Qətiyyətlə reallaşdırılan milli ideya

 

Qarabağ və Zəngəzurda həyata keçirilən bərpa işləri möhtəşəm və qürurvericidir

 

30 ilə yaxın işğal altında qalan, dağıdılan, talan olunan yurd yerlərimiz bu gün sürətlə bərpa olunur, yenidən dirçəlir. Torpaqlarımızın azadlığa qovuşmasını təmin edən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə həyata keçirilən quruculuq işləri olduqca möhtəşəm və qürurvericidir. Vətən müharibəsindəki zəfərin təntənəsi indi quruculuq meydanında yaşanır.

 

Kompleks və əzəmətli quruculuq işləri

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası bu gün Azərbaycanın milli ideyasıdır. Təsadüfi deyil ki, bu torpaqlarda həyata keçirilən quruculuq işləri dövlətimizin əsas prioritetləri sırasında yer alır. Görülən işlərlə yerindəcə tanış olmaq üçün Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş rayonlarımıza səfəri bunları təsdiq edir. 2023-cü ilin dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə 3 milyard manatın ayrılmasının proqnozlaşdırılması da ondan xəbər verir ki, azad olunmuş ərazilərimizin bərpası prioritet vəzifələr sırasında yer alır.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri isə əlamətdar hadisələrlə yadda qalır. Bu baxımdan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri yeni layihələrin təməllərinin qoyulması ilə əlamətdar oldu. Bu səfər zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun bir hissəsinin istifadəyə verilməsi, Cəbrayıl və Qubadlıda 35 kilovoltluq yarımstansiyaların və rəqəmsal idarəetmə mərkəzlərinin, Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlinin qoyulması, Arximed turbini tipli su-elektrik stansiyasının işə salınması, həmçinin  "Cəbrayıl" Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi, "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq azad olunmuş ərazilərimizin bərpasının nə qədər əhatəli olmasından xəbər verir.

Səfərin ən yaddaqalantarixi məqamlarından biriPrezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı kəndində yerli sakinlərlə görüşü oldu. Bəli, artıq keçmiş məcburi köçkünlər ölkə rəhbərliyini öz evlərində, yurdlarında qarşılayırlar…

 

İlham ƏLİYEV: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir"

 

Oktyabrın 20-də Zəngəzurun quruculuq tarixində növbəti möhtəşəm hadisə baş verdi. Həmin gün istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın quruculuq əzminin növbəti qürur doğuran təcəssümü oldu. Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının təməli ötən il aprelin 26-da qoyulmuşdu. Qısa müddətdə bu hava limanının istifadəyə verilməsi həm də onu təsdiq etdi ki, işğaldan azad olunmuş ərazilərimiz meqalayihələr əsasında bərpa olunur.

Hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə göstərdi ki, uğurlarımıza sevinən qardaş dövlət hər zaman olduğu kimi, bu gün  Azərbaycanın yanındadır. Bu, Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərimizə üçüncü səfəri idi. Bundan əvvəl Türkiyə Prezidenti ötən il ilk dəfə iyunun 15-də Şuşaya səfər etmişdi. 2021-ci il oktyabrın 26-da işğaldan azad olunmuş ərazilərimizə növbəti səfərində Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda "Dost Aqropark"ın təməlinin qoyulmasında iştirak etmiş, Ağalı kəndində həyata keçirilən işlərlə tanış olmuşdu.

Budəfəki səfərində Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının, "Dost Aqropark" "ağıllı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılış, Cəbrayıl rayonu ərazisində yaradılacaq  "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksi, Qumlaq stansiyasının təməlqoyma mərasimlərində iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngəzura səfəri həm də iki qardaş dövlətin regionda yaratdıqları reallıqları qəbul etmək istəməyənlərə bir mesaj oldu. "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldubu həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır", - deyə Prezident İlham Əliyev Cəbrayıl şəhərində mətbuata birgə bəyanatında bildirib.

Beləliklə, bir il əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Azərbaycan və Türkiyə prezidentləri bu dəfə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Bir il əvvəl Zəngilanda "Dost Aqropark"ın təməlini qoyan prezidentlər bir il sonra onun birinci mərhələsinin açılışında iştirak etdilər. Görünən həm də odur ki, Vətən müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasında da ölkəmizin yanındadır. İki qardaş dövlətin atdığı birgə addımlar isə regionda yalnız və yalnız sülhə və əməkdaşlığa xidmət edir

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 26 oktyabr.- S.1-2.