Şəhidlərin xatirəsi anıldı
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin əziz xatirəsi anılıb.
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülən şəhid gizir Ziyəddin Rəşidovun 25-ci, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Anar İsgəndərovun 21-ci, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən Tərlan Məmmədovun 26-cı, "Vətən uğrunda", "Cəbrayıllın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülən Fuad Həşimovun 26-cı, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülən Elşən Müslümovun 27-ci doğum günləri qeyd edilib.
Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının üzvləri, şəhid ailələri və qazilər birlikdə Xırdalan şəhərindəki və Saray qəsəbəsindəki Şəhidlər xiyabanlarında uyuyan igid döyüşçülərin məzarlarını ziyarət ediblər. Torpaqların bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi nümunəvi hərbi xidmət və şücaətlərdən söz açılıb.
Bildirilib ki, "Dəmir yumruq" ətrafında birləşən Azərbaycan xalqı düşmən üzərində döyüş meydanında şərəfli qələbə qazanaraq torpaqları işğaldan azad edib. Vətən müharibəsi zamanı şəhid olanların adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunub və bu işlər bundan sonra da davam etdiriləcək.
Daha sonra Ziyəddin Rəşidov, Anar İsgəndərov, Tərlan Məmmədov, Fuad Həşimov və Elşən Müslümovun yaşadıqları evlər ziyarət olunub, onların ailə üzvlərinə baş çəkilib.
Akif ƏLİYEV
Azərbaycan.-
2022.- 9 sentyabr.- S.9.