Qubada şəhid Eynulla Lətifovun xatirəsi əbədiləşdirilib

 

İkinci Nügədi kəndində Eynulla Lətifovun şərəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə  44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən söz açılıb. Vurğulanıb ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Müqəddəs vətən torpağınınn azadlığı uğrunda  şəhid olan oğulların  xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Bildirilib ki, Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlu 2001-ci il sentyabrında Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılan Eynullanın ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yolunu gedərək şücaət göstərmək olub.

Qəhrəman əsgər əvvəlcə Füzuli cəbhəsində döyüşüb. Bu döyüşlərdə yaralansa da, döyüş meydanını tərk etməyib. Sonrakı döyüş yolu Cəbrayıl və Xocavənd istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbçi yoldaşlarının rəğbətini qazanıb. Eynulla oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Çıxış edənlər  Eynullanın keçdiyi döyüş yolundan, yüksək vətənpərvərliyindən danışıblar. Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirib.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2022.- 11 sentyabr.- S.7.