Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyənin yüz
ili” proqramını elan
edib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) “Türkiyənin yüz ili” (Türkiyənin əsri, Türkiyənin qarşıdakı yüz ili və s.) şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən toplantıya Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunub.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Türkiyənin tarixini, əzəmətini, inkişaf dinamikasını, strateji hədəflərini, dəyərlərini əks etdirən film nümayiş olunub.
Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb.
“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.
Yeni yüzillik zaman kəsiyinin mühüm hədəflərindən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Türkiyə xalqının birliyi və həmrəyliyi sayəsində bütün strateji məqsədlərə çatılacaq.
Qeyd edək ki,
tədbirdə iştirak edən YAP
nümayəndə heyətində Milli Məclisin
deputatı, Azərbaycan-Türkiyə dostluq
qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi
Aparatının İnformasiya
texnologiyaları və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Nurlan Qələndərov da
təmsil olunur.
Azərbaycan.-
2022.- 29 oktyabr.- S.5.