Tərəfdaşlıq sərhəd tanımır

 

Enerji sektorunda başlanan əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzura keçir

 

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 il keçir.  Bu iki ölkənin əməkdaşlığı getdikcə genişlənir  və müxtəlif sahələri əhatə edir. İtaliya bizim ticarət tərəfdaşlarımız  sırasında ön yeri tutur. Elə bu ilin birinci yarısında ölkəmizdən ixracın az qala yarısını - 48,6 faizini İtaliyaya göndərilmiş məhsulların dəyəri təşkil edib. İdxalda da bu ölkənin özünəməxsus payı var.

Azərbaycan və İtaliya prezidentlərinin qarşılıqlı səfərləri  ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı  əldə olunmuş bütün razılaşmalar  və imzalanmış sənədlər həyatda öz əksini tapır. Prezident İlham  Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya budəfəki səfəri isə Azərbaycan-İtaliya münasibətlərində yeni səhifələr açır.   

Təsadüfi deyil ki,  İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Əlbəttə, əlaqələrin xeyli hissəsi enerji sektoruna aiddir. Xüsusilə Azərbaycandan İtaliyaya çatanadək 3500 kilometr yol keçən "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - TAP (Trans-Adriatik Qaz Boru Kəməri) son illər iki ölkə arasında əlaqələri daha da möhkəmləndirib. Bu ilin sonuna TAP-la İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr olacağı proqnozlaşdırılıb.

Bu kəmərlə  Avropaya qaz nəqlinə  2020-ci ilin son günündə  başlanıb və  ixrac uğurla davam edir. Bu da o deməkdir ki, Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində daha yaxın tərəfdaş olacaqlar.

Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə  bu ilin iyul ayındakı səfəri və səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bunu bir daha təsdiq edir.

Dövlətimizin başçısı həmin hadisə ilə bağlı bəyanatında demişdir: "Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik".

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 11 səhmdarından biri məhz İtaliya şirkətidir. "Eni" uzun illərdir Azərbaycanda çalışır və onun  BTC-də  5 faizlik  iştirak payı var.

Gələcək əməkdaşlıqda qeyri-neft sektorunun  da  xüsusi çəkiyə malik olacağına şübhə  yoxdur. Məlum olduğu kimi, bu il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya UniversitetiMilan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Prezident İlham Əliyev həmin tədbirdə iştirak edib.

Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet eyni zamanda kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrikelektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elmbilik ocağı olacaq.

Hazırda isə Azərbaycanda 100-dən çox İtaliya şirkəti çalışır. Bu ölkənin şirkətlərinin iştirak etdiyi və edəcəyi  sahələr  çoxdur.  Onlardan  biri enerji istehsalı sahəsidir. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün  İtaliya şirkətləri ilə təmaslar qurulub, hətta ilkin sənədlər də imzalanıb. Məlumdur ki,  həmin  ərazilərdə enerji istehsalı üçün nəhəng potensial var. Xüsusilə də  bərpaolunan enerji mənbələrindən - sudan, günəşdən və küləkdən istifadə etmək  üçün geniş  imkanlar mövcuddur.

Azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də faydalanmaq  niyyətindəyik  və nəzərdə tutulan layihələr var. Məlumdur ki, İtaliya həm də dünya mədəniyyətinin mərkəzlərindən biridir. Qarabağda erməni vandallarının dağıdıb yerlə-yeksan etdiyi dinitarixi abidələrimizin  bərpası planlarını nəzərə alsaq, bu sahədə də  İtaliya şirkətləri  ilə geniş və çoxşaxəli əməkdaşlığa imkanlar olacaq.

 Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər  ölkələrimiz  arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq sahəsində yeni uğurlu səhifələr açılacağından xəbər verir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-3 sentyabr.- S.1; 4.