Erməni vandallarının gerçək üzü
Qarabağ müharibəsində itkin
düşən azərbaycanlıların şəxsiyyətlərinin
müəyyənləşdirilməsi istiqamətində
işlər davam etdirilir
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Onların taleyi ilə bağlı hələ də məlumat yoxdur. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. 44 günlük Vətən müharibəsində isə 6 hərbçi itkinimiz var.
Ermənilər Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətməklə yanaşı, sonrakı
30 il ərzində də öz vandal xislətlərindən əl çəkməyib, bacardıqları bütün eybəcərlikləri həyata keçiriblər. Bu günə qədər itkin düşmüş şəxslər barəsində heç bir məlumat verməyən Ermənistan, eyni zamanda vəhşiliklərini də göstərib, qətlə yetirdikləri insanları kütləvi şəkildə basdırıblar. Vətən müharibəsindən sonra Kəlbəcərdə Başlıbel kəndində, Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində ortaya çıxarılan kütləvi məzarlıqlarda iş aparmaq üçün aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdi.
Avqust ayında bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndində aşkarlanıb. Tapılan sümük qalıqları protokollaşdırılıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov qeyd edib ki, həmin sümük qalıqlarının məhkəmə-tibbi müayinəsi həyata keçiriləcək. O bildirib ki, ümumilikdə Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin 102 kisə sümük qalıqları Patoloji Anatomiya Birliyinə göndərilib: "Həmin sümük qalıqları araşdırılıb. Müəyyən olunub ki, onların içərisində 156 şəxsə aid sümük qalıqları var. Həmin sümük qalıqlarının ümumi sayı isə 10640-dır".
Direktor həmçinin deyib ki, Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən yalnız Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin skelet qalıqlarının öyrənilməsi, müayinəsi və sonradan saxlanılması üçün xüsusi şəraitə malik yerdə depolar yaradılıb və sümüklər həmin yerdə saxlanılır.
Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə
bağlı birgə pilot layihə həyata
keçiriləcək
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş konfransda çıxışında bildirib ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb. Bu müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanılıb. 2021-ci ilin noyabrından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanılıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb. Hazırda itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar erməni tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərin minalarla çirklənməsidir.
İsmayıl Axundov əlavə edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, Birinci Qarabağ müharibəsi zamanı 776 nəfər, İkinci Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir. Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilib. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox bu cür humanitar proses həyata keçirilib.
İşçi Qrupun rəhbəri deyib ki, Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycana 19 hərbçi, 6 mülki şəxs olmaqla, 25 nəfər təhvil verib. Onlardan 5 nəfəri 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir. Azərbaycan isə 159 nəfər (118 hərbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir.
Qeyd edək ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
Ermənistan kütləvi
məzarlıqların yeri barədə məlumatları
təqdim etmir
Sonuncu Brüssel görüşündə də humanitar məsələlər, əsir və girov götürülmüş şəxslərin dəyişdirilməsi, Birinci Qarabağ savaşında itkin düşmüş şəxslər ilə bağlı müzakirələr aparılıb.
"Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. Artıq münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilmişdir".
Bu sözləri Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl Beynəlxalq İtkinlər Gününə həsr edilmiş "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi - Humanitar yanaşma" mövzusunda konfransda deyib. O bildirib ki, Ermənistan itkin düşmüş şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir. Mina problemi də bu məsələlərin araşdırılmasını çətinləşdirir. Gələn aydan BQXK ilə birlikdə addımlar atılacağını deyən sektor müdiri vurğulayıb ki, bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər. BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu
itkinlərin sonrakı taleyi hazırda məlum deyil. O, BQXK-nı bu məsələləri araşdırmağa çağırıb və vurğulayıb ki, BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər.
İnsanlıq əleyhinə barbarlıq - cinayətkarlar
cəzalandırılacaqlar
Faktlar bir daha göstərir ki, Azərbaycan daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş erməni hərbçilərini geri qaytarır. Eyni zamanda onlarla ləyaqətli davranılaraq qidalanmaları, müalicə hüquqları təmin edilib. Ermənistan tərəfi isə əsir və girovlarla qeyri-insani rəftar etmişdir. Bunun nəticəsidir ki, Birinci Qarabağ savaşında əsir və girovluqdan xilas olmuş şəxslərin bəziləri aldıqları xəsarətlərdən dünyasını dəyişmiş, bəziləri isə psixoloji sarsıntılar nəticəsində müəyyən xəstəliklərə düçar olublar. Hazırda Azərbaycan-Ermənistan münaqişəsi başa çatsa da, qarşı tərəf hələ də
itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat vermir. Bununla onlar üzərlərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, beynəlxalq hüquq normalarını daim pozurlar.
Azərbaycan haqq savaşında qalib gələrək ədaləti bərpa etdiyi kimi, bir gün insanlıq və bəşəriyyət əleyhinə cinayət törədənlər də mütləq cəzalarını alacaqlar.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 4 sentyabr.- S.1; 4.