Qarabağın ilk "hava qapısı"nın qürurlu bir ili

 

Cəmi 8 aya inşa edilən strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı bölgəyə rahat gediş-gəlişi təmin edir

 

Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır. İllərlə işğalda olan, viranə qoyulan torpaqlarımız yenidən qurulur, bərpa edilir, o torpaqlara yeni nəfəs verilir. Azad edilən hər qarış torpağımızda görülən işlər illərin ağrı-acısını geridə qoyaraq bizi Böyük qayıdışa səsləyir.

İşğaldan azad olunan ərazilərin infrastrukturunun qurulması, orada yol şəbəkəsinin salınması, "ağıllı şəhər" və "ağıllı kənd"lərin reallaşdırılması ilə yanaşı,  bölgədə hava limanlarının açılmasının da böyük əhəmiyyəti var idi. Paytaxtla əlaqələrin daha intensiv olması, yükdaşımaların sürətli həyata keçirilməsi, regionun turizm potensialını nəzərə alaraq gələcəkdə həm yerli, həm də xarici turistlərin rahat gediş-gəlişini təmin etmək, eyni zamanda sənayenin inkişafı ilə əlaqədar məhsulların daşınması istiqamətləri düşünülərək belə bir addım atıldı.

2021-ci ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa edildi. Həmin il oktyabrın 26-da isə tarixi hadisə yaşandı: Prezident İlham Əliyev Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın "hava qapısı"nın açılışını etdi. 

 

Köhnə aeroportun yerində tikilən müasir beynəlxalq hava limanı

 

İşğaldan əvvəl Füzulidə yerli əhəmiyyətli hava limanı fəaliyyət göstərirdi.  Lakin işğal illərində digər rayonlarımız kimi heç bir şeydən əsər-əlamət qalmayan Füzulidə aeroport da dağıdılmışdı. Yeni beynəlxalq hava limanı da elə köhnə aeroportun yerində tikildi.

Qarabağın ilk hava yolu olan Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir səviyyədə inşa olunan hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq normastandartlara uyğun şəkildə həyata keçirilib.  Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib ki, bu da  aeroportda  ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb.

Ötən ilin sentyabrında Füzuli Beynəlxalq Hava Limanı  ilk sərnişin təyyarəsini qəbul etdi. İstismara verilməsindən əvvəl, Bakıdan uçan AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportunda eniş etdi. Həmin gün eyni zamanda  "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 tipli təyyarə də bu hava limanına enib. Bununla da Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

 

Füzuli Beynəlxalq Hava Limanı kifayət qədər strateji əhəmiyyətə malikdir

 

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib. Onun sözlərinə görə, ötən bir ildə xüsusən Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub.

Deputat qeyd edir ki, həm sərnişin, həm də yükdaşımaları baxımından kifayət qədər əlverişli mövqedə yerləşən aeroportdan növbəti dövrlərdə də istifadə olunacaq: "2023-cü ildə hava limanının imkanından istifadə olunması nəzərdə tutulur. Sözsüz ki, dövrü reyslərin təşkil olunması Füzuli şəhərində məskunlaşmadan sonra həyata keçiriləcək".

Vüqar Bayramov bildirir ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq həm yaşayış binalarının, həm də sosial-inzibati obyektlərin inşası həyata keçirilir. 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir. Deputat deyir ki, məskunlaşmadan sonra mütəmadi, cədvəl üzrə reyslər həyata keçiriləcək. Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək: "Ötən bir il göstərdi ki, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir, işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsinə baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub. Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir".

 

Füzuli aeroportunun 8 aya istifadəyə verilməsi ölkəmizin gücünü göstərir

 

Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edir ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövləti azad edilmiş torpaqlarında abadlıq və quruculuq işlərinə başlayıb. Xaricdən gələn qonaqlar Şuşa və digər ərazilərimizdə Azərbaycan dövlətinin qısa zaman ərzində apardığı quruculuq işlərini görüb heyrətə gəlirlər. Xarici diplomatlar, jurnalistlər Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olduğunu qeyd edirlər. Azərbaycanın dünyada artan siyasi nüfuzunun, gücünün arxasında onun dayanıqlı iqtisadiyyatı dayanır.

Deputat deyir ki, Azərbaycan məhz malik olduğu güclü iqtisadiyyat nəticəsində işğaldan azad edilmiş şəhər və kəndlərin heç bir dövlətdən, beynəlxalq təşkilatdan kredit almadan öz hesabına bərpa edir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir.

Kamilə Əliyeva xatırladır ki, ötən il oktyabrın 26-da cəmi 8 aya tikilən beynəlxalq statusa malik Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən bir il ötür. Üstündən bir il keçməmiş ikinci hava limanının istifadəyə verilməsi ilk növbədə ölkəmizin gücünü göstərir.  Deputat deyir ki, Füzuli və Zəngilan hava limanları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına, eləcə də gələcəkdə əsrarəngiz təbiəti olan bu ərazilərə xarici turistlərin səfər etmələrinə böyük töhfə verəcək. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir il əvvəl Füzuli Beynəlxalq Hava Limanının, bir neçə gün öncə Zəngilan Beynəlxalq Hava Limanının açılışında böyük nümayəndə heyəti ilə iştirakı Türkiyənin hər zaman Azərbaycanın yanında olmasını bütün dünyaya nümayiş etdirdi. Hələ Vətən müharibəsi başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu, digər dövlətlərin Azərbaycana siyasi və hərbi təxribat törədəcəyi halda qarşılarında Türkiyəni görəcəklərini demişdi: "Türkiyə Prezidentinin işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə, eləcə də Füzuli və Zəngilana səfərlərini dünya liderləri, eləcə də Ermənistan və havadarları diqqətlə izləyirdi. Azərbaycanın və Türkiyənin  dövlət başçılarının, xalqlarının dost, qardaş münasibətləri, hər iki dövlətin bayrağının bir yerdə dalğalanması dostlarımızı sevindirir, düşmənləri isə qorxuya salır".

Azərbaycanın 44 günlük haqq savaşındakı şanlı zəfəri ölkəmizin dünyada nüfuzunu artırmaqla yanaşı, üzümüzə yeni qapılar açdı. Vətən müharibəsindəki qələbədən sonra bölgədə yeni reallıqlar yaradan dövlətimiz regional nəqliyyat mərkəzinə çevrilir. Azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını da artırır. Qarabağın "hava qapısı" hesab edilən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də ölkəmizin nəqliyyat və kommunikasiya şəbəkəsinin sürətli inkişafının real göstəricisidir.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-26 oktyabr.- S.3.