Strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib

 

İlham Əliyevin Gürcüstana səfəri ikitərəfli münasibətlərə yeni təkan verdi

 

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi. Dövlət başçımızın səfəri qonşudost ölkələr arasındakı münasibətlərin inkişafına müsbət impuls verdi. Bu, İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəri oldu. Bundan öncə Prezident qonşu ölkəyə bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.

Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluqtarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

 

Qarşılıqlı etimada əsaslanan münasibətlər

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparıldı.

Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır. İki ölkəni birləşdirən yalnız tarixigeosiyasi amillər deyil, həm də strateji maraqlardır.

Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri ikitərəfli əlaqələrin yeni bir səviyyəyə qalxdığını təsdiq edir. Bu gün regionda yaranmış yeni reallıqlar və dünyada gedən mürəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırıb.

Artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar. Azərbaycan-Gürcüstan münasibətləri faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. İki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir.

İkitərəfli münasibətləri dəyərləndirərkən İlham Əliyev dedi ki, bu münasibətlər çox dərin ənənələr üzərində qurulub və əsrlərboyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar.

Dövlətlərarası əlaqələr də həmçinin bu möhkəm təməl üzərində qurulub.

Dövlət başçısı vurğuladı ki, strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki iki dost ölkə bir çox sahə üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, həm də  ikitərəfli formatda. Bir çox önəmli layihə təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

 

Bu ilin 8 ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötüb

 

İqtisadi əlaqələrə gəlincə isə İlham Əliyev öncə Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələri dəyərləndirdi və qeyd etdi ki, bunlar ikitərəfli əməkdaşlığı daha da gücləndirir.

Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Prezident dedi ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

2022-ci ilin 9 ayı ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, iqtisadi sahədəki əməkdaşlığın getdikcə daha çox sahəni əhatə etməsi qarşılıqlı münasibətlərin dinamik inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir.

2021-ci ildə Gürcüstan Azərbaycanın səkkinci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 558 milyon dollar ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötüb. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb.

Prezident həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılacağını da diqqətə çatdırıb: "Biz bunu 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstanqonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var".

Dövlət başçısının vurğuladığı kimi, yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır: "Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır".

Hazırda enerji resurslarına bütövlükdə dünyadaAvropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Bu da onu göstərir ki, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçündünya üçün çox əhəmiyyətlidir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə vurğuladı ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki dost ölkənin reallaşdırdığı tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yoluOrta dəhliz layihələri bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

Baş nazir onu da vurğuladı ki, Gürcüstan İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü də birmənalı şəkildə dəstəkləyir.

 

Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri...

 

Səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi də müzakirə mövzusu oldu. İlham Əliyev vurğuladı ki, artıq Azərbaycan Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Çünki ölkəmiz regionda sülhün, təhlükəsizliyin təmin olunmasını istəyir: "Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq".

Bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bölgədə hələ də davam edən gərginlik qəbuledilməzdir. Ermənistan tezliklə sülh müqaviləsi imzalamalı və regionumuzda yeni inkişaf mərhələsi başlamalıdır. Ermənistan yalnız bu halda bölgəyə inteqrasiya edər və inkişafa qədəm qoyar. Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün örnək olmalıdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ermənistan bu layihələrə qoşulmaq istəyirsə, sülh sazişinə imza atmalıdır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-26 oktyabr.- S.1; 3.