Azərbaycanla Gürcüstanın münasibətləri
bədniyyətli qonşular üçün nümunədir
Bəzən sezmədiyimiz, fərqində olmadığımız kiçik detallar dünyada baş verən böyük dəyişikliklərin təməlini qoyur. Gürcüstan bu gün də Heydər Əliyevi məhəbbət və böyük sevgi ilə xatırlayır. Bu ölkənin siyasi liderləri həmişə Ulu Öndərin Gürcüstan üçün dəyərli siyasi xadim olmasını qürür hissi ilə deyirlər.
Bu baxımdan Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri çərçivəsində dost ölkənin Baş naziri İrakli Qaribaşvilinin mətbuata açıqladığı bəyanatda Heydər Əliyevi xatırlaması təsadüfi deyil: "Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda, Tbilisidə olanda demişdi: Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək".
Bu görüşdə diqqəti çəkən həm də gürcülərin Azərbaycanla qonşuluğa, tarixi dostluğa xüsusi önəm vermələri oldu. Azərbaycan Prezidenti Gürcüstan torpağında rəğbətlə qarşılandı, Ulu Öndər məhəbbətlə yad edildi. İki dövlət arasında mehriban qonşuluq münasibətlərinin və strateji tərəfdaşlığın dərinləşməsində, sıx iqtisadi münasibətlərin inkişafında Prezident İlham Əliyevin xüsusi rolu etiraf edildi.
Artıq məktəbli də anlayır ki, dünya sakit deyil. Sərt qütbləşmələrin davam etdiyi, müharibələrin bütün bəşəriyyət üçün təhlükəli həddə çatdığı bir məqamda Azərbaycanın sülh və iqtisadi təşəbbüslərlə irəli çıxması xüsusi əhəmiyyət daşıyır.
Gürcülər Baş nazirlərinin dili ilə etiraf edirlər ki, "…dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir". İ.Qaribaşvili hesab edir ki, regiondakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil və onları daha da gücləndirmək mümkündür.
İki qonşu ölkənin diqqət yetirdiyi ən vacib məsələ iqtisadi əlaqələrin daha da dərinləşməsidir. Gürcüstan Azərbaycanla strateji tərəfdaş kimi iqtisadi əlaqələrin daha geniş spektrinin qurulmasında maraqlıdır. Baş nazir öz mövqeyini belə dəqiqləşdirir: "Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".
Azərbaycan və Gürcüstan liderlərinin qarşılıqlı səfərləri çox olur. Onlar eyni zamanda beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də tez-tez görüşürlər. İlham Əliyev iki dövlətin qarşılıqlı əlaqələrini belə qiymətləndirir: "Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlərboyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur".
Bu gün Azərbaycan-Gürcüstan əlaqələri artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə keçmişdir. İlham Əliyev bir çox sahə üzrə fəal əməkdaşlığımızı qeyd edərək bildirdi ki, bir çox önəmli layihə təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bu görüşdə regionda gedən proseslər, o cümlədən təhlükəsizliklə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırmış və bütün Qafqaz üçün taleyüklü təklif vermişdir: "Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq".
Qeyd etdiyimiz kimi, bu görüşdə də daha çox iqtisadi məsələlərə yer ayrılmışdır. Vurğulanmışdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri artaraq bu ilin 9 ayında 1 milyard dollara yaxınlaşmışdır. Azərbaycanın Gürcüstana qoyduğu sərmayələrin həcmi isə 3 milyard dolları keçmişdir. İlham Əliyev: "Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir".
Ermənistan iki ildir sülh müqaviləsini imzalamamaq üçün min hoqqadan çıxır, imkanı olsaydı, Arktikada da özünə tərəfdaş axtarardı. Azərbaycan isə sülhün və qarşılıqlı fayda verən iqtisadi layihələrin axtarışındadır. Dövlətimizin başçısı deyir: "Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq". Gələn il həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq, üstəlik, hazırda istismar edilməyən Bakı-Supsa neft kəməri də istifadəyə verilməlidir.
Bundan əlavə, cari il iki ölkə arasında yükdaşımaların həcmi 75 faiz artmışdır. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq və bunun üçün sərmayələr yatırmaq niyyətindədir. Artıq Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına ehtiyac ildən-ilə artmaqdadır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətinin isə 15 milyon tondan 25 milyon tona çatdırılması ölkəmizin marağındadır. Azərbaycan Prezidenti belə hesab edir ki, Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində daha sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir: "Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır".
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.-28 oktyabr.- S.6.