Quruculuğun baş planları

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası tikinti normativlərinə və şəhərsalma standartlarına uyğun həyata keçirilir

 

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük müharibədən ötən iki ilə yaxın dövrdə dünya bir daha Azərbaycanın gücünə şahidlik edir.

Belə ki, Azərbaycan dövləti Ermənistanı üçtərəfli bəyannamələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün yürütdüyü qətiyyətli siyasətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzuru sürətlə bərpa edir. 30 ilə yaxın müddətdə işğaldan ziyan çəkən torpaqlarımız sürətlə yenidən qurulur.

 

İlham ƏLİYEV: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır"

 

Azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərinin fonunda bütün dünya Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələr həyata keçirdiyini görür. Qarabağ və Şərqi Zəngəzurun bərpası isə kompleks xarakter daşıyır.  Həm bütün infrastrukturlar yenidən qurulur, həm yaşayış yerləri salınır, həm də kənd təsərrüfatı bərpa olunur, istehsal sahələri yaradılır.

Hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanan bərpa və quruculuq işlərinin başa çatan qismi olduqca möhtəşəmdir. Füzuli Hava Limanı, "Zəfər yolu" kimi meqalayihələrin yerinə yetirilməsi, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su elekrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərindəki yeniliklər təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işləri sürətlə gedir.

Qarabağ və Şərqi Zəngəzurun bərpasında diqqəti çəkən əsas məqamlardan biri isə quruculuq işlərinin ən müasir texnoloji əsaslarla, smart  ya "ağıllı" konsepsiyalar çərçivəsində həyata keçirilməsidir. Məsələn, Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən bərpa prosesində tətbiq olunan "ağıllı kənd" layihəsi smart quruculuğun mükəmməl nümunəsidir. Layihəyə uyğun olaraq bərpa işlərində ən müasir şəhərsalma standartları tətbiq olunur.

 Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritetdir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. İlham Əliyevin azad olunmuş bölgələrə hər səfəri yeni layihələrin təməlinin qoyulması ilə əlamətdar olur.

Dövlət başçısı bərpa və quruculuq işləri ilə bağlı daim prioritetləri açıqlayır, tapşırıq və tövsiyələrini verir. Prezidentin bu məsələdə vurğuladığı əsas məqamlardan biri odur ki, işlər kortəbii yox, planlı və sistemli şəkildə aparılmalı, bərpa ediləcək hər bir kəndin Baş planı olmalıdır. "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq Baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq" - deyə dövlət başçısı bildirib.

 

"Yaşıl enerji", "ağıllı şəhər" kimi müasir yanaşmalar tətbiq olunur

 

Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Baş plana şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, bu  ərazilərə də məskunlaşma prosesinin tələbləri şamil edilir.

Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Kəlbəcər şəhərlərinin baş planları təsdiq edilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu planlar təqdim olunub. Hər bir baş plan hazırlanarkən şəhərin özünəməxsusluğu və coğrafiyası nəzərə alınıb. Məsələn, Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Plana əsasən mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində həyata keçiriləcək və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Şəhərdə 1750 fərdi ev, 23 min mənzil olacaq. Kommunikasiya, magistral və dəmir yolları, meliorasiya xətləri bir-biri ilə vəhdət halında qurulacaq. Yeni Baş plana əsasən Ağdam şəhərinə 8 kənd birləşdirilib. Ağdam şəhərinin əhalisi 36 min nəfər təşkil edib. Birləşdirilən kəndləri və əhalinin artımını da nəzərə alsaq, şəhər əhalisi 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərdə elektriklə işləyən tramvaylar da işləyəcək. Ağdamın ətrafı isə bağlarla əhatə olunacaq.

Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

O cümlədən Füzuli, Cəbrayıl Zəngilan şəhərlərinin Baş planlarında yaşayış yeri, məşğulluq üçün imkanlarictimai-sosial rifah kimi konseptual əsaslar dayanır. Şəhərlərin hər biri mənzərəli landşaftı, ictimai məkanları, sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Bu mənada Baş planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, "yaşıl enerji", "ağıllı şəhər" və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub. Eyni zamanda bu şəhərlərin hər biri strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 8 sentyabr.- S.1; 7.