Ermənilər ayağa
qalxdılar: "Paşinyan, yenə də
məğlub olacaqdınsa, balalarımızı niyə
qırdırırdın?!"
Sentyabrın 12-də Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulması ilə ordumuzun qətiyyətli cavab əməliyyatı keçirməsi bu dəfə də düşmənə baha başa gəldi.
Azərbaycan Ordusu bununla da ermənilərə növbəti hərbi dərs verdi. Təbii ki, bu vəziyyət Ermənistanda çaxnaşma yaratmaya bilməzdi.
Erməni siyasi ekspert Qayk Kərəmyan qeyd edir ki, hərbi əməliyyatlar fonunda iki ölkə arasında münasibətlərin bərpasının uzanması Ermənistanın sonunu gətirməkdədir. Onun fikrincə, sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Kərəmyan diqqəti ona da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşamasına rəvac verir. O vurğulayıb ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır.
Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib.
Erməni siyasi ekspert Armen Simonyan bəyan edir ki, Ermənistan iki ildir sülh müqaviləsinin imzalanmasına maneçilik törədir, müxtəlif bəhanələrlə onu əngəlləməyə çalışır. Baxmayaraq ki, kommunikasiyaların bərpası iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə deyib ki, təxribatlar baş verərsə, Azərbaycan müharibənin bitmədiyini daim xatırladır. Müharibədən sonrakı dövrdə isə tərəflər yeni sərhədlər formalaşdırır və bu, yerlərdə əlverişli mövqelər uğrunda gedən bir yarışdır: "Ümumiyyətlə, müharibədən dərhal sonra Azərbaycan tərəfi əsas istiqamətlərdə taktiki-strateji üstünlük əldə etdi. Ancaq elə sahələr var ki, orada mövqe mübarizəsi hələ də davam edir və bu, situasiya dəyişiklikləri ilə müşayiət olunur. Azərbaycan öz mövqe üstünlüklərindən istifadə edir və Ermənistanın hakimiyyət orqanlarına daim xatırladır ki, razılaşmalar yerinə yetirilməsə, daha ağır hərbi əməliyyatlar gündəmə gələcək. Ermənistan hakimiyyətinə təzyiqlər davam edəcək".
Sosial şəbəkələrin ermənidilli seqmentini son hadisələr nəticəsində Ermənistan tərəfində itkilərin sayının artması ətrafında müzakirələr zəbt edib. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, bir gecə ərzində məhv edilən ermənilərin sayı dəfələrlə çoxdur, xeyli yaralı da var.
Bir sözlə, Azərbaycan Ordusunun son dərsi ermənilərdə böyük bir xof, ümidsizlik yaradıb. Erməni siyasətçilərinin səsləndirdikləri fikirlərdən, saytların hazırladıqları reportajlardan, sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq.
Karen Simonyan adlı birisi feysbukda yazıb: "Qardaşım Manvellə "Telegram" vasitəsilə axşam danışdım. Mənə dedi ki, Karen, dəhşətli döyüşlərdən sonra qorxu hələ də canımızdadır. Dedi ki, onlarla erməni gənci belə yaşamaqdan bezib, onlar sülh, rahat yaşayış istəyirlər. Müharibə bizə sərf etməz. Texnikada çox geridəyik".
Avaq Qurqenyan adlı istifadəçinin tviterdə paylaşımı isə daha çox "retweet" olunub: "Dünən bir video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı məhv ediblər. Azərbaycan əsgəri kabusumuz olub. Paşinyan, yenə də məğlub olacaqdıqsa, bizim balalarımızı niyə qırdırırdın?"
"Odnoklassniki" sosial şəbəkəsində döyüşlərlə bağlı paylaşılan xəbərə Melkon Qasparyan adlı istifadəçinin rəyi daha çox bəyənmə toplayıb: "Qarabağ müharibəsindən sonra növbəti həyəcanı yaşayıram. Həmin vaxt qorxudan sarılıq tapdım. Cermuxda vəziyyət çox qorxuludur. Yalanlardan cana doymuşuq. Axı İlham Əliyev xəbərdarlıq etmişdi. Hər dəfə uduzuruqsa, niyə başlayırsınız? Birtəhər sakit oturmuşduq da. Paşinyan, özünü bizim yerimizə qoy!"
Aşot Babayan adlı istifadəçi isə feysbukda yazıb: "Dayılarım Qarabağda müharibədə ölüb. Daha insanların ölməsini istəmirəm. Boş yerə insanlarımız ölüb. Erməni xalqı indi dünyanın ən cılız xalqına çevrilib. Bu nə bədbəxtlikdir?"
Xoren Sarkisyan adlı İkinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı tviterdə çox maraqlı bir statusu ilə diqqət çəkib: "Müharibədə döyüşlərdə sağ qalmağım möcüzə idi. Lakin son itkilərimiz məni ciddi narahat edir. Niyə düzgün rəqəmləri açıqlamırsınız. Qarabağı unudaq, müharibəsiz Ermənistan arzulayaq. Yaxınlarımın, zabit dostlarımın ölüm xəbərini eşidib psixoloji sarsıntı keçirirəm".
Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur...
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.6.