Zəngəzur dəhlizi Qafqazın logistik
xəritəsini dəyişəcək
Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas nəqliyyat
qovşağına çevriləcək
Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı istiqamətində böyük layihələr həyata keçirməkdədir. Nəqliyyat habına çevrilməkdə olan ölkəmiz "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olmaqla yanaşı, gələcək layihələrin inkişafına da töhfə verir. Xüsusən Zəngəzur dəhlizinin reallaşmasının sürətləndirilməsi region ölkələrinin nəqliyyat əlaqələrinin möhkəmlənməsi üçün faydalı olacaq.
Eyni zamanda Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması Orta dəhlizin də əhəmiyyətini artıracaq.
Orta dəhliz böyük perspektivə
malikdir
Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin intensivləşməsində böyük rolu olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yükdaşımalar daha təhlükəsiz və qısa zamanda həyata keçirilir.
Prezident İlham Əliyev də çıxışlarında Orta dəhlizin çox böyük perspektivə malik olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçısı oktyabrın 13-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirdi ki, Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın tələbidir: "Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Trans-Xəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik".
Ümumiyyətlə, dəhlizin əhəmiyyəti son zamanlar bu nəqliyyat yolundan istifadənin, yükdaşımaların həcminin artmasında özünü göstərir.
İqtisadçılar qeyd edirlər ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Asiyadan Avropaya yükdaşımaların həyata keçirilməsi üçün Orta dəhliz layihəsi reallaşmalıdır. Eyni zamanda layihənin gerçəkləşməsində Zəngəzur dəhlizinin mühüm rolu olduğu bildirilir.
Azərbaycana maraq daha
da artacaq
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizin əməkdaşına açıqlamasında deyib ki, region üzərindən daşınan yüklərin həcminin artırılması baxımından Zəngəzur dəhlizinin açılması vacib hesab olunur. Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi həm də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha effektli şəkildə istifadə edilməsinə imkan yaradacaq. Bir tərəfdən də Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar Azərbaycan üzərindən, bütövlükdə regiondan daşınan yüklərin həcminin artmasına təsir göstərir.
Vüqar Bayramov bildirir ki, bu ilin 9 ayında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 65 faiz artım qeydə alınıb: "Bu da ondan xəbər verir ki, infrastrukturun inkişaf etməsi, eyni zamanda beynəlxalq yükdaşımalarla bağlı elektron xidmətlərdən daha çox istifadə edilməsi Azərbaycanın beynəlxalq yükdaşımaları baxımından haba çevrilməsinə xüsusi töhfə verir. Digər vacib məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra nəqliyyat qovşağı olaraq Azərbaycana maraq daha da yüksələcək, çünki bu, Orta dəhlizin də əhəmiyyətinin ciddi şəkildə artmasına imkan verəcək".
Deputat vurğulayır ki, Orta dəhliz vasitəsilə daha çox yükün daşınması imkanı yaranacaq. Beləliklə, Zəngəzur dəhlizi regionun nəqliyyat və infrastruktur baxımından xəritəsini dəyişəcək. Regionun, xüsusən də Azərbaycanın bu sahədə haba çevrilməsinə imkan yaradacaq, həmçinin ölkəmizin beynəlxalq yükdaşımalardan gəlirlərini artıracaq. Eyni zamanda regionun inkişafının stimullaşdırılmasına, təşviq edilməsinə xüsusi töhfə verəcək.
Orta dəhliz
ölkəmizin tranzit
potensialını artıracaq
Orta dəhliz Çindən Türkiyəyə, eləcə
də Avropa ölkələrinə və
əks istiqamətdə
yükdaşımaların artırılmasına xidmət
edir. Bu dəhliz üzrə yüklər orta hesabla 20-25 günə Çindən
Avropaya çatır.
Bu da nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur.
Tarixi Böyük İpək yolunun canlandırılmasına
yönəlmiş nəqliyyat
dəhlizi vasitəsilə
2022-ci ildə yükdaşımaların
həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Azərbaycan üçün xüsusi əhəmiyyəti
olan dəhliz ölkəmizin tranzit potensialını da artıracaq. Dövlətimiz digər beynəlxalq layihələrə töhfə
verdiyi kimi, Orta dəhlizlə bağlı da mühüm addımlar atır.
Regionun inkişafı,
sülhün, əmin-amanlığın,
təhlükəsizliyin təmin
olunması istiqamətində
işlər görən,
təşəbbüslərlə çıxış edən
Azərbaycan Orta dəhlizin imkanlarını
genişləndirəcək Zəngəzur dəhlizinin
açılması ilə
regionun nəqliyyat mərkəzinə çevriləcək.
Beləliklə, Azərbaycan üzərindən
yükdaşımaların həcminin çoxalması
ölkəyə daxil
olan valyutanı artıracaq ki, bu da iqtisadiyyatımızın
inkişafına mühüm
töhfə verəcək.
Bu gün bir
çox sahədə
müxtəlif ölkələrin
etibarlı strateji tərəfdaşına, müttəfiqinə
çevrilən Azərbaycan
həm də nəqliyyat-logistika baxımından
diqqəti öz üzərinə çəkərək
etibarlı əməkdaşa
çevriləcək.
Əsmər QARDAŞXANOVA
Azərbaycan. - 2022.- 30 oktyabr.- S.1; 3.