Qüdrətli sərkərdə, modern
hərbi güc
İlham Əliyev dünyada ən yüksək
döyüş qabiliyyətinə malik ordulardan birini yaradıb
Regionda ən güclü orduya malik ölkə olan Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə qarşıya yeni vəzifələr, tələblər qoyub.
Bu, bir həqiqətdir ki, hazırda Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan dünyada nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri çevik, peşəkar və müasir tələblərə cavab verə bilən güc kimi formalaşıb.
Vətən müharibəsi - təcrübə və
sınaq
Etiraf etməliyik ki, İkinci Qarabağ müharibəsi ordumuz üçün həm də təcrübə və sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, müasir texnikalardan yararlanmaq və başlıcası isə vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsi əsl reallığı əks etdirdi. Eyni zamanda çatışmazlıqlar da üzə çıxdı.
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində hazırda da mühüm işlər görülür.
İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür.
Ali Baş Komandanın göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.
Müzəffər sərkərdənin Azərbaycan Ordusu qarşısında qoyduğu yeni tapşırıqlara əsasən, modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb. Ordu komandanlığı isə verilən tapşırıqların təxirəsalınmaz icrasını reallaşdırmaqdadır.
Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərçiklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Dünyada "smart müharibə"
aparan ilk ordu
İki il öncə Azərbaycan Ordusu Vətən müharibəsində
həyata keçirdiyi
döyüş taktikası,
müharibə modeli ilə dünyanın diqqətini cəlb etmişdi. Bəzi mütəxəssislərin
"smart müharibə" adlandırdıqları bu
savaşda çox ağıllı hesablama və konkret şərait üçün
unikal bir strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları isə yeni müharibə
formatının bünövrəsini
qoyub.
Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən müasir
döyüş taktikası
dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir. Çünki XXI əsrdə döyüş
əməliyyatlarının aparılmasının yeni
modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin keçmiş
hərb taktikası, keçmiş hücum əməliyyatları artıq
arxivləşib. Savaş meydanında
yalnız yeni döyüş növləri
üstünlüyün əldə
edilməsini şərtləndirir.
Şanlı qələbəmizlə bitən
müharibədə həyata
keçirilən döyüş
əməliyyatları zamanı
müasir silahlardan -
PUA-lardan, döyüş
sursatından, yüksək
dəqiqliklə hədəfi
məhvetmə vasitələrindən
bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin
baş qərargahları
tərəfindən diqqətlə
öyrənilir.
Yəni bir ordunun başqa
bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksəkdəqiqlikli
silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə
ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda
dronlardan istifadə ediblər. Bu cür qarşıdurmalarda
PUA-lar mübahisəsiz
öz üstünlüyünü
sübut etdi. Azərbaycan
PUA-larının hədəfi
yalnız düşmənin
hava hücumundan müdafiə qüvvələri,
ardınca onun zirehli maşınları,
yüksək səviyyədə
qorunan hədəfləri
və canlı qüvvəsi idi.
30 il
müddətində işğal
edilmiş torpaqlarımızda
güclü müdafiə
sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş
taktikası qarşısında
aciz qaldı. "Keçilməz" müdafiə sistemləri
darmadağın edildi.
Döyüş texnikası,
hərbi obyektləri yerləyeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını
atıb Azərbaycan torpaqlarından şərəfsizcəsinə
qaçıb canını
qurtarmaq...
Bu savaşla
bir çox reallıqlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə
malik ordulardan biri hesab edilməsi
əbəs deyildi.
Ölkələrin hərbi potensialının
dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc
etdiyi reytinqlərə
əsasən, Azərbaycan
Ordusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşırdı.
Həm peşəkarlıq, həm
təlim, həm döyüş qabiliyyəti,
ən başlıcası,
mənəvi döyüş
ruhu, əlbəttə
ki, ordumuzun texniki təchizatı da çox cəhətdən
uğurumuz üçün
real zəmin yaratdı.
Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli
prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq
edir ki, modernləşmə ən
vacib şərtlərdən
biridir.
Digər məsələ isə Silahlı Qüvvələrin
döyüş qabiliyyətinin
artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük
qələbə ilə
yanaşı, həm də əməliyyatlar aparılması sahəsində
böyük təcrübə
olub. Bu, Silahlı Qüvvələrin
təlim şəraitində
deyil, əməli işdə yoxlanması prosesi idi ki,
ordumuz bu yoxlamadan şərəflə
çıxdı.
Hazırda ordunun şəxsi heyətinin peşəkarlığının
daha da artırılması
üçün müxtəlif
tədbirlər planı
əsasında hərbçilərimiz
yerli və xarici ölkələrdə
təşkil olunan təlimlərə qatılırlar.
Ordunun gücünə
güc qatan Komando briqadaları
Ali Baş
Komandanın tapşırıqlarından
biri də yeni Komando xüsusi
təyinatlı qüvvələrin
yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Artıq müxtəlif ərazilərdə
Komando briqadaları yaradılır. Yəni Komando
qüvvələrinin yaradılması
ordumuzun hərbi potensialının təkmilləşdirmə
elementlərindən yalnız
biridir və lakin çox vacib elementdir.
Komando briqadalarının yaradılması
ölkəmiz üçün
yenilikdir. Bu briqadalara
yüksək təlim
keçmiş, yüksək
iradə nümayiş
etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər cəlb edilirlər. Əlbəttə ki, bu da ordumuzun gücünə
güc qatıb.
Bu briqadalar
ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli
mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək
mobil hava-desant hücum birləşmələridir. Onlar günün istənilən
vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə,
həmçinin şəhər
şəraitində, bir
sözlə, hər an baş verə
biləcək silahlı
münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar.
Bu briqadalar təcrid
olunmuş və ya əsas qüvvələrdən
ayrı qaldığı
halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını
aparmağa qadirdilər.
Beləliklə, həyata
keçirilən uğurlu
proseslər, eləcə
də müasir texnologiyaların tətbiqi
ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış
komanda idarəetmə
məntəqələri Silahlı
Qüvvələrin bütün
qoşun növlərinin
dayanıqlı, operativ,
gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən
də cəbhə xəttindəki bölmələrin
yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz
edilməsi, raket və artilleriya qoşunlarının arsenalında
olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri
qoşunların döyüş
qabiliyyətini xeyli yüksəldərək düşmənin
canlı qüvvəsini,
döyüş texnikasını
və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Bütün bu islahatlar onu
deməyə əsas verir ki, Azərbaycan
Silahlı Qüvvələri
getdikcə daha da güclənir və bütün bunlar əminlik yaradır ki, tezliklə Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 30 oktyabr.- S.1; 4.