Söz sahibi Azərbaycandır
Ermənistan öhdəliklərini yerinə yetirməyə
məcburdur
Vətən müharibəsindən sonra da siyasi-diplomatik müstəvidə uğurlarını davam etdirən Azərbaycan Ermənistanı yeni reallıqların tələblərini yerinə yetirməyə məcbur edir. Bu reallıqlar və bundan irəli gələrək Ermənistanın üzərinə götürdüyü öhdəliklər 10 noyabr üçtərəfli Bəyanatında və sonrakı üçtərəfli sənədlərdə təsbit olunub.
İrəvanın bütün cəhdləri
əbəsdir
Müharibədən sonra üçtərəfli sənədlər üzrə işlərin icrasını Ermənistan həyata keçirmir, əksinə, Ermənistan 44 günlük müharibədəki kapitulyasiyasından və sonrakı dövrdə imza atdığı sənədlərin, məğlubiyyətdən sonra yerinə yetirməli olduğu öhdəliklərin məzmununa adekvat olmayan fəaliyyət ortaya qoyub. Azərbaycanın zəfərinin, Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi olan 10 noyabr bəyanatının bəndləri yerinə yetirilməyib. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində hələ də Ermənistan ordusunun bölmələri qalmaqdadır.
Bundan başqa, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması, bütövlükdə regionda kommunikasiyaların bərpası ilə bağlı öhdəliklərini də yerinə yetirməyib.
Bir məsələni də xatırladaq ki, hələ Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyi aparılan sülh danışıqlarında yalnız imitasiya ilə məşğul olub. Danışıqlar prosesinin hansısa mərhələsində və ya müəyyən razılaşmalar üçün şərait yarandığı vaxtlarda Ermənistan sülh prosesini əngəlləmək üçün süni problemlər yaradıb, təxribatlar törədib. Hətta Ermənistanın əvvəlki prezidentlərinin birinin tualet bəhanəsi ilə danışıqlar masasını tərk etdiyi vaxt da olub. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyul hadisələri də Ermənistanın danışıqlar prosesini pozmaq üçün törətdiyi təxribatlar idi.
Bu təxribatların hər biri Ermənistana baha başa gəlib. Ermənistanın növbəti təxribatından sonra baş verən 2020-ci ilin 44 günlük müharibəsi də bunu tam təsdiq edir. 2020-ci ilin noyabrından ötən müddətdə də Ermənistan bir neçə dəfə həm sərhəd bölgəsində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri torpaqlarımızda hərbi təxribatlar törədərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışıb. Həmin təxribatların hər birində "dəmir yumruğ"un zərbəsini hiss edən ermənilər beynəlxalq aləmə hay-həşir salaraq Azərbaycana qarşı qərəzli kampaniyalar başlatmağa cəhd göstəriblər. Lakin sentyabrda baş verən hadisələr də göstərdi ki, Ermənistanın bu cəhdləri əbəsdir və Azərbaycan onu üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edərək deyib: "Ermənistan bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq".
Azərbaycan milli maraq
və mənafelərini qətiyyətlə təmin edəcək
Onu da qeyd edək ki, bu ay Praqada əldə olunan razılaşmalar göstərdi ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Xatırladaq ki, indiyədək Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüsseldə bir neçə dəfə görüş keçirilib. Bu görüşlərin hər birində dövlətimizin başçısı Azərbaycanın maraqlarını qətiyyətlə təmin edib. Eyni zamanda bu görüşlər onu da təsdiq edib ki, Azərbaycan Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək.
Oktyabrın 6-da keçirilən Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu. Bununla bağlı imzalanmış bəyanatda deyilir ki, "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır". Postmüharibə dövrünün bu mərhələsində Praqada belə bir sənədin imzalanması sülh müqaviləsi ilə, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılması üçün daha geniş meydan açır və daha əlverişli şərait yaradır.
Bütün bunlara rəğmən Ermənistan tərəfindən yenə də münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqların məzmununa uyğun gəlməyən fikirlər səsləndirilməkdədir. Hətta Fransa Prezidenti də bir müddət əvvəl verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə danışıqlar prosesinə kölgə salmaq istədi. Lakin görünən odur ki, Ermənistanın regiondakı reallıqlarla barışmaqdan, sülhə razı olmaqdan başqa yolu yoxdur. Başqa cür desək, Azərbaycanın qətiyyəti Ermənistana başqa yola üz tutmağa imkan vermir.
Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan özünün milli maraq və mənafelərini qətiyyətlə təmin edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 30 oktyabr.- S.1; 3.