Türkiyədə keçirilən mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndələri təmsil ediblər

 

Ankara şəhəri Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədilə 26 avqust - 4 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Anadolu Günləri 24" adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.

Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Şəhər Bələdiyyəsi 2011-ci il iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi, bu il də festivalın sonuncu günü keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət olan nümayəndə heyəti iştirak edib. Şəhərin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri, xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponatlarmilli mətbəx nümunələrimiz nümayiş olunub.

Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunutürk coğrafiyasında icmaların mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.

Festivalda Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının yaşadığını və hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa dəyər verildiyini vurğulayıblar. Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək formada davam etdirdiyinə, bu il də Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə aparılan qurucluq işlərindən, keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edərək bu cür tədbirlərin keçirilməsinin ölkələrarası mədəni əlaqələrin daha da inkişaf etməsində  mühüm əhəmiyyəti olduğunu nəzərə çarpdırıblar. Yerli bələdiyyə başkanına onlara göstərilən doğma münasibətə görə təşəkkürlərini bildiriblər və hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan "Qarabağ" xalçasını Ənvər Dəmirələ təqdim ediblər.

Ankara Etimesgut Bələdiyyə Başkanı Ənvər Dəmirəl bu əlaqələrin daha da dərinləşməsini arzulamış və simvolik olaraq nümayəndə heyətinə hədiyyələrini təqdim etmişdir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2022.- 8 sentyabr.- S.7.