Qonşuluğa yaraşmayan
münasibət
İrandakı bəzi dairələr regionda
sülhə xidmət etməyən davranışlar sərgiləyirlər
Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə apardığı sürətli bərpa-quruculuq işləri, eyni zamanda regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün atdığı əməli addımlar, nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməkdə olan ölkəmizin Zəngəzur dəhlizinin açılması ilə bağlı gördüyü işlər həmçinin bölgənin inkişafına töhfə vermək məqsədi daşıyır. Bununla belə, bəzi ölkələrdə müəyyən dairələr Azərbaycanın xoş niyyəti, gördüyü təqdirəlayiq işləri qəbul edə bilmir və ya dəhlizin reallaşmasından nədənsə qorxuya düşürlər. Amma anlamırlar ki, Zəngəzur dəhlizinin reallaşdırılması kiməsə qarşı deyil, hətta layihənin həyata keçirilməsini mümkün qədər əngəlləməyə çalışan Ermənistanın özünə belə faydası var.
Belə qüvvələrin İranda da fəaliyyət göstərdiyi məlumdur. Eyni zamanda 30 il ərzində, torpaqlarımız Ermənistanın işğalı altında olduğu müddətdə Azərbaycanla sərhəddə heç bir hərbi təlim keçirməyən İranın son iki ildə fəallaşması, sərhəddə təlimlər keçirməsi birmənalı qarşılanmır.
Dostluğa yaraşmayan
münasibət
Milli Məclisin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan müstəqillik qazandığı ilk gündən İranla mehriban qonşuluq şəraitində yaşamaq və əməkdaşlıq etmək istədiyini dəfələrlə ən yüksək səviyyədə bəyan edib: "Bunu həmişə demişik və dediklərimizin arxasında dururuq, sözlərimizdə səmimiyik, əməllərimizlə də bunu sübut edirik. Digərləri kimi saxtakar, qeyri-səmimi deyilik. Bir neçə dəfə İranla bağlı gərgin məqamlarda Azərbaycan öz mövqeyini ortaya qoyub. Qeyd olunub ki, qonşumuza, islam dövlətinə qarşı bizim ərazimizdən istifadəyə razı ola bilmərik".
Elman Məmmədov bildirir ki, bunun qarşılığında isə müstəqillik qazandığımız gündən bəri İrandakı bəzi dairələr tərəfindən Azərbaycana qarşı ancaq qeyri-səmimi qonşuluq münasibəti, dostluğa yaraşmayan hərəkətlər müşahidə edilib: "Həmin qüvvələr otuz il ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin qarət, talan olunmasına, yeraltı, yerüstü sərvətlərinin daşınmasına şərait yaradıblar".
Deputat xatırladır ki, İranda yaşayanların böyük əksəriyyəti müsəlmanlardır. Bəs, onda sual olunur, müsəlman qardaşlarımız torpaqlarımız işğal edildiyi gündən ərazilərimizdə islam dünyasına aid olan müqəddəs yerlər - məscid, ziyarətgah, qəbiristanlıq və digər dini-tarixi abidələrin ermənilər tərəfindən dağıdılmasını görmürdümü?!
Elman Məmmədov hesab edir ki, həmin dairələr ermənilərin vandal əməllərinə bəraət qazandırıb və onlar ötən illər ərzində Ermənistanın qida borusu rolunu oynayıblar.
44 günlük Vətən müharibəsi dövründə İran ərazisindən Ermənistana silah-sursat, yanacaq və digər lazımi avadanlıqlar daşındığını xatırladan deputat əlavə edir ki, proses bu gün də davam edir: "Ermənistan tərəfindən müqəddəs yerlər dağıdılanda, müsəlmanlar soyqırıma məruz qalanda, müsibətlərə düçar olanda Ermənistana qarşı güc nümayiş etdirməyən, təlim keçirməyən İranın bəzi dairələri son iki ildə neçənci dəfədir ki, sərhəddə hərbi təlim keçirir. Bu ölkənin təlim keçməyə başqa ərazisi yoxdur? Gərək təlimi Azərbaycan sərhədində keçirə? Məqsədi bizə güc nümayiş etdirməkdi?"
Deputat düşünür ki, bu gün heç kim Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan regionun lideri kimi yalnız sülh şəraitində yaşamaq istəyir. Ona görə də İranın bəzi dairələri bu hərəkətlərindən çəkinməlidirlər.
Bölgədə sabitliyi pozan əsas amil
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə qeyd edib ki, İrandakı həmin qüvvələr Ermənistanla bir millət, iki dövlət olduğunu dəfələrlə bəyan edib. Hətta bu fikirlər İran parlamentində də səsləndirilib.
Arazboyu ərazilərdə həyata keçirilən hərbi təlimlər isə Ermənistana dəstək ifadəsidir: "İran Ermənistanla müttəfiqlik əlaqələrini inkişaf etdirir, Ermənistan Təbrizdə konsulluq açır. Eyni zamanda İran da Zəngəzurda konsulluq açır. Bu əməkdaşlığın həm də hərbi sahədə həyata keçirilməsi dünyaya bəllidir".
Deputat vurğulayır ki, İrandakı bəzi dairələrin Ermənistanla birlik nümayiş etdirməsi bölgədə sabitliyi pozan əsas amildir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.-27 oktyabr.- S.5.