən sərvət naminə aparılan müharibələrin məkrli niyyətlərini ifşa etmək, digər tərəfdən isə dövrün təlatümləri qarşısında özünü itirmiş insanların ağır durumunu, daxili təbəddülatlarını göstərməkdən ötrü bir vasitədir. Şair insanların bir-birinə qarşı qəddar münasibətinə son qoyması üçün yalnız bir yol bilir. O da məhəbbət fəlsəfəsidir, insanların bir-birini sevməsidir, hətta düşmənin belə öz düşmənini bağışlayıb əfv etməyə özündə güc tapmasıdır.
"İblis"in insanpərvərlik ideyalarına malik qəhrəmanları XX əsrin "müstəbid övladlarının" amansızlığına, müharibə ideyalarına qarşı çıxırlar.
Xarakterlər dramı
"Ana", "Maral", "Şeyx Sənan" əsərləri kimi "İblis" dramı da xarakterlər, ehtiraslar dramıdır. Bu əsərdə də müsbət və mənfi obrazların qarşılaşması bir-birinə zidd görüşlərin çarpışması şəklində ortaya çıxır. Ədəbiyyat nəzəriyyəçiləri göstərirlər ki, bunların mənbəyi müəyyən ideya və anlayışlarda, həyata fərqli baxışlardadır. Hüseyn Cavidin dramaturgiyasında qədim və Orta əsrlər dramlarına xas olan xəyali ünsürlər də xüsusi yer tutur. Bu ünsürlər müxtəlifdir. Bəzən onlar mövhumi surətlər şəklində, bəzən kabuslar, ruhlar, ölülərin canlanması şəklində, bəzən də sayıqlamalar, yuxuda görülən hadisələr formasında ortaya çıxır.
Sovet hakimiyyəti illərində yazdığı "Afət" (1922) faciəsi də Cavidin yaradıcılığında xüsusi yer tutur. Burada kübar cəmiyyətinin meşşan əxlaqının mənəvi puçluğu əks olunmuşdur. Onun "Peyğəmbər" və "Topal Teymur" dramlarının özünəməxsusluğu isə ondadır ki, hər iki əsərdə Cavid ilk dəfə tarixi şəxsiyyətə, tarixdən alınmış hadisələrə müraciət etmiş və mövzuya müasir mövqedən yanaşmışdır. Orasını da qeyd edək ki, bu dramlar zamanında Cavidin ən çox hücumlara məruz qalmış və faciəli taleyində böyük rol oynamış əsərlərdir. Belə ki, bədxahları Cavid əfəndini Teymurləng kimi bir fatehi və Məhəmməd peyğəmbəri ideallaşdırmaqda günahlandırırdılar. Təhrif olunmuş şəkildə ortaya qoyurdular. Əslində isə "Topal Teymur"un qayəsi tiranlığın tənqidindən ibarətdir. "Peyğəmbər" əsərində isə insanın öz mənəvi gücü ilə müqəddəslik mərtəbəsinə yüksəlmək imkanlarına malik olması ideyası təlqin edilir.
Onun 1929-cu ildə qələmə aldığı "Knyaz" dramı müasirliyə daha yaxındır. Bu əsərdə azad sevginin və pak mənəviyyatın aparıcılığını görürük. Şərq ədəbiyyatının parlaq simalarından Əbülqasım Firdovsinin anadan olmasının min illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə iştirak edən Hüseyn Cavid 1933-cü ildə "Səyavuş"u başa çatdırmışdır. Firdovsinin "Şahnamə" dastanının motivləri əsasında qələmə alınmış bu əsərdə insanlar arasındakı münasibətlərin yaxınlaşdırılması yollarındakı maneələrin aradan qaldırılmasından bəhs edilir. Şairin 1935-ci ildə yazdığı "Xəyyam" dramında isə Şərqin böyük şair və mütəfəkkirlərindən Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir romantik qəhrəman canlandırılır. Qanlı-qadalı repressiya rejiminin başlanması ərəfəsində irəli sürülən bu ideya xeyirlə şərin əzəli-əbədi mübarizəsinin yeni şəraitdəki əks-sədası kimi səslənirdi.
Böyük şairin "Azər" poeması 1920-1937-ci illər arasında yazılmışdır. Bu epopeyada Hüseyn Cavidin fəlsəfi fikirləri bir küll halında toplanmışdır.
Əbədiyyət ömrünün
davamı
Sosializmin "nailiyyətlər"indən mənasız əsərlər yazmağı öz qələminə rəva görməyən, dövrün məqam sahiblərini mədh etməkdən qətiyyətlə boyun qaçıran Hüseyn Cavidin buna görə qəzəbə gəlməsi, repressiyaya məruz qalıb Sibir buzlaqlarına, Maqadana sürgün edilməsi və 5 dekabr 1941-ci ildə - ömrünün yaradıcılıq üçün ən kamil dövründə kimsəsiz, pasibansız bir durumda vəfat etməsi ictimai fikir tariximizin nə qədər ağır sınaqlardan keçdiyini, bu tarixi yaratmış insanların nə qədər çətin şərtlərlə üz-üzə olduqlarını, amma bütün məşəqqətlərə rəğmən yenə də prinsiplərindən geri çəkilmədiklərini göstərir.
Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətənimizə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması, adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir. Bu gün də Hüseyn Cavid kimi şəxsiyyətlərimizin xatirəsinə göstərilən ehtiram, sevgi onların yarıda qırılmış talelərinin böyük təsəllisi, əbədiyyət ömrünün davamıdır.
İradə ƏLİYEVA
Azərbaycan.-
2022.- 23 oktyabr.- S.1; 12.