Azərbaycan ilə AYİB arasında əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edildi, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edildi. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparıldı.
Telekommunikasiya sahəsində
əməkdaşlığa toxunuldu, “Gəncə-Yaşıl
Şəhər Proqramı” çərçivəsində həyata
keçiriləcək “Küçələrin
işıqlandırılması” layihəsinə dair Qrant, Kredit
və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti
vurğulandı. Oxşar layihələrin
ölkəmizin digər şəhərlərində də
həyata keçirilməsi perspektivləri müzakirə olundu.
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.2.