Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatı dünya
veteranlarına və beynəlxalq təşkilatlara müraciət
ünvanlayıb
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 2022-ci il sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində həyata keçirdiyi irimiqyaslı təxribatla bağlı bəyanat yayıb.
Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, dünya veteranları və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda deyilir: “2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində həyata keçirdiyi irimiqyaslı təxribat nəticəsində 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan birgə Bəyanatın şərtləri növbəti dəfə pozulub, məlum insident Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında itkilərə səbəb olub. Post-müharibə dönəmindən sonra da dövlətimizə qarşı mina terrorunu davam etdirən, respublikamızın ərazi bütövlüyü və suverenliyinə qarşı davamlı diversiyalar həyata keçirən Ermənistanın sentyabrın 12-də təxribatı beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla yanaşı, regionda sülh və sabitlik baxımından da ciddi təhdidlərin yaranmasına səbəb olub. Bu təxribat Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin taleyini də qeyri-müəyyən vaxta qədər təxirə salıb, hər iki dövləti narahat edən problemlərin siyasi müstəvidə tənzimlənməsi prosesinə zərbə vurub.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hesab edirik ki, Ermənistanın Azərbaycana yönəlik terror və təxribat xarakterli addımlarına beynəlxalq ictimaiyyət, o cümlədən dünya veteranları, beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlər biganə qalmamalı, rəsmi İrəvanın beynəlxalq hüquqa zidd olan militarist siyasətinə qarşı öz etirazlarını bildirməlidirlər. Çünki Ermənistanın Azərbaycan xalqını hədəf alan təxribatçılıq siyasəti sadəcə ölkəmiz üçün deyil, bütün sivil dünya və bəşəriyyət üçün ciddi təhdid təşkil etməkdədir. Dünya veteranları, beynəlxalq təşkilatlar 12 sentyabr təxribatı ilə bağlı Ermənistana öz etirazlarını bildirməli, yaxın gələcəkdə oxşar təxribatların baş verməməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməli, hadisə və proseslərin inkişafını diqqət mərkəzində saxlamalıdır.
Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
olaraq sentyabrın 12-də törədilmiş
təxribatı qınayır, bunu Ermənistan
hakimiyyətinin anti-sülh, anti-humanist siyasətinin növbəti təzahürü
kimi qiymətləndiririk. Ümid
edirik ki, dünya veteranları və beynəlxalq təşkilatlar
terror və təxribatı dövlət siyasəti səviyyəsinə
qaldıran Ermənistanın təxribatlarını
cavabsız qoymayacaq, beynəlxalq hüququ və ədalət prinsipini
rəhbər tutaraq rəsmi İrəvana
öz sərt etirazlarını bildirəcək,
Azərbaycanın sülh siyasətinə
aşkar dəstək ifadə edəcəklər”.
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.4.