“Biz öz tərəfdaşlarımızın
ehtiyaclarını qarşılamaq
üçün əlimizdən
gələni etməyə
çalışacağıq"
Avropanın Azərbaycan qazına tələbatı getdikcə
artır. Təsadüfi deyil ki, bu
il sentyabrın
2-də İtaliyanın Çernobbio
şəhərində keçirilən
beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı
bu mövzuya həsr olunmuşdu və məhz belə adlanırdı:
"Enerji təhlükəsizliyinin
təmin olunmasında
Azərbaycanın rolu".
Ölkəmizin enerji təhlükəsizliyindəki mühüm
fəaliyyəti "Əsrin
müqaviləsi" çərçivəsində
çıxarılan nefti
nəql etmək üçün Bakıdan
Novorossiykə və Ceyhana qədər çəkdiyi ixrac
boru kəmərlərindən
başlandı. Elə burada
qeyd edək ki, uzun illərdir
Azərbaycan İtaliyanı
neftlə təchiz edən bir nömrəli
ölkədir. 2006-cı ilin yayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin nəql etdiyi neftlə yüklənmiş
ilk tankerin İtaliyaya
yola salınması da təbii və
qanunauyğun bir hadisə idi.
Xəzərin Azərbaycan sektorundakı
nəhəng "Şahdəniz"
yatağının işlənməsi
ilə ölkəmizin
enerji strategiyası şaxələndi. Təsdiq edilmiş qaz ehtiyatlarımız
ümumilikdə 2,6 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı son 10 il ərzində qonşu ölkələr
bazarında etibarlı
təchizatçıya çevirib.
Başqa sözlə,
bu, Azərbaycandan İtaliyaya, Xəzərin
sahilindən Adriatik dənizinin sahilinədək
uzanan "Cənub qaz dəhlizi"ni
çəkməyə imkan
verib. Dəhliz üç boru
kəmərini birləşdirir.
Bunlar Azərbaycanın
və Gürcüstanın
ərazisindən keçən
genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri),
Türkiyədə böyük
məsafə qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri)
və mavi yanacağı Avropaya çatdıran TAP (Trans-Adriatik
Qaz Boru Kəməri) xətləridir.
Dəhlizin uzunluğu 3500 kilometr
təşkil edir.
Dövlətimizin başçısı
dəhlizin mürəkkəb
texniki infrastruktur olduğunu xatırladaraq demişdir: "Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü
- dekabrın 31-də həmin
mühüm layihənin
yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə
və Gürcüstandan
əlavə Avropanın
üç ölkəsinə
təbii qaz ixrac edən ölkəyə çevrilib.
Bir il yarım
ərzində artıq
Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib
ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi
planlaşdırırıq. Ümumi ixracımız 22
milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Ötən ay Bakıda Avropa Komissiyasının prezidenti
xanım Ursula Fon der Lyayen və
mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa
dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji
resurslarımızın daha
da inkişaf etdirilməsi istiqamətində
atılmış çox
vacib addımdır.
Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım.
Biz Avropaya təbii
qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq
və əminəm ki, buna nail olacağıq".
"Azərbaycandan
İtaliyaya əlavə
qazın nəqli mümkündürmü?" Çıxışından
sonra jurnalistlərin suallarını cavablandırarkən
Prezident İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirib: "Əlavə
qaz həcmi nəql olunmaqdadır. Bu il bu rəqəm təqribən
10 milyard kubmetr təşkil edəcək.
Ötən illə müqayisədə
bu, daha çoxdur. Lakin əlavə qaz
həcmi üçün
biz TAP-ın texniki imkanlarını artırmalıyıq
- 10 milyarddan 20 milyard kubmetrə qədər.
Nəzərə almaq lazımdır
ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli
və birgə sərmayə layihəsini
planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır.
Çünki biz Avropa Komissiyası
ilə razılığa
gəlmişik ki,
2027-ci ilədək Azərbaycandan
Avropa İttifaqına
qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq.
TAP genişləndirilməsə, bu, mümkün
olmayacaq. Beləliklə, biz ilk olaraq bunu
etməli, daha sonra isə müqavilələrlə bağlı
danışıqlara başlamalıyıq".
Avropaya qaz ixracının ikiqat artırılması üçün vacib addımlar atılmalıdır,
yəni siyasi qərarlar verilməli, texniki tədbirlər həyata keçirilməli
və sərmayə yönəldilməlidir. Belə
ki, "Cənub qaz dəhlizi"nin
müxtəlif seqmentlərinin
imkanları fərqlidir.
TANAP-ın ötürmə
qabiliyyəti 16 milyard
kubmetrdir. Onu 32 milyard
kubmetrə çatdırmaq
planlaşdırılır. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir, imkanları
isə ən azı 20 milyard kubmetrə çatdırılmalıdır.
Bu, əlavə maliyyə vəsaiti tələb edir və məsələdə
komandanın digər üzvlərinin iştirakı
zəruridir.
Prezidentimiz çıxışında
eyni zamanda bildirmişdr ki, biz Rusiya-Ukrayna müharibəsi
nəticəsində təbii
qaz məsələsinin
avropalıların gündəliyində
ən aktual məsələlərdən biri
olduğunu görürük:
"Burada interkonnektorlar
ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan
interkonnektoru istismara verilməyə yaxındır.
Həmin
qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç
Balkan ölkəsinə çatdıracaq.
Ümumiyyətlə, deyə
bilərəm ki, Rusiya-Ukrayna müharibəsi
başlayandan biz qaz ixracının həcminin
artırılması və
ya ixraca başlanılması ilə
bağlı
10-dan artıq
ölkədən rəsmi
müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz
alan ölkələr
də var - Türkiyə, Gürcüstan,
İtaliya, Bolqarıstan
və digərləri.
Beləliklə, artan ehtiyacı
təmin etmək üçün bizim sıx əməkdaşlığa
və əlaqələndirməyə
ehtiyacımız var. Bu məqsədlə
biz artıq rəsmi olaraq Avropa İttifaqı
və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik".
Həm də söhbət təkcə təbii qazdan getmir. Buraya həmçinin
enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxıldir. Beləliklə, Azərbaycan enerji
strategiyasının üçüncü
mərhələsinə gəlib
çatıb. Bu, bərpaolunan
enerji mənbələrinə
sərmayənin qoyulmasıdır.
Ölkəmiz həmin
prosesə hələ
bir neçə il əvvəl
başlayıb. Artıq
bərpaolunan enerji sahələrindəki potensial
da dəyərləndirilib.
Bunun təkcə Xəzərin
Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda külək,
günəş və
hidroenerji stansiyalarının
potensialı 10 qiqavatdan
çoxdur.
Bu mühüm
potensialın inkişaf
etdirilməsi mərhələsi
başlayıb. Belə ki, hazırda
Azərbaycanda bərpaolunan
enerji layihələri
reallaşır. Bu ilin
yanvar ayında Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkəti tərəfindən
inşa ediləcək
240 MVt gücündə
"Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının
tikintisinə start verilib.
Daha sonra - martın 15-də Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar"
şirkəti ilə
"Qaradağ" Günəş-Elektrik
Stansiyasının təməli
qoyulub. Perspektivdə yeni layihələrin
gerçəkləşməsi dayanır.
Bir neçə
ay əvvəl Energetika
Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş-elektrik
stansiyası layihəsinin
birgə həyata keçirilməsi ilə bağlı növbəti
addımların atılması
məqsədilə 2021-ci il
iyun ayında bağlanmış İcra
Müqaviləsinə Əlavənin imzalanması
bunun əyani təsdiqidir.
Prezident İlham Əliyev
bildirib ki, bu, bizə ixrac
üçün əlavə
qaz tədarük etməyə kömək edəcək, ixrac potensialımızı gücləndirəcək.
Qaldı ki, elektrik enerjisini Avropaya necə nəql edəcəyimizə,
bu barədə dövlətimizin başçısı
belə deyib: "Gürcüstan, Türkiyə,
Bolqarıstandan keçməklə
Avropaya çıxacaq
artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç
mərhələsidir. Bu, yalnız Avropanı
deyil, həmçinin
daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın
ehtiyaclarını qarşılamaq
üçün əlimizdən
gələni etməyə
çalışacağıq".
Flora SADIQLI
Azərbaycan. - 2022.-4 sentyabr.- S.1; 4.