Bakıda Türkiyənin milli bayramı münasibətilə tədbir təşkil olunub

 

Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə Bakıda Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət üzvləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.

Səfir qeyd edib ki, qlobal qida böhranına çarə olan Türkiyə Azərbaycanla enerji problemini də birlikdə həll edəcək. Hər iki ölkə Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlərinin həllində mühüm rola malikdir. Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır.

Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Cahit Bağçı deyib: "Bu gün 5 mindən çox Türkiyə şirkəti Azərbaycanda, 3 minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Ticari dövriyyə 5 milyard dollardan çoxdur”.

Səfirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdürstrateji hub rolunu oynayır.

O bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir.

Cahit Bağçı sonda vurğulayıb ki, Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır.

Daha sonra rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Qeyd olunub ki, 99 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib.

“Xüsusən qeyd edilməlidir ki, son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Türkiyədə, eləcə də Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.

Türkiyə beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə onunla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub”, - deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin sədri qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqeyinin dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynadığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə bütün məsələlərdə bir-birinin yanındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.

Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi və mənəvi dəstək, bütün Türkiyənin, Türkiyə xalqının tutduğu qəti mövqe Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını göstərdi, bizə əlavə güc verərək böyük Zəfərin qazanılmasında önəmli rol oynadı”, - deyə Milli Məclisin sədri diqqətə çatdırıb.

Sahibə Qafarova deyib: “Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə də bizim yanımızdadır. Bir neçə gün öncə biz hamımız Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının, digər müəssisələrin açılmasını, yeni infrastruktur obyektlərinin təməlinin qoyulmasını sevincqürurla izlədik. Eyni duyğuları biz ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışında, dövlət başçılarının iştirakı ilə keçirilən digər tədbirlərdə yaşamışdıq. Əminəm ki, Azərbaycanla Türkiyənin birlik və həmrəyliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcəkdir”.

 

Azərbaycan.- 2022.- 30 oktyabr.- S.2.