Siyasi partiyaların fəaliyyətində hansı dəyişikliklər
baş verəcək?
Yeni qanun layihəsi bu
sahədə köklü və müsbət
yenilikləri təşviq edir
Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb. Oktyabrın 24-də parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai dinləməsi keçirilib. Yeni qanun layihəsi ölkəmizdə siyasi müstəvidə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir.
Siyasi münasibətlər sistemi modernləşdirilir
Milli Məclisin Sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, yeni qanun layihəsi ölkədə həyata keçirilən siyasi islahatların davamı və zamanın tələbidir: "2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyin daha da gücləndirilməsini anons edən nitqində siyasi islahatlar və siyasi dialoq mühüm yer tuturdu. Məhz bu çıxışdan sonra Azərbaycanda çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulması, dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən birinə çevrilib. Bu günlərdə geniş ictimai müzakirəyə təqdim edilən "Siyasi partiyalar haqqında" qanun layihəsi də sözügedən islahatların vacib elementidir. Yeni qanunun hazırlanmasını zəruri edən digər amillər də var. Azərbaycanın siyasi sistemində və partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu nəzərə alsaq, deyə bilərik ki, 1992-ci ildə qəbul olunmuş qanun müasir dövlətimizin və cəmiyyətimizin inkişafına adekvat deyil. Ona görə siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulması üçün yeni qanuna ehtiyac var".
Fəzail İbrahimlinin sözlərinə görə, Vətən müharibəsi dövründəki milli həmrəylik, siyasi partiyaların 44 gün ərzində siyasi maraqlarını bir kənara qoyaraq ümummilli mövqedən çıxış etməsi və daha sonra diplomatik cəbhədə dövlətimizin mövqeyinin qətiyyətlə müdafiəsi ölkədə yeni siyasi mühitin formalaşdığının göstəricisidir. Siyasi partiyalar haqqında qanunvericiliyin yenilənməsini zəruri edən amillərdən biri də budur.
"Yeni qanun layihəsi ilə bağlı digər diqqətçəkən məqam odur ki, bu qanunun hazırlanması zamanı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də nəzərə alınıb. Həmçinin ictimaiyyətin, vətəndaş cəmiyyəti təşkilatlarının, dövlət orqan və qurumlarının sənədlə tanış olması üçün qanun layihəsinin ilkin variantının Milli Məclisin saytında yerləşdirilməsi qanunvericilik prosesində təqdirəlayiqdir. Aparılan aktiv müzakirələr yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayacaq qanunun qəbul ediləcəyinə inam yaradır. Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də keçiriləcək ictimai dinləmələrin kompleks halda nəzərə alınması ilə müasir dövrün tələblərinə cavab verəcək "Siyasi partiyalar haqqında" yeni qanun siyasi sistemimizin təkmilləşdirilməsinə səbəb olacaq", - deyə parlament sədrinin müavini qeyd edib.
Fəzail İbrahimli deyib ki, yeni qanun layihəsinin konsepsiyası Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilməli və qəbul edilməlidir: "Biz həm bugünün, həm də gələcəyin tələblərinə cavab verə biləcək qanun layihəsi hazırlamalıyıq. Beləliklə də, bu, dövlət başçısının apardığı siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında rolunun artmasına geniş imkanlar yaranacaq. Əminliklə demək olar ki, ictimaiyyətin açıq müzakirəsinə verilən, demokartik prinsiplərə uyğun hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsi ölkəmizdə siyasi münasibətlər sisteminə modernləşmə, rasionallıq gətirərək siyasi sistemin palitrasını zəngiləşdirəcək".
Yeni qanun siyasi partiyaların
fəaliyyəti üçün geniş imkanlar yaradacaq
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar arasında xüsusi əhəmiyyət kəsb edənlərdən biri də siyasi islahatlardır: "2020-ci ildə sonuncu parlament seçkilərindən sonra yeni siyasi konfiqurasiyanın yaranması, inkişafı və formalaşması üçün dövlət tərəfindən üç mühüm addım atılıb. Milli Məclisin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə bərabər, parlamentdə təmsil olunan müxalifət partiyalarının da təmsilçiliyinin həyata keçirilməsi siyasi islahatlar arasında xüsusi çəkiyə malikdir. Həmçinin siyasi partiyaların cəmiyyətin inkişafında siyasi sistemə verdiyi töhfələrdə rolunu artırmaq üçün Prezident Administrasiyasında partiyalarla əlaqələr üzrə xüsusi şöbə yaradılıb. Bu şöbənin əməyi nəticəsində Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla intensiv münasibətlər qurulub və əməkdaşlıq platformaları yaradılıb. Lakin bütün bunların fonunda qüvvədə olan qanun siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması üçün müasir çağırışlara cavab vermirdi. Ona görə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması zəruri idi".
Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan inkişaf etdikcə onun siyasi immuniteti də güclənir. Nəticədə iqtidarla bərabər, müxalif partiyaların da üzərinə kifayət qədər məsuliyyət düşür. Ona görə də dövrün çağırışlarına uyğun olaraq, siyasi sistemin gücləndirilməsi üçün siyasi partiyaların rolunun artırılması öz aktuallığını xüsusi olaraq saxlayır.
"Müzakirələrə təqdim edilən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Azərbaycanın siyasi sistemində partiyaların yerinin güclənməsinə təsir göstərəcək. Məlum olduğu kimi, hazırda 60-a yaxın siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların əksəriyyətinin ictimai-siyasi həyatda fəallığı görünmür. Bu partiyalar zəif olduğuna və ictimai rəyin formalaşmasına təsir göstərə bilmədiklərinə görə yeni qanunla öz seçimlərini edəcəklər. Ən yaxşı seçim müxtəlif partiyaların birləşərək vahid güc mərkəzi kimi siyasi mühitə daxil olmasıdır. Yeni qanun layihəsi bu funksiyanın yerinə yetirilməsinə töhfə verəcək. Yeni qanun siyasi partiyalar üzərinə kifayət qədər məsuliyyət qoymaqla yanaşı, həm də onların fəaliyyəti üçün geniş imkanlar yaradır. Həmin imkanlardan yararlanan partiyalar həm bələdiyyə, həm də parlament seçkilərində uğur qazanıb proseslərdə daha fəal şəkildə iştirak edə bilərlər", - deyə partiya sədri bildirib.
Fəzail Ağamalı qeyd edib ki, qanun layihəsi hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib: "Xarici təcrübə, eləcə də milli kolorit və xüsusiyyətlərimiz nəzərə alınmaqla hazırlanmış bu qanun layihəsi ciddi sənəddir. Əlbəttə ki, müzakirələr zamanı səsləndirilmiş təkliflərə əsasən, müəyyən cilalanmalar da olacaq, qanunun təkmilləşməsinə xidmət edən təkliflər nəzərə alınacaq. Bilmək lazımdır ki, bu qanunun konsepsiyası siyasi sistemimizdə siyasi partiyaların Azərbaycan dövlətçiliyinə daha ciddi töhfələr verməsinə yönəlib".
Siyasi partiyalar arasındakı münasibətlər
yeni məcraya yönəldilir
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib ki, xüsusilə son illərdə ölkəmizdə aparılan siyasi islahatlar siyasi mühitin inkişafına müsbət təsir göstərib: "Yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin inkişafı dayanır. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək və siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrilib. Həmçinin yeni siyasi reallıqlar da öz növbəsində yeni çağırışları formalaşdırıb. Bu çağırışların biri də "Siyasi partiyalar haqqında" qanunvericiliyin daha təkmil və dövrün tələblərinə cavab verəcək səviyyədə yaradılmasıdır".
Yeni qanun layihəsini müsbət dəyərləndirən partiya sədrinin sözlərinə görə, parlamentdə çoxpartiyalı sistemin mövcudluğu ölkədə siyasi dialoq mühitinin daha da münbitləşməsində əsaslı rol oynayır: "Həyata keçirilən mühüm islahatlar nəticəsində ölkədə siyasi partiyalar arasındakı münasibətlər də yeni məcraya qədəm qoyur. Siyasi sistemin formalaşmasında və inkişafında, sözsüz ki, əsas komponent kimi siyasi partiyalar çıxış edir. Yeni qanun da siyasi sistemin daha da möhkəmlənməsinə xidmət göstərəcək".
Nəzrin QARDAŞXANOVA
Azərbaycan.- 2022.-28 oktyabr.- S.1; 4.