Azərbaycanla Gürcüstan
arasında münasibətlər qarşılıqlı
hörmətə əsaslanır
Azərbaycanla-Gürcüstan dostluq əlaqələrinin yaşı qədimdir və bu, dərin ənənələr üzərində qurulub. Müstəqillik əldə etdikdən sonra Cənubi Qafqazın bu iki respublikası arasında münasibətlər daha da inkişaf edərək bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.
Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 24-də Gürcüstanda rəsmi səfərdə olarkən Gürcüstan-Azərbaycan dostluq münasibətlərindən danışan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevdən sitat gətirərək deyib: "Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, "Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır". Daha sonra Baş nazir qeyd edib ki, bizim əcdadlarımız sıx təmaslar yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələrindən danışarkən qeyd etməliyik ki, ölkələrimiz arasındakı iqtisadi, siyasi, hərbi sahədə olan strateji tərəfdaşlıq münasibətləri daha da inkişaf edərək müttəfiqlik mərhələsinə qədəm qoymaq üzrədir. İki ölkə arasında münasibətlərin inkişafı həm də bu gün bir sıra Avropa və Asiya ölkələrinin maraqlarına xidmət edir. Dünyada siyasi kataklizmlər, silahlı toqquşmalar baş verdiyi bir vaxtda beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən ölkələrimizin dünya ticarət bazarının tənzimlənməsi və yükdaşımaların maneəsiz həyata keçirilməsi istiqamətində əhəmiyyəti və rolu günbəgün artmaqdadır. Artıq Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz-Türkiyə-Avropa beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar sürətlə artmaqdadır. Beynəlxaq daşıma şirkətləri aprel ayından etibarən bu marşrutla yükdaşımalara başlayıblar. Marşrutla həm quru, həm də maye yüklərin daşınması imkanları genişlənir. Bu, xüsusilə neft və neft məhsullarına aiddir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışaraq xüsusi olaraq vurğulayıb ki, "ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq".
Azərbaycan həmişə regionda sülhün və əmin-amanlığın tərəfdarı olub. Baxmayaraq ki, 30 ilə yaxın bir vaxtda nankor ermənilər torpaqlarımıza təcavüz edib, ərazilərimizi işğal altında saxlayıblar, biz düşmən üzərində qələbə çaldıqdan sonra Ermənistana da sülh təklifi etmişik. Nə yazıq ki, özünü dalana dirəyən Ermənistan hələ də səhvini anlamaq, təklif olunan düz yola qayıtmaq istəmir. Bununla da bir sıra beynəlxalq lahiyələrdən kənarda qalmaqla özünün yoxsulluq həddinə düşmüş durumunu daha da ağırlaşdırır.
Azərbaycan Prezidentinin Gürcüstana səfəri zaman Gürcüstan Respublikasının Baş nazir məmnunluqla deyib: "Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm".
Gürcüstanda səfərdə olarkən dövlətimizin başçısı iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsindən bəhs edərək deyib: "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".
Ölkələrimiz arasında iqtisadi bağlar da xeyli möhkəmdir. Gürcüstan Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrin inkişafından da faydalanır. Ölkəmiz indiyədək Gürcüstana 3 milyard dollar investisiya yatırıb. Cari ilin 9 ayında ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 21 faizdən çox artaraq 1 milyard dollara yaxınlaşıb.
Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatdan da göründüyü kimi, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha da yüksələn xətt üzrə inkişaf edəcək.
Gürcüstana işgüzar səfəri zamanı dövlətimizin başçısı Mçxeta rayonundakı Muxrani sarayında (Chateau Mukhrani) "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olub. Sərgidə nümayiş olunan fotolar müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze olan "Qarabağ xanlığı. Tarixi və mədəni kimlik" adlı kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim Azərbaycan xalçaları, Sərdar məscidinin və onun fasadını dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu - XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur. Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunmuş kitabda XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Xatırlatmaq yerinə düşər ki, bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.
Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.
Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri yüksələn xətt üzrə inkişaf edən strateji tərəfdaşlıqdan müttəfiqliyə keçid üçün yeni bir mərhələnin başlanğıcı olacaq.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.-27 oktyabr.- S.4.