Qafqazın siyasiiqtisadi güc mərkəzi

 

İlham Əliyevin qlobal layihələri və təşəbbüsləri dünyanın Azərbaycana və regiona olan marağını getdikcə artırır

 

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan gələcək yüksəliş strategiyasını dövrün tələblərinə uyğun müəyyən edir. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir. Son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın iqtisadisiyasi müstəqilliyə, müzəffər orduya sahib olan qüdrətli dövlətə çevrilməsini şərtləndirib.

Hazırda da dünyanı təhdid edən qlobal iqtisadi böhran fonunda Azərbaycanın dayanıqlı inkişafı məhz İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində əldə edilib. Uzaqgörən lider kimi qəbul etdiyi qərarlarla, reallaşdırdığı inkişaf strategiyası ilə Azərbaycanın gücünə güc qatan İlham Əliyevin bütün dövrlərdə müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin istənilən böhrandan az itki ilə çıxmasını təmin edib.     

 

Beynəlxalq və regional əməkdaşlığa mühüm töhfələr verən ölkə

 

Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində respublikamızın bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də sosial-iqtisadi inkişafa yönəlik istənilən layihə də uğurla reallaşdırılacaq. 

Əlbəttə ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə mühüm qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb.

Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan bu gün həm də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynamağa layiqli şəkildə davam edir. Demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.

İlham Əliyevin uğurlu diplomatik gedişləri nəticəsində Azərbaycan tam müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınmaqla yanaşı, bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusundauğurlu xarici siyasətində də öz təsdiqini tapır. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda, sərgilərdə və digər tədbirlərdə özünü bir daha büruzə verir.

 

Yeni rekordlara imza atan ölkə

 

Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycana bir çox sahədə dividendlər qazandırıb. Ölkəmiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də Qafqazın gücbeyin mərkəzi statusuna sahiblənib.

Son 19 ildə Azərbaycan sürətli və hərtərəfli inkişafla bərabər, həm də beynəlxalq tədbirlərin, forum və konfransların, sərgilərin keçirildiyi məkan kimi də tanınıb. Dünyanın elə bir mötəbər təşkilatı tapılmaz ki, Bakıda onun toplantısı keçirilməsin. Bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyasda siyasi çəkisinin yüksəlişinə xidmət edən amillərdəndir.

2022-ci ilin ötən dövrü ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə diqqət etsək, görərik ki, Azərbaycan həm dünyanı təhdid edən qlobal problemlərin həlli istiqamətində təşəbbüskar kimi çıxış edir, həm də beyin mərkəzlərinin, tanınmış siyasətçilərin, iqtisadçıların iştirakı ilə keçirilən beynəlxalq forumlara, konfranslara yüksək səviyyədə evsahibliyi edir.

Bu toplantılar ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verir. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbi qonaqlar işğaldan azad edilmiş torpaqlarımıza da baş çəkərək erməni vandalizmi ilə əyani tanış olurlar.

Bütün bunlar Azərbaycanın beynəlxalq rolunu xeyli dərəcədə gücləndirir və ölkəmizin dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksəksəviyyəli görüşlərə evsahibliyi edərək ən mütərəqqi əməkdaşlıq platformasına çevrildiyini təsdiqləyir.

Hazırda dünyanın geosiyasiiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər.

Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıqlayırlar.

Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb. Prezidentin söylədiyi kimi, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" boru kəməri sistemləri inteqrasiya edilibbununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdir ki, bu dəhliz tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Bu əməkdaşlığın artıq müsbət faydası görünür.

 

 Enerji resursları, nəqliyyat dəhlizləri dünyanın diqqətinin bölgəyə yönəlməsi üçün əsas yaradır

 

Oktyabrın 24-də Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində mətbuata bəyanatında bu məsələlərə bir daha toxunaraq Azərbaycanın Avropanın enerji təminatında oynadığı rola bir daha diqqət çəkib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan  dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Əgər bu il ixrac 22 milyard kubmetr olacaqsa, gələn il daha da artacaq.

Prezidentin söylədiyi kimi, bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni Azərbaycanın niyyəti bundan ibarətdir, imkanlar da buna çatır: "Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyacböyük potensial var".

İlham Əliyev həmçinin yeni layihələrdən də söz açaraq vurğulayıb ki, həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Təkcə işğaldan azad edilmiş torpaqlarımızda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir. Təbii ki, bu da çox böyük rəqəmdir. Bu enerjini istehsalixrac etmək qarşıya qoyulan vəzifədir.

Bütün bunlar göstərir ki, bölgənin iqtisadi potensialını artırmaq üçün çox əlverişli imkanlar var. Potensial enerji resursları, yaranacaq yeni nəqliyyat dəhlizləri dünyanın diqqətinin bölgəyə yönəlməsi üçün əsas yaradır. Ona görə də əminliklə deyə bilərik ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən regional güc mərkəzi olaraq qəbul edilməkdədir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-27 oktyabr.- S.4.