Ağdamda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Ağdam rayon təşkilatı tərəfindən tədbir keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Ağdam rayonu Quzanlı qəsəbəsindəki abidəsini, şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur QuliyevYeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən partiya böyük nailiyyətlər qazanıb.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmaqdadır.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib, qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni uğurlar qazanmaq istiqamətində partiya Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının 30 illik tarixi şərəfli inkişaf yoludur.

Tədbirdə, həmçinin Ağdam 2 saylı Texniki Peşə məktəbi üzrə ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Ağdam Dövlət Sosial İqtisad Kolleci üzrə ərazi partiya təşkilatının sədri, professor Natiq Cavadov, YAP Ağdam rayon təşkilatının veteran üzvü Qədulla Səfərov və Ağdam Rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağını qeyd ediblər.

Tədbirin sonunda şəhid İsizadə Elvin Azim oğluna verilmiş medal atası Azim Quliyevə təqdim edilib.

YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına “Təşəkkürnamə” təqdim olunub.

 

Azərbaycan.- 2022.- 26 oktyabr.- S.4.