Haqq savaşçıları

 

Şanlı Azərbaycan əsgəri Vətənimizə göz dikən yağını hər an məhv etməyə hazırdır

 

Bu azman oğullar şücaətləri ilə azad etdilər Vətən torpaqlarını...

Bu ərənlərin hünəri ilə ay-ulduzlu, üçrəngli müqəddəs bayraqlarımız dalğalandırıldı işğaldan qurtulan yurdlarımızın şah zirvələrində...

Şanlı Azərbaycan əsgərinin, haqq savaşçılarının Zəfər yürüşü qovuşdurdu bizi ana torpağa...

 

Qələbəyə inamla

 

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması xalqımızın səbrini daşıran son damla oldu. Müzəffər Ali Baş Komandanın vətən uğrunda "İrəli" əmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarının harayına hay verdi. İgidlərimiz silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə, illərdir ürəyimizdə yaraya, könlümüzdə qubara çevrilən Qarabağı düşmən əsarətindən qurtarmağa şığıdılar.

Qələbəyə doğru inamla irəliləyən mərd əsgərlərimiz düşməni torpaqlarımızdan qarış-qarış qazıyıb atmağa, kəndlərimizi, şəhərlərimizi bir-bir azad etməyə başladılar. Vətən müharibəsinin 44 gününün hər birində xalqımız Zəfər təntənəsi yaşadı.

Hər gün ön cəbhədən arxaya xoş müjdələr gəldi. Azərbaycan başdan-başa qələbə əhvalına büründü, sevinc gözyaşları tökən insanlarımız əllərində üçrəngli bayraqlarımızla Şəhidlər xiyabanlarına üz tutaraq qisasın qiyamətə qalmadığını müjdələməyə tələsdilər. 

O 44 gün ərzində düşmənə qəzəb hissi ilə silahlanmış vüqarlı oğullarımız daim irəli atıldılar, yerdə, göydə mənfurlara aman verməyərək onları qarşılarında diz çökdürdülər.

 

Tarixi ədalət zəfər çaldı

 

Tarixin 8 noyabr 2020-ci il təqvimi isə Azərbaycan xalqının taleyinə Zəfər günü kimi qızıl hərflərlə həkk olundu. O gün ilahi əzm nümayiş etdirərək Qarabağın baş tacı, vətən qibləmiz Şuşanı dünyada misli görünməmiş qəhrəmanlıqla azad edən igidlərimiz xalqımıza parlaq qələbə bəxş etdi. Qorxmaz oğullarımızı Şuşanın azadlığı yolunda çıxdıqları müqəddəs yoldanuca dağlar, nə keçilməz meşələr, nə də aşılmaz sıldırımlar yayındıra bildi. Qəhrəmanlarımız biləklərinin haqqı ilə nahaqqa qalib gəldilər, torpaqlarımızda rişələnmək istəyən zülmün kökünü kəsdilər. İşğalçı, xain, mənfur, hiyləgər, faşist xislətli düşməni məhvə məhkum etdilər.

"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın hərb tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində igid əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı.

İgidlərimiz ana yurd uğrunda öz canlarını qurban verməkdən belə çəkinməyərək şəhid, qazi oldular, amma yenə də düşmənə aman vermədilər, mənfurun nəfəsini boğdular. Bayrağımızı illərlə həsrətini çəkdiyimiz yurdlarımızda qürurla dalğalandırdılar.

Haqq uğrunda çıxdığımız Vətən müharibəsi əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı...  

 

Qisasımız ağır olur

 

10 noyabr 2020-ci ildə əzici məğlubiyyətinin altına rəsmən imza atan Ermənistan ötən bu müddət ərzində təcavüzkar siyasətindən əl çəkmədi, sərsəm davranışlar sərgilədi.

Azərbaycanın onlara səbirli yanaşmasından sui-istifadə edərək, barışığa əngəl olmaq üçün, müxtəlif təxribatlar törətmək üçün quduz iştaha qapıldı, ölkəmizə qarşı müxtəlif təxribatlara əl atdı. Gah ərazilərimizə mina basdırdı, gah qanunsuz səfərlər təşkil etdi, gah da sərhədlərimizdə atəşi pozmaqla həddini aşdı. Necə deyərlər, zaman dəyişir, amma erməninin faşist xisləti dəyişmir. "Qozbeli qəbir düzəldər" gerçəkliyi də öz yerində...

Amma xain düşmən hər dəfəsində törətdiyi mənfur əməllərinin layiqli qarşılığını artıqlaması ilə alır. Çünki Azərbaycan əsgərinin "dəmir yumruq" zərbəsi hər an düşmənin başı üzərindədir. Elə bu ilin avqustunda da azğın düşmən özbaşınalıq edərək sərhədlərimizdə təxribat törətməyə çalışmışdı və Azərbaycan Ordusunun "Qisas" cavab əməliyyatı nəticəsində sarsıdıcı zərbəyə məruz qalaraq yerində otuzdurulmuşdu.

Eləcə də faşist xislətli ermənilərin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmələrinə cavab olaraq qəhrəman oğullarımız düşmənin yenidən başını əzdi, mənfurları məhvə məhkum etdi.

 

Vətən sevdalı oğullar

 

Bəli, bu gün 30 illik Qarabağ həsrətindən qurtulmuşuqsa, yüz minlərlə vətəndaşımızın yurd nisgilinə son qoyulubsa, üçrəngli ay-ulduzlu bayrağımız bütün zirvələrimizdə qürurla dalğalanırsa, bu, məhz vətən sevdalı oğullarımızın sayəsində mümkün olub.

Cənnət qoxulu vətənimiz bütöv olsun deyə, xalqımız Odlar yurdunda xoşbəxt yaşasın deyə mərd oğullarımız Vətənin keşiyində ayıq-sayıq  durublar.

Ey şanlı Azərbaycan əsgəri, Zəfər savaşçıları!

Canını ana torpağa qurban deyən, şəhadət aşiqləri, Vətən fədailəri!

Siz ey, qəhrəman, şücaətli, igid Azərbaycan oğulları!

Fəxr ünvanımız, qürur mənbəyimizsiniz...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 14 sentyabr.- S.6.