Azərbaycan Avropanın əsas enerji
təminatçılarından birinə çevrilir
Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumuna dəvət
edilməsi ölkəmizə və onun
liderinə verilən yüksək dəyərin göstəricisidir
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri iki ölkə arasında əlaqələrin yeni səhifəsini açdı. Səfər çərçivəsində Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi, Prezidentin Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı münasibətlərə yeni impuls verdi.
İtaliya və Azərbaycan arasında əlaqələr uzun illərdir davam edir. Bu dövr ərzində Azərbaycan İtaliyanın əsas neft və neft məhsulları təchizatçısına çevrilməklə yanaşı, həm də İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bunu ildən-ilə artan ticarət dövriyyəsində də görmək mümkündür. Eyni zamanda Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. 2020-ci ilin sonundan etibarən Azərbaycan TAP layihəsi əsasında İtaliyaya qaz da ixrac edir. Bir il yarım ərzində İtaliyaya 11,7 milyard kubmetr qaz ixrac olunub, bu il isə qazın həcminin artırılması planlaşdırılır.
Bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Məhz bu dövrdə iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafı siyasi ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin verdiyi mesajlar Aİ-Azərbaycan
münasibətləri baxımından vacibdir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov bildirib ki, Prezidentin İtaliyaya işgüzar səfəri, orada baş tutan görüşlər iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətlidir.
Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıb.
Deputatın sözlərinə görə, dövlət başçısının beynəlxalq forumda iştirakı ayrıca bir mühüm hadisədir, çünki beyin mərkəzi tərəfindən ənənəvi olaraq təşkil edilən forumlar daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Eyni zamanda bu, Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilindəki prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir.
Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu. Avropanın şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi olduqca kritik bir mərhələdən keçir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil edilmiş yüksək kürsüdən verdiyi mesajlar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə ölkəmizin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da vacib əhəmiyyət kəsb edir.
Hikmət Məmmədov bildirir ki, İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. "The European House - Ambrosetti" həmçinin İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir.
Deputat Prezident İlham Əliyevin bu platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, "yaşıl enerji" üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərəfdaşlığın mümkün olması məsələlərindən ətraflı danışdığını xatırladaraq deyir ki, dövlət başçısı Azərbaycanın da beynəlxalq münasibətlər sistemində dövlət kimi davranışları zamanı milli maraqlarını və beynəlxalq hüququnu əsas tutur. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edilir.
Dövlət başçısı yeni
geopolitik durumun real mənzərəsini yaratdı
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov qeyd edir ki, Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Güclü dayaqlara malik olan Azərbaycan beynəlxalq arenada həm də etibarlı tərəfdaş ölkə kimi tanınır.
Dövlət başçısı İlham Əliyevin qətiyyətli və müstəqil xarici siyasət kursu Azərbaycanı ən yüksək tribunalarda tanıtdırmaqda davam edir. Prezidentin İtaliyaya səfəri də bu baxımdan xüsusi diqqət çəkir.
Rəşad Mahmudov səfər çərçivəsində İlham Əliyevin İtaliya Prezidenti və İtaliyanın Baş naziri ilə görüşlərindən, aparılan danışıqların Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etməsindən söz açaraq bildirib ki, bu səfər həm də yeni mərhələnin əsasını qoyub: "Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı xüsusi önəm daşıyan hadisələrdən biri İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış"və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı idi. Azərbaycan liderinin bu foruma xüsusi qonaq kimi qatılması həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi".
Deputat qeyd edir ki, dövlət başçısının bu forumda xüsusi statusla iştirakı təsadüfi deyildi. Bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Ölkəmizin rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə, həm yeni geopolitik durumun real mənzərəsini yaratdı, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident bildirdi ki, ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Bundan başqa, ölkə rəhbəri artan ehtiyacı təmin etmək üçün hazırda sıx əməkdaşlığa və əlaqələndirməyə ciddi ehtiyac olduğunu, bu məqsədlə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin forumda qeyd etdiyi kimi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və "yaşıl hidrogen" daxildir. Yeri gəlmişkən, ölkəmiz sadalanan məsələlərin həlli istiqamətində yeni layihələrin icrasını planlaşdırır.
İqtisadi gücü və
siyasi müstəqilliyi Azərbaycanı lider mövqeyə yüksəldib
Deputat Prezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsinin beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandığını bildirib.
Prezident müsahibəsində regionda vəziyyətin sülhə doğru inkişaf etdiyinə ümidlə baxdığını qeyd edərək, ölkəmizin hazırlanan sülh sazişinin əsasında dayanan beş baza prinsipini irəli sürdüyünü və Ermənistanın bunu qəbul etdiyini də deyib. Prezident həmçinin vurğulayıb ki, regional inkişafla bağlı narahatlıq yaradan heç bir məqam yoxdur. Ölkəmizin rəhbəri dünya dövlətlərinin də regionda sülhün yaranmasında maraqlı olduğunu və beynəlxalq tranzit xəttində bu bölgənin roluna xüsusi diqqət yetirdiyini bir daha xatırladıb. Deputat deyib: "Dövlət başçısı bu proseslə və regionda bir çox məsələ ilə bağlı Türkiyə və Azərbaycanın demək olar ki, vahid komanda kimi hərəkət etdiyini bildirərək, bu faktorun hamı tərəfindən nəzərə alınmasını diqqətə çatdırıb. Bu mesaj bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək müttəfiqlik səviyyəsinin bəyanına çevrilib".
Rəşad Mahmudov vurğulayır ki, bu gün Avropanın enerji təhlükəsizliyi hər zaman olduğundan daha çox prioritet məsələdir və bu, Qərb ölkələrinin dövlət başçıları tərəfindən də açıq etiraf edilir. Onun sözlərinə görə, belə bir situasiyada Avropanın enerji sektorunda ən etibarlı tərəfdaşı olan Azərbaycan həm iqtisadi, həm də siyasi mövqelərini daha da gücləndirir. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün öz milli maraqlarını diktə etmək gücündədir. İqtisadi gücü və siyasi müstəqilliyi Azərbaycanı lider mövqeyə yüksəldib ki, bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir. Deputat bildirir ki, dövlət başçısının uğurlu daxili və xarici siyasətinin yekunu kimi nəinki Azərbaycan həqiqətləri dünyanın mötəbər tribunalarından səsləndirilir, həm də böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dövlət maraqlarımız qəbul olunur: "Prezidentin İtaliya səfəri bir həqiqəti yenidən təsdiqlədi. Azərbaycan beynəlxalq arenada nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir".
Rəşad Mahmudovun fikrincə, yeni dünya düzəninə regionun lider dövləti kimi qədəm qoyan Azərbaycan müasir siyasi münasibətlər sistemində bütün dövlətlərlə bərabərsəviyyəli münasibətlər qurub, mövqeyinə görə öz maraqlarını həyata keçirmək imkanına malikdir. Prezident İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə ölkəsini yüksək səviyyədə təmsil edir. Hazırda Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin müəllifi Prezident İlham Əliyev və ona bu gücü verən Azərbaycan xalqıdır.
Əsmər QARDAŞXANOVA
Azərbaycan. - 2022.-6 sentyabr.- S.3.