Asiya İnkişaf Bankı ilə hazırlanacaq tərəfdaşlıq strategiyası əməkdaşlığın genişləndirilməsi üçün önəmlidir

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şiksin Çenlə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. AİB enerji, səhiyyə, təhsil, rəqəmsal inkişaf, risklərin idarə olunması sahələrində icra olunan regional layihələr çərçivəsində ölkəmizə dəstək göstərir, Bankın dəstəyi ilə əhəmiyyətli layihələr reallaşdırılır. Qeyd edilib ki, Asiya İnkişaf Bankı ilə 2023-cü ildə hazırlanacaq Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası potensial sahələr üzrə əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olacaq.

İqtisadiyyat naziri, həmçinin Azərbaycanda yeni inkişaf mərhələsinə keçidi təmin edəcək “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyini, ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritetin reallaşdırılmasının əsas hədəf kimi müəyyənləşdirildiyini vurğulayıb və bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini deyib.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.

 

Azərbaycan.- 2022.- 15 sentyabr.- S.2.