Azərbaycan sülh
və tərəfdaşlıq ənənələrinə sadiqdir
Enerji təhlükəsizliyinin
kəskin problemə çevrildiyi indiki məqamda bu, xüsusi əhəmiyyət kəsb edir
Planetar miqyasda artan qarşıdurmalar, dövlətlərarası münasibətlərin gərginləşərək müharibələrə keçməsi, enerji resursları uğrunda qaydasız çəkişmələr və supergüclərin həvəslə nüfuz savaşına qalxması planetin çox gərgin münasibətlər müstəvisinə adlamasından xəbər verir. Yeni dəyərlər formalaşmamış köhnə münasibətlər arxivə atılır və unudulur. Ərzaq qıtlığı, kütləvi aclıq və enerji resurslarının nəqlindəki problemlər elə sərtləşir ki, böyük güclər bu məsələlərin həllində gözlənilmədən mehriban dostdan barışmaz düşmənə çevrilirlər. Məsələn, Ukrayna ilə Rusiya kimi.
Belə bir məqamda Qafqazda 30 illik üzücü müharibəyə qələbə ilə yekun vuran, bu ərazilərdə bütün qüvvələri sülhə və əməkdaşlığa yönəldə bilən Azərbaycan Prezidentinin "Enerji təhlükəsizliyində Azərbaycanın rolu" mövzusundakı çıxışı hamı üçün maraqlı idi. Söhbət dövlət başçısının bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən 48-ci beynəlxalq forumun plenar iclasındakı çıxışından və mətbuat təmsilçilərinin suallarına cavablarından gedir.
Faktiki olaraq "The European House-Ambrosetti" beyin mərkəzi müasir dünyada baş verən hadisələrin necə və hansı istiqamətlərdə cərəyan etdiyini dərk etmək, müharibə və əməkdaşlıq yollarını axtarmaq üçün İlham Əliyevi öz tribunasına dəvət etmişdi. Məsələ burasındadır ki, 30 illik Vətən müharibəsini qələbə ilə başa vuran, bütün qonşuları ilə stabil münasibətlər qura bilən Azərbaycan Prezidentinin təcrübəsi həqiqətən də ağır qarşıdurmaların cəngində olan Avrasiya materiki üçün müsbət təcrübədir.
Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələsində Azərbaycanın strategiyasının mərhələlərə bölündüyünü xatırlatdı. Birinci mərhələdə 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Biz həm də Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik: "Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük... Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq".
Azərbaycan ərazilərinin işğal edilməsinə, Ermənistan tərəfindən, bir sıra Avropa dövlətlərinin bilavasitə və dolayısı dəstəyi ilə 30 il işğal altında saxlanılmasına baxmayaraq, nəhəng qaz yataqlarının istismarına - enerji strategiyasının ikinci mərhələsinə start verə bildi, son 10 il ərzində qonşu ölkələrin bazarında etibarlı təchizatçıya çevrildi.
Maraqlısı odur ki, uzun illər ərzində erməni aqressiyası səngimədən kulminasiya nöqtəsinə doğru inkişaf etsə də, "Cənub qaz dəhlizi" - üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemi yaradıldı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdirildi və TANAP da qazı İtaliyaya çatdıran Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qovuşdu. Bir hissəsi hündür dağlardan, bir hissəsi dənizin dibindən keçən 3500 kilometr uzunluğunda bu mürəkkəb texniki infrastrukturun yekun hissəsi olan TAP 2020-ci ilin son günü - dekabrın 31-də istifadəyə verildi.
Azərbaycan enerji kəmərləri ilə Avropaya daha sıx bağlandıqca işğalçı Ermənistanın ambisiyaları da aqressivləşirdi. Azərbaycanın sülh səylərinə məhəl qoymayan Ermənistan məhz 2020-ci ildə bütün Azərbaycanın daha böyük ərazisini ələ keçirmək niyyəti ilə qanlı müharibəyə başladı. Prezident öz çıxışında bu incə məqamlara toxunmasa da, bir sıra Avropa dövlətlərinin Ermənistanı açıq müdafiə etməsi, əcnəbi jurnalistlərin Bakıya "hücum"u yəqin ki, hamının yadındadır. Çoxuna elə gəlirdi ki, Azərbaycan bu təzyiqlərə davam gətirməyəcək, geri çəkiləcək. Lakin Azərbaycan inadından dönmədi, Avropanın enerji təhlükəsizliyindəki vacib rolunu heç kimə güzəştə getmədən sonadək oynadı.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu il biz İtaliya bazarına nəql etdiyimiz qazın həcmini artırmağı və 10 milyard kubmetrə çatdırmağı planlaşdırırıq: "Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
Bu ilin iyul ayında Bakıda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu hadisədən iki il əvvəl işğalçı Ermənistan məğlubiyyətinin acı tamını daddı. Azərbaycan işğalçı Ermənistanı məğlub etməklə yanaşı, uzun illər ərzində Avropanın enerji resursları ilə təmin edilməsində əvəzsiz rol oynamaqla sülhə və əmin-amanlğa sədaqətini qoruyan bir dövlət olduğunu nümayiş etdirdi. İlham Əliyev çıxışında bu amili belə qiymətləndirdi: "Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir".
Azərbaycan regionda münaqişələrin dərinləşməsinə yox, əməkdaşlığın və münasibətlərin güclənməsinə xidmət edən dövlət olduğunu ortaya qoyur, yeni perspektivlərə köklənir. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilir. Bura isə təbii qazdan savayı enerji bazarının digər seqmentləri də daxil olacaq. Prezident İlham Əliyev belə deyir: "Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir".
Azərbaycan dünyanın gələcəyi ilə bağlı narahat və ehtiyatlıdır. Ukraynada müharibə nə vaxt və necə bitəcək, regional güclərin balansı necə dəyişəcək, Ermənistanın sülhə təhrik edilməsi üçün daha hansı addımlar atılacaq, bunlar günün suallarıdır. Beynəlxalq hüquq normalarının tamamilə pozulması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində yerinə yetirilməməsi, indi isə bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulması tamamilə yeni situasiyalar yaradır. Azərbaycan Prezidenti narahatlığını gizlətmir: "Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir".
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2022.-9 sentyabr.- S.1;7.