“Dəmir yumruğ"un növbəti zəfəri

 

Azərbaycana qarşı hərbi təxribatlar Ermənistana bu dəfə də baha başa gəldi

 

Son günlər Azərbaycan Ordusunun dövlət sərhədi istiqamətində mövqelərini intensiv atəşə tutan Ermənistanın hərbi bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə layiqli cavablarını aldılar. Ordumuzun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri bir daha göstərdi ki, "dəmir yumruq" yerindədir və düşmənin istənilən təxribatçı hərəkətinin qarşısını dərhal alır. Növbəti dəfə təxribat törədən erməni silahlı qüvvələri canlı qüvvə və döyüş texnikası sarıdan böyük tələfat veriblər.

 

Ordumuz düşməni canlı qüvvə və texnika sarıdan ciddi itkilərə məruz qoyub

 

Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ərazisindən atəşə tutulması son günlər daha da intensivləşmişdi. Xüsusən bu ölkənin tarixi Azərbaycan əraziləri olan  Basarkeçər,  Çəmbərək, Gorus, Qarakilsə və Tovuzqala rayonlarından Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində təxribatların həyata keçirilməsi sistemli hal almışdı. Bir neçə gün əvvəl hətta bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalmışdı.

Təxribatçı əməllərini davam etdirən düşmənin diversiya qrupları sentyabrın 12-də sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Bununla yanaşı, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.

Təbii ki, vəziyyət belə qala bilməzdi və Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuzun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. 

"Dəmir yumruğ"un qətiyyətli cavab əməliyyatı nəticəsində Ermənistan ordusunun atəş nöqtələri darmadağın edilib. Müzəffər Ordumuz düşmənin təxribat əməliyyatlarına cəlb olunmuş canlı qüvvəsini və döyüş texnikasını ciddi itkilərə məruz qoyub.

 

Xəstə erməni təfəkküründən normal məntiq gözləmək mümkün deyil

 

Xatırladaq ki, bundan əvvəl genişmiqyaslı hərbi əməliyyat avqustun 3-də baş vermişdi. Həmin vaxt Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri ordumuzun bölmələrinə qarşı terror-təxribat əməli törətmiş, nəticədə hərbi qulluqçumuz Anar Kazımov şəhid olmuşdu.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdilər.

Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində ərazidəki Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülmüşdü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılmış, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilmişdi. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş və yaralanmış, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilmişdi.

Bu hadisədən sonra Ermənistana bir daha xəbərdarlıq edən Prezident İlham Əliyev demişdi: "Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaqheç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".

Bu əməliyyatdan və xəbərdarlıqdan sonra  məntiqlə normal təfəkkür sahibi növbəti təxribata  əl atmalı deyildi. Amma Ermənistanda bunun əksini görürük.  bir daha aydın olur ki, xəstə erməni təfəkküründən normal məntiq gözləmək mümkün deyil.

 

Ermənistan münasibətlərin normallaşmasında və sülh prosesində maraqlı deyil

 

Əlbəttə, baş verənlərdə Ermənistanın münasibətlərin normallaşdırılması prosesindəki destruktiv mövqeyi də əsas rol oynayır.  Hələ Vətən müharibəsindən əvvəlki dönəmdə danışıqlar prosesinin gedişatı göstərir ki, hansısa irəliləyiş məqamında və hansısa razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törədib.

Eyni xətti bu günkü Ermənistan rəhbərliyi davam etdirir. Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində prosesin pozulmasına yönəlmiş şərtlərin irəli sürülməsi, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi İrəvanın münasibətlərin normallaşdırılmasının qarşısını almağa hesablanmış məqsədyönlü və destrukiv fəaliyyətinin göstəricisidir. Görünən odur ki, Ermənistan münasibətlərin normallaşmasında və bütövlükdə sülh prosesində maraqlı deyil.

Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi hər dəfə belə təxribatlarının iflasa uğramasından sonra ora-bura zəng edir, xarici siyasi mərkəzlərdən dəstək almağa çalışır. Bu dəfə də eyni hal təkrarlandı. Paşinyanın gecənin yarısı zəng etmədiyi dövlət başçısı olmadı, yenə də telefonlardan sallanaraq, ordan-burdan kömək istədi. Amma bütün bunlar Azərbaycanın Ermənistanı cəzalandırmaq tədbirlərinin qarşısını ala bilməzdi, necə ki, 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçılara döyüş meydanında divan tutmuşdu. Bu dəfə də Ermənistan üz tutduğu dövlətlərdən və təşkilatlardan heç bir dəstək ala bilmədi.

 

Paşinyan xaricdən silah ala bilmir

 

Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında şəhidlik zirvəsinə yüksələnlər də oldu. Lakin onların qanı yerdə qalmadı. Düşmən çoxsaylı canlı itkiyə məruz qaldı. Dünən  Ermənistan parlamentindəki çıxışında  baş nazir N.Paşinyan da Ermənistanın böyük canlı itkiyə məruz qaldığını etiraf etdi.

Paşinyanın bir etirafı da Ermənistanın xarici ölkələrdən silah alması ilə bağlı oldu. Belə ki, erməni baş nazir bildirib ki, Ermənistan silah alınması üçün bütün maliyyə imkanlarına sahibdir, lakin elə ölkələr var ki, onlara silah satmırlar. Öncə onu qeyd edək ki, heçbütün ölkələr inkişaf etmiş hərbi sənaye kompleksinə malik deyillər. Həmçinin bu sahədə aparıcı dövlətlər hər ölkəyə silah satmırlar. Fəxrlə qeyd edə bilərik ki, bu gün Azərbaycan inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan ölkələrlə səmərəli əməkdaşlıq edir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun tətbiq etdiyi modern hərbi texnika da bunu təsdiqləyir. Ermənistana gəldikdə, birincisi, bu ölkə silah almaq üçün güclü maliyyə imkanlarına malik deyil, erməni lobbisinin ianələri isə müasir silahların alınması üçün yetərli ola bilməz. Ermənistana silah satılmaması isə bir çox amillərlə bağlıdır. Onların sırasında, təbii ki, bu ölkənin işğalçı siyasət yürütməsi və Azərbaycanın siyasi-diplomatik fəaliyyəti əsas rol oynayır.

Bütövlükdə Ermənistanın hərbi təxribatı bəlli həqiqətlərə yeni aydınlıq gətirdi. Bir daha məlum oldu ki, 44 günlük müharibədə darmadağın edilən Ermənistan hələ də məğlubiyyətindən dərs götürmək istəmir. Ən əsası, bir daha sübut olundu ki, respublikamıza qarşı istənilən təhdid və təxribat Ermənistana baha başa gələcək. Xəbərdarlıqlardan nəticə çıxarmaq istəməyən Ermənistanın təxribatının qarşısının qətiyyətlə alınması, düşmənin şəxsi heyətinin və atəş nöqtələrinin məhv edilməsi göstərdi ki, "dəmir yumruq" istənilən an düşmənin başını əzməyə qadirdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 14 sentyabr.- S.6.