Ağdam Zəfər forumuna evsahibliyi
edib
Zəfər forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub. AZƏRTAC xəbər verir ki, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının təmsilçilərinin iştirakı ilə keçirilən Zəfər forumu Ağdam Muğam Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qonaqlar tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra "Əsgərə məktub" layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov etimad göstərilərək növbəti Zəfər forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımıza böyük qələbə yaşadan döyüşçülərimizə, şəhid ailələrinə və qazilərimizə diqqət və qayğının artırılmasında, rəşadətli ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini bundan sonra da əsirgəməyəcəklərini deyib.
Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Vüsal Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.
Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyi adından A.Qurbaninin "Böyük gələcəyə baxış" və "Vətən müharibəsi şəhidləri" adlı kitabları hədiyyə edilib.
Qeyd edək
ki, növbəti forumlar
İsmayıllı, Sabirabad və
Bakıda keçiriləcək.
Azərbaycan.- 2022.- 28 oktyabr.- S.1; 5.