ZƏFƏR sərgisi

 

Bəşər tarixində ilk dəfə "smart müharibə" aparan Azərbaycan hərbi qüdrətini, müasir arsenalını dünyaya nümayiş etdirdi

 

Sentyabrın 6-8-də Bakıda keçirilən beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişiyeni müqavilələrin bağlanması üçün əla platformaya çevrilən IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri dünən başa çatdı. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bəşər tarixində ilk dəfə "smart müharibə" aparan ölkə kimi hərbi qüdrətini, arsenalını və istehsal etdiyi müasir texnikalarını, silah-sursatlarını bu sərgilərdə bir daha dünyaya nümayiş etdirdi.

 

30-a yaxın ölkədən 208 şirkətin ən müasir texnologiyaları təqdim olundu

 

Öncə onu deyək ki, "ADEX-2022" Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Üç gün davam edən sərgilərdə geniş işgüzar proqram hazırlanmışdı. Bu proqramlar əsasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçirildi.

Prezident İlham Əliyev sərgilərin açılışı münasibətilə göndərdiyi təbrik məktubunda vurğuladığı kimi, artıq ənənəvi xarakter almış "ADEX" sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır. Dövlət başçısı əminliklə bildirib ki, bu sərgilər faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcək.

Sentyabrın 6-da İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə nümayiş etdirilən müasir hərbi texnikalar, silah, PUA-larla tanış oldu. Dünyanın 30-a yaxın ölkəsindən 208 şirkətin iştirak etdiyi sərgilərdə Azərbaycanı 22 şirkət təmsil edirdi.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin təşkilati işlərinin icrası "Caspian Event Organisers" şirkətinə həvalə edilmişdi. Sərgidəki iştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderlandilk dəfə olaraq İordaniyanın müdafiə sektorunun aparıcı şirkətləri var idi. Builki sərgidə 8 ölkə milli stendləri ilə iştirak edirdi.

Sərgilər bir daha Azərbaycanın bu istiqamətdə inkişafını göstərdi. Bəlli oldu ki, Azərbaycan Vətən müharibəsindən sonra hərbi sənayenin inkişafı istiqamətində davamlı addımlar atır. Ümumilikdə hərbi sahədə kadrların hazırlanması, bu sahənin təkmilləşdirilməsi yönündə qonşu ölkələrlə birgə layihələr həyata keçirilir, qoşunların birgə təlimləri baş tutur, yeni hərbi sursatların istehsalı, alınması istiqamətində əməkdaşlıq genişləndirilir.

 

Azərbaycanın müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır

 

Prezident İlham Əliyevin söylədiyi kimi, XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir.

Bu savaşda pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirildi.

Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.

Prezidentin sərgilərin açılış mərasiminə ünvanladığı məktubunda da qeyd edilir ki, Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır: "Biz qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik".

Qalib komandanın bu fikirləri və sərgilərdə dost, tərəfdaş ölkələrin birlikdə müdafiə sənayesindəki yeniliklərini nümayiş etdirmələri həm də məğlub Ermənistana, regionda sülh istəməyən qüvvələrə açıq mesaj idi. Müdafiə sənayesini gücləndirən, daha müasir texnikalar alan Azərbaycan istənilən formalı savaşa hazırdır. Əgər Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırıb, təxribatlar törətməyə davam edəcəksə, mütləq "dəmir yumruq" işə düşərək problemi həll etmək məcburiyyətində qalacaq.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2022.- 9 sentyabr.- S.6.