Azərbaycanla İtaliya arasında təhsil əlaqələri genişlənir

 

Azərbaycan-İtaliya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etdir. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Bunda diplomatik münasibətlərin də xüsusi yeri var.

Ölkələrimiz arasında diplomatik münasibətlər 30 illik tarixi əhatə edir. 1992-ci il may ayının 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf edib.

Azərbaycan və İtaliya əlaqələri möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir. İndi İtaliya Azərbaycanın ən etibarlı strateji tərəfdaşıdır. İki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə də müşayiət olunmuşdur. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu gün iki dost ölkə arasında bu sahədə əlaqələr uğurla inkişaf edir. Belə ki, elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr intensiv xarakter alıb. Onu da vurğulayaq ki, İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında "Ali təhsil üzrə Birgə Bəyannamə" imzalanıb. 2020-ci ilin fevralında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunub. Sercio Mattarellanın ölkəmizə səfəri də bunu bir daha təsdiqlədi və göstərdi ki, ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir. Bundan sonra əməkdaşlıq əlaqələri daha da genişlənməyə başladı. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etdi.

Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət isə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə edilməsi ilə qazanıldı. Bakıda təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. Bu təhsil ocağının təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub.

2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi. Tədbirdə sazişlərin mübadiləsi oldu.

Prezident İlham Əliyev bildirdi ki, bu mərasim onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik: "Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdürbirinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".

Bu il aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. Sözügedən ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet eyni zamanda kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrikelektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elmbilik ocağı olacaq.

İtaliyada universitetin yaradılması ilə əlaqədar sənədlərin mübadiləsi tədbirində İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava dedi ki, ölkələrimiz arasında elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi, gücləndirilməsi, o cümlədən güclü ikitərəfli münasibətlərin növbəti səviyyəyə qaldırılması məqsədilə İtaliya vacib hesab etdi ki, ölkələrimiz arasında, həmçinin elmi-tədqiqatlarla məşğul olan elmi işçilərin də mübadiləsi baş tutsun.

İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino isə çıxış edərək vurğuladı ki, bu gün beynəlxalq səviyyədə yaşanılan çətinliklər dövründə Prezident Əliyev öz qətiyyətini, uzaqgörənliyini nümayiş etdirərək iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha güclü təməlini məhz burada qoydu.

ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış edərək bildirdi ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasındakı münasibətlərin böyük bir hissəsidir.

Əminliklə demək olar ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. İtaliyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfərləri, eyni zamanda İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsi iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açır.

Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Xüsusilə İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasiiqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaqdır.

 

Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 4 sentyabr.- S.1; 4.