Azərbaycan qazına tələbatın artması
gündəmdə daha vacib
yer alır
Prezident İlham Əliyev:
"Qarşıda görüləsi çox
iş dayanır"
Son dövrlər Azərbaycanın Avropaya nəql etdiyi qaza tələbatın artmasından, 2027-ci ilədək ixracın 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasından tez-tez söhbət gedir.
Bu məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda öz əksini tapmış, eləcə də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumdakı çıxışının və həmin ölkənin "İl Sole 24 Ore" qəzetinin müxbirinə verdiyi müsahibənin başlıca mövzularından olmuşdur.
Avropaya qazı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) çatdırır. Buna görə də ixracın artırılmasından söz düşəndə ilk növbədə bu kəmərin ötürücülüyünün artırılması zəruriliyi fikri irəli sürülür. Lakin dövlət başçısının dediyi kimi, burada söhbət təkcə TAP-dan getmir: "Avropaya ixracı iki dəfə artırmaq böyük işdir.
Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir".
Potensial olaraq ölkəmiz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilər. Lakin nəzərə alınmalıdır ki, Avropa Azərbaycan üçün yeganə bazar deyil. Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Gürcüstan bazarı o qədər böyük olmasa da, bu qonşu ölkəyə də mavi yanacaq verilir. Bu il ölkəmizin ümumi ixracı 22-23 milyard kubmetr təşkil edəcək.
"Cənub qaz dəhlizi" üç boru kəmərindən ibarət inteqrasiya edilmiş ixrac xətləri sistemidir. Bu dəhliz Azərbaycandan və Gürcüstandan keçən genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyənin ərazisi boyu 1850 kilometr yol qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri ) və sonuncu seqment olan TAP-ın birləşməsindən yaranıb. Prezident İlham Əliyev dəhlizi belə xarakterizə edir". O, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
Təbii ki, qazın nəqlini artırmaq üçün eyni zamanda TANAP da genişləndirilməlidir. Bu xəttin ötürücülüyü 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılmalıdır. Doğrudur, bunun üçün yeni kəmər tikmək deyil, yalnız yeni kompressor stansiyalarını istifadəyə vermək lazım gələcək. Bütün bunlar isə böyük vəsait, ümumiyyətlə, kompleks şəklində həyata keçiriləcək geniş tədbirlər tələb edir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladaraq dövlət başçısı demişdir: "Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir".
Azərbaycan qaz ixracı ilə bağlı Avropanın üç ölkəsi - İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışdır. Lakin Avropanın digər ölkələrinin də Azərbaycandan qaz idxalına tələbatı var. Xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Bunların arasında indiyə qədər bizdən onsuz da qaz alan ölkələr - Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan da var. Prezidentimiz bunu qiymətləndirdiyimizi qeyd edərək bildirir ki, həmin məsələdə də xeyli tədbirin gerçəkləşməsi vacibdir. Yəni potensial istehlakçılarla fəal dialoq, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparılmalıdır. Başqa sözlə, qarşıda görüləsi çox iş dayanır.
Qaz ixracının artırılmasının şərtləri sırasında hasilatın artırılması da önəmli yer tutur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi ən azı 2,6 trilyon kubmetr təşkil edir. Hazırda "Cənub qaz dəhlizi"ni ehtiyat mənbəyi "Şahdəniz" yatağıdır. Xəzərin Azərbaycan sektorunda bir sıra ümid verən yataqlarda iş gedir və yaxın gələcəkdə onlardan hasilata başlanacağı gözlənilir. Lakin o da aydın həqiqətdir ki, hasilatı əldə etmək və onu artırmaq üçün yataqlara da böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir.
Prezident İlham Əliyev sözügedən müsahibə və çıxışlarında artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyac olduğunu bir daha vurğulayıb. Tərəfdaşlarının etibar və inamını qazanmış ölkəmizin onların ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.
Flora SADIQLI
Azərbaycan.-
2022.-7 sentyabr.- S.1; 5.