Lənkəran teatrı yeni
mövsümə başlayır
Lənkəran Dövlət Dram Teatrı sentyabrın 16-da özünün 132-ci mövsümünə başlayacaq. Həmin gün sənətsevərlərə teatrın baş rejissoru Anar Babalının qələmə aldığı və quruluş verdiyi "Haqqın 44 günü" tamaşası təqdim olunacaq.
Bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.
Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Bütün bunlarla yanaşı, əsərdə Müzəffər Ordumuzun özünün yüksək əhvali-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları gənc aktyorlardan Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər.
Teatr "Haqqın 44 günü" tamaşası ilə cari ilin dekabrında İranda keçiriləcək "Sahibdelan" 12-ci Beynəlxalq Mistik Teatr Festivalında Azərbaycanı təmsil edəcək.
Bundan əlavə, bu tamaşanın Astara, Biləsuvar və digər rayonlarda da nümayiş etdirilməsi nəzərdə tutulub. İlin sonuna kimi Lənkəran sənətsevərləri Xalq yazıçısı Kamal Abdullanın "Casus", yazıçı-dramaturq İlqar Fəhminin "Qanlı namə" və mərhum yazıçı Məmmədhüseyn Əliyevin "Prokuror" tamaşalarına da baxa biləcəklər.
Hazırda hər üç səhnə əsərinin məşqləri davam etdirilir.
Ağaddin BABAYEV,
Lənkəran
Azərbaycan.- 2022.- 13 sentyabr.- S.6.