YAP-ın 30-cu ildönümü ilə
əlaqədar fərdi yazı müsabiqəsi elan edilib
Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilib.
Partiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara əsaslanan siyasətinin, qalib xalqın zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolunun araşdırılması və təbliğ edilməsi, jurnalistlərin yaradıcı əməyinin qiymətləndirilməsidir.
Müsabiqə “Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi”, “Yeni Azərbaycan Partiyası – Müzəffər Liderlə yeni zəfərlərə doğru” və “Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər” mövzuları üzrə keçiriləcək. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzulara uyğun olmalı, müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. Yazıların qəbul olunması üçün yazının dərc edildiyi mətbuat orqanının bir nüsxə çap variantı, yazının bir nüsxə elektron variantı (Times New Roman (12) şriftində, CD diskdə), yazının üç nüsxə A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) təqdim edilməli, yazıların həcmi bir səhifə (A3; 9-11 min işarə) olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Müsabiqədə iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin sürəti, jurnalist vəsiqəsinin sürəti və şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir) Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim olunmalıdır.
Yazılar mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; materialın oxucu üçün informasiyalılıq dərəcəsi; yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; ictimai maraqların müdafiəsi meyarları üzrə qiymətləndiriləcək.
Müsabiqədə birinci yer tutan şəxs 700 manat, ikinci yer 500 manat, üçüncü yer isə 300 manat pul mükafatı ilə təltif ediləcək. Həmçinin ilk on nəfərə həvəsləndirici mükafat olaraq 200 manat pul təqdim olunacaq.
Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu 2022-ci il oktyabrın 7-si saat 18:00-dək davam edəcək.
Əlaqə telefonları:
+994 12 490 80 33 / +994 77 440 02 00.
Elektron ünvan:
yapmetbuat@mail.ru
Azərbaycan.- 2022.- 6 sentyabr.- S.4.