Dostluq yalnız sözdə yox, əməldə də olmalıdır

 

Təəssüf ki, İranın bəzi dairələrindən bunu görmürük

 

İranın bəzi dairələrinin münasibətlərə kölgə salan davranışlarına baxmayaraq, Azərbaycan cənub qonşusuna hər zaman dost əlini uzadıb.

Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Cəbrayıla və Füzuliyə səfər edən Prezident İlham Əliyev Azərbaycan-İran sərhədini "dostluq sərhədi" adlandırıb. Lakin son günlər İranın bəzi dairələrinin ölkəmizə qarşı sərgilədiyi qeyri-səmimi münasibət təəssüf doğurur. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə dostluğunun əməldə yox, sözdə olduğunu göstərir.

Xatırladaq ki, Azərbaycanın İranla sərhədinin 132 kilometrlik hissəsi 30 ilə yaxın işğal altında olub. Yəni sərvətlərimizin, milli-mədəni irsimizin vəhşicəsinə talan edilməsinin, xalqımıza qarşı törədilmiş erməni cinayətlərinin elə ən böyük şahidi də İrandır.

Lakin illər sonra doğma torpaqlarına qayıdan Azərbaycanın uğurlu inkişaf yolu, sülhə və əmin-amanlığa töhfə verən addımları İranın bəzi dairələrini nədənsə ciddi narahat edir.

 

Beynəlxalq prinsiplərdən uzaq olan qonşuluq siyasəti

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və postmüharibə dövründə davamlı hərbi-siyasi uğurları bölgənin geostrateji sistemini köklü şəkildə dəyişib: "Prezident İlham Əliyev işğala son qoyaraq beynəlxalq hüququn aliliyini təmin edib,  regionun rifahına xidmət edən münbit geosiyasi şəraitə nail olub. Yeni situasiyada aparıcı güc, o cümlədən reallığın qarantı kimi Azərbaycan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə rəsmiləşən Bakı-Ankara strareji müttəfiqliyi  çıxış edir. İran bölgəyə sağlam niyyətlə yanaşmadığı üçün Azərbaycanın artan nüfuzu Tehranın maraqları ilə üst-üstə düşmür. İran sadəcə əzələ nümayişi ilə nələrəsə nail olmaq istəyir. Sərhədboyu təlimlər və digər təxtibat xarakterli addımlar da məhz bu çərçivədə atılır".

B.Məhərrəmov deyib ki, İranın daxilində başlanan xalq hərəkatı, hüquq və azadlıq mücadiləsi fonunda onlar diqqəti Azərbaycan və Türkiyə sərhədlərinə yönəltməklə daxili  gərginliyi azaltmağı planlaşdırırlar: "Rəsmi Tehran başa düşməlidir ki, şimal qonşusu ilə pozulan münasibətlər istənilən halda ilk növbədə elə özünə zərbədir. Biz bütün hallarda regionda davamlı sülhsabitlik arzu edir, İranın daha acınacaqlı duruma düşməsini istəmirik. Amma İran özübunu düşünməli,  sanksiyaların,  daxili iğtişaşların cəngində olduğu halda, qonşularına, xüsusən də Tehranın mənafelərinə hər zaman hörmətlə yanaşan Azərbaycana münasibətdə ən azı öz sağlam maraqları naminə həssas və dürüst davranmalıdır".

 

Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, İranın əzələ nümayişi Azərbaycanı narahat etmir: "Nümayiş etdirilən kadrlardan aydın görsənir ki, İran ordusu qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından tamamilə geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illərin səviyyəsini keçə bilməyib. Təlimlər zamanı hədəflərin düzgün müəyyənləşdirilməməsi, İran texnikalarının hədəf götürülməsi və dağıdılması bu fikri bir daha təsdiq edir. İranın əzələ nümayişi Azərbaycanı qətiyyən narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır". İran bu mesajdan çox ciddi nəticə çıxarmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır".

C.Məmmədov deyib ki, İran Azərbaycanın atdığı addımların, o cümlədən  Zəngəzur dəhlizinin reallaşdırılmasının heç kimə qarşı yönəlmədiyini, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güddüyünü bilməlidir: "İran öz ənənəsinə sadiq qalaraq  ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Bu ölkə bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını tam müdafiə etdiyini əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirib. İran müntəzəm qaydada Ermənistanın KoçaryanSarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə isti münasibət göstərərək qucaq açıb, rəhbərləri İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər".

Deputat bildirib ki, 30 illik işğal dövründə İran Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə  Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb.

"Bəs İranın "sadiqliyini" ifadə etdiyi islam dəyərləri, müsəlman qardaşlığı və təəssübkeşliyi harda qaldı? 44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində bəzi qüvvələri  Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Bunlar hamısı təkzibolunmaz faktlardır. Son hadisələr İranın məqsəd və məramını bir daha ortaya qoydu. Unutmasınlar ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın yaradıcısı olan müstəqil dövlətdir. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz", - deyə C.Məmmədov vurğulayıb.

Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan Ordusu dövlət sərhədlərimizə nəzarəti təmin edib. Lakin İranın bəzi dairələrinin qeyri-adekvat davranışları, əsassız narahatlığı onun münasibətlərdə qeyri-səmimi olduğunu təsdiq edir. Azərbaycan isə beynəlxalq hüquq normalarına əməl edən, dövlətlərarası münasibətlərində yüksək dostluqqonşuluq siyasəti həyata keçirən güclü dövlətdir və hansısa təhdidlərlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. İrandakı bəzi dairələr də anlamalıdır ki, Azərbaycanın bütün addımları regionda sülhün bərpasına və davamlılığına xidmət edir.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-26 oktyabr.- S.1; 3.