Avropanın etibarlı tərəfdaşı

 

"Bizim sözümüzün imzamız qədər qüvvəsi var". Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyada "İl Sole 24 Ore" qəzetinə müsahibəsi zamanı söylədiyi bu cümlənin ifadə etdiyi məna bütövlükdə Azərbaycanın xarici siyasətinin, beynəlxalq münasibətlərdəki mövqeyinin, əlaqələri olan hər bir dövlət və təşkilatla əməkdaşlığının məzmununu və qayəsini təşkil edir. Azərbaycanla münasibətlərdə obyektiv baxış prizmasından çıxış edən siyasiiqtisadi dairələr də həmişə bunu xüsusi qiymətləndiriblər.

 

Aİ Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir

 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün başlanmış "Brüssel prosesi"nin obyektiv gedişatı da Azərbaycan dövlətinə və onun rəhbərinə etibarlı tərəfdaşlıqdan irəli gələn ehtiramın nümunəsidir. "Brüssel prosesi"ndə Avropa İttifaqının ortaya qoyduğu mövqeyanaşma bu təşkilatla Bakı arasındakı strateji tərəfdaşlığa da mütənasibdir.

Azərbaycan-Aİ münasibətləri müxtəlif sahələr üzrə sıx və etibarlı tərəfdaşlığa əsaslanır. Bunu ilk olaraq iqtisadi sferadakı rəqəmlərdən də görmək olar. Belə ki, Aİ 700-dən çox şirkət ilə ölkəmizdə ən böyük investordur. İnvestisiyaların həcmi isə on milyardlarla dolları ötür.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin nüvəsini təşkil edir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Artıq il yarımdır ki, "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir və Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çatdırılır.

Azərbaycanla Aİ arasında enerji dialoqu yüksələn xətlə davam edirbunun ən mühüm nümunələrindən biri bu il iyulun 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bu anlaşma memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığının ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Ümumiyyətlə, Azərbaycan özünün enerji siyasəti ilə bağlı nəyi planlaşdırıbsa, ona qətiyyətlə nail olub. Aİ ilə imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Əvvəlki bütün layihələrin reallaşdırıldığını nəzərə alsaq, deyə bilərik ki, enerji sahəsindəki əməkdaşlıqla bağlı yaxın gələcəkdə yeni uğurlara nail olunacaq.

Təbii ki, bütün bunlar Aİ-yə üzv olan ayrı-ayrı ölkələrlə də Azərbaycanın münasibətlərinin strateji mahiyyətini təmin edib. Ümumilikdə isə Aİ Avropanın aparıcı təşkilatı və inkişaf etmiş Avropa dövlətlərinin rəsmi birliyi olaraq Azərbaycanın münasibətlərdə etibarlı tərəfdaş olduğunu qəbul edir, eləcə də rəsmi Bakının müstəqil siyasətinə  hörmətlə yanaşır.  Bu baxımdan Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda da ölkəmizin beynəlxalq münasibətlərdəki güclü mövqeyi və tərəfdaşlığa sadiqliyi mühüm rol oynayır. Azərbaycanın qətiyyətli siyasət yürütməsi, o cümlədən etibarlı tərəfdaş olması Aİ-nin ölkəmizin ədalətli mövqeyi barədə obyektiv yanaşma ortaya qoyması ilə şərtlənir.

 

Azərbaycanın Avropadakı dostu

 

Azərbaycanın Aİ-yə üzv olan ayrı-ayrı ölkələrlə münasibətləri strateji xarakter daşıyır. Onların sırasında İtaliya ilə münasibətlərin xüsusi yeri var. Prezident İlham Əliyevin Brüsseldən sonra  İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanması, İtaliyanın ölkəmizin birinci ticarət tərəfdaşı olması, keçən il ticarət dövriyyəmizin 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatması göstərir ki, iki dövlət arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur.

Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə VatikandaRomada həyata keçirilən layihələr həm İtaliya, həm də Vatikan tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Xüsusən Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrlə yanaşı, təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir.

Azərbaycanla İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. Bu ölkədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edildi. Həmin sənədlərdə də vurğulandı ki,  bölgədə sülh və hörmətin bərqərar olması üçün Ermənistanın BMT-nin müvafiq qətnamələrindən gələn öhdəliklərə əməl etməsi vacibdir. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter aldı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox Avropa ölkəsi üçün əsl örnək idi.

Müharibə günlərində Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edən İtaliya Azərbaycanın strateji müttəfiqi kimi hər bir məsələdə dövlətimizin yanındadır. İtaliya şirkətləri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında iştirak edirlər.

Azərbaycanla İtaliyanı birləşdirən həm də 3500 kilometrlik "Cənub qaz dəhlizi"dir. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı iki ölkənin münasibətlərini daha da sıx edən əməkdaşlığın təməli qoyuldu. Belə ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması və ADA Universitetinin İtaliyanın aparıcı universitetləri ilə əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü. Bu səfər göstərdi ki, iki dövlət arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcəkdə əlaqələrin daha da şaxələnməsinə yol açacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-6 sentyabr.- S.1; 3.