Azərbaycan bərpaolunan enerji sahəsində
də etibarlı tərəfdaş kimi
tanınır
Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri bu ölkə ilə yanaşı, Avropa İttifaqı arasında əməkdaşlığın yeni bir mərhələsinin təməlini qoydu. Azərbaycan Avropanın indiki çətin durumunda qitənin qazla təminatına mühüm töhfə verəcək.
O da məlumdur ki, İtaliya Avropadakı ölkələr arasında Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələrlə seçilən ölkədir. Bu ölkə "qoca qitə"dəki ən önəmli tərəfdaşımızdır. İtaliya həmçinin xarici ticarətdə əsas partnyorumuzdur. Cari ilin yanvar-iyun aylarında xarici ticarətdəki ixracımızın 48,6 faizi bu ölkənin payına düşüb.
Səfər zamanı dövlət başçısının bir sıra mühüm görüşləri oldu. Onlardan biri də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyasının həmsədri Xalid bin Əbdüləziz Əl-Falin ilə keçirildi.
Söhbət zamanı həmçinin Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin ölkəmizdə bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihə barədə fikir mübadiləsi aparıldı. Onu da vurğulayaq ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın investisiya "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat təşkil edəcək. Bunun da sayəsində 300 min evə elektrik enerjisi veriləcək. Eyni zamanda 220 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da atmosferə bir il ərzində 400 min ton karbon qazının atılmasını azaldacaq. Ümumiyyətlə, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sahəsində 30 faiz elektrik enerjisinin əldə olunmasını hədəfə alıb.
Məlumdur ki, dünyada ətraf mühitə zərər vurmayan bərpaolunan enerjidən istifadəyə üstünlük verilir. Bu sahədə Avropa İttifaqı ölkələri daha fəaldır. Düzdür, Almaniya atom enerjisindən tam imtina etmək çağırışı etsə də, Fransa bu təklifə hələlik qoşulmaq fikrində deyil. Ancaq müəyyən fikir ayrılıqlarına baxmayaraq, "qoca qitə"də bərpaolunan enerjidən istifadə geniş yayılıb. Hətta Avropadakı siyasi partiyalar seçkilərdə səs qazanmaq üçün bu amildən geniş şəkildə istifadə edirlər.
Bu da səbəbsiz deyil. Son iki əsrdə sənayenin
sürətlə inkişafı ətraf mühitin
çirklənməsinə səbəb olub.
Atmosferin
həddindən çox çirklənməsi
isə iqlim dəyişikliyinə səbəb
olur, kənd təsərrüfatı məhsullarının
yetişdirilməsinə, həmçinin insanların
sağlamlığına ciddi zərər
vurur. Çıxış yolu kimi alternativ
enerjidən istifadə göstərilir. Bu
üzdən hər yerdə bərpaolunan enerjidən geniş şəkildə istifadə
yolları axtarılır və elmi tədqiqatlar
aparılır. Lakin dünyanın tam bərpaolunan enerjiyə keçməsi barədə
dəqiq heç nə bəlli deyil. Məlum olan odur ki, bu
növ enerjidən istifadə sürətlə
yayılır. Hazırda dünyada istehsal olunan enerjinin 15 faizi alternativ və bərpaolunan enerjinin payına düşür. Hətta bp kimi nəhəng neft-qaz istehsalçısı olan
transmilli şirkət
də bu sahədə fəaliyyət
göstərməyə başlayıb.
Bu prosesdən
Azərbaycan da geri qalmır. Ölkəmiz zəngin neft-qaz diyarı olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə
görür. Azərbaycanda hələ 2011-ci ildən
"Qobustan" Hibrid
Elektrik Stansiyası fəaliyyət göstərir.
Onu da vurğulayaq ki, ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün
geniş mənbələrə
malikdir. Bu bizə alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır. Cari il yanvarın 13-də Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkəti ilə
"Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının
və martın 15-də
Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar"
şirkəti ilə
"Qaradağ" Günəş-
Elektrik Stansiyasının
təməlinin qoyulması
da ölkəmizdə
bərpaolunan enerjiyə
keçidlə bağlıdır.
Prezident İlham
Əliyev ölkəmizin
alternativ və bərpaolunan enerjidən istifadəetmə konsepsiyası
barədə demişdir:
"Dünyanın, demək
olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi"
də təsdiq edilib və biz öz növbəmizdə
işğaldan azad edilmiş əraziləri
- 10 min kvadratkilometr ərazini
"yaşıl enerji"
zonası elan etmişik. Artıq bir neçə
su-elektrik stansiyası
inşa edilib, fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması
ilə bağlı konkret planlarımız var".
Qeyd etdiyimiz kimi, ölkəmizdə alternativ
enerji mənbələri
çoxdur. Cəbrayıl rayonunda 240 meqavatlıq
günəş stansiyasının
tikintisi ilə bağlı növbəti
addımlar atılır.
Ümumilikdə isə işğaldan
azad olunan Kəlbəcər və Laçın rayonlarında
10 min meqavata yaxın potensial mövcuddur.
Dövlət başçısı İtaliyadakı
çıxış və
görüşlərində həmçinin bildirmişdir
ki, Avropa İttifaqı ilə neft, qaz, bərpaolunan
enerji mənbələri,
hidrogen, enerjinin səmərəliliyi və
digər məsələlərlə
bağlı geniş dialoqun aparılmasına başlanılıb. Xüsusilə ölkəmizin bərpaolunan
enerjinin istehsalı imkanları Avropa tərəfindən yüksək
qiymətləndirilir.
Beləliklə, Avropa İttifaqı Azərbaycanla həmçinin
bərpaolunan enerji sahəsində əməkdaşlıq
etmək istəyir. Buna ölkəmizin külək
enerjisi və "yaşıl hidrogen" sahəsində böyük
potensialı imkan verir. Avropa ölkəmizə bu sahədə də böyük ümid bəsləyir.
"Qoca qitə"də
Azərbaycana gələcəkdə
Avropa İttifaqı üçün bərpaolunan
enerji növlərini ixrac edən mühüm və etibarlı tərəfdaş
kimi baxırlar.
Rüstəm KAMAL
Azərbaycan.-
2022.- 7 sentyabr.- S.1; 7.