Vətən oldu oğullar

 

Şəhidin var, Vətən!

Qaraca torpağını al-qanıyla suvarıb laləzara çevirən sevdalıların…

Şəhidin var, Vətən!

Zərrən uğrunda canını heçə sayan igidlərin…

Şəhidin var, Vətən!

Özünü sənə qurban deyən milyonların...

Başın sağ olsun, Vətən!

Təki sən sağ ol, Vətən!..

 

Əbədiyyət  yolçuları

 

Qaralar bağlama, ana, saçlarını yolub rüzgarlarla sovurma!

Ana, sil gözlərinin yaşını, ağlama!

Köksümdəki o al yaraya baxıb sızlama...

Sən ki hamıdan çox bələdsən mənə...

Bilmirsənmi, düşmən gülləsindən ölmərəm?!

Başını uca tut, ana!

Sən cismimə sarılmış o üçrəngli müqəddəs bayrağa bax...

Göylərə bax...

Oradan gülümsəyəcəm sənə,

Günəşin bir zərrəsindən, ulduzların şəfəqindən...

Səsləyəcəm səni...

Buludların göz yaşı misalı Yer üzünə axıtdığı hüznlü damlaların,

həzin laylasında qulaq ver ünümə...

Əlvida, ana!

Ürəyindən süzülərək gözlərindən axan yaşla arxamca su çilə, ana!

Mən əbədiyyət yolçuluğuna çıxmışam...

Ölməz ruhumla Tanrıya sarı üz tutmuşam...

 

Canım sənə fəda, Vətən

 

2022-ci ilin son baharında xalqımızın bağrına od-alov düşdü. Pəhləvancüssəli oğlanlarının şəhidlik xəbəri ilə sarsıldı, düşmənə qəzəb atəşi ilə silahlandı. Mənfur, faşistxislətli ermənilərin namərdlikləri nəticəsində neçə-neçə ana-atalar oğulsuz, övladlar atasız, həyat yoldaşları başsız qaldı... 

Həmin gün - sentyabrın 12-də gecənin zülmətindən istifadə edən yağı düşmən fitnə-fəsadla yurduma soxulmaq istəmişdi. Lakin mənfurların bu bədnam istəkləri gözlərində qaldı hünərli oğullarımız onlara elə bir toy tutdular ki, ağır aqibətlərini min illərin o üzündə belə unuda bilməyəcəklər. 

"Canım sənə fəda, Vətən" deyə irəli atılan igidlərimiz ana torpaq uğrunda ölüm-dirim savaşına çıxdılar, düşmənə yerdə, göydə aman verməyib onların külünü göyə sovurdular. Lazım gəldiyi anda Azərbaycanın qəhrəman oğulları Vətən yolunda sinələrini düşmən gülləsinə sipər etməkdən belə çəkinmədilər, bu uğurda son damla qanlarınadək vuruşub şəhadətə yüksəlməyi özlərinə şərəf bildilər. Bir daha bütün dünyaya sübut etdilər ki, bu torpaq onlar üçün, sadəcə, quru yer deyil, qanları ilə suvarıb laləzar çəmənliyə çevirdikləri, bayraqlarımızın qürurla dalğalandığı ana Vətəndir. 

 

Biz bir ölürüksə, min dirilirik

 

O gün qorxaq, xain, hiyləgər düşmən bir anlıq qəflətə düşərək, quduz iştahlara qapılmağa cürət etmişdi, amma dərhal da başına dəyən "dəmir yumruğ"un zərbəsindən sarsılaraq bir daha anlamışdı ki, Azərbaycan ərənlərinin qarşısında alçaq düşmən heç vaxt at oynada bilməz. Çünki biz haqq yolunda bir ölürüksə, min dirilirik.

Elə faşistxislətli düşmənin həmin vaxt törətdiyi təxribatlara qarşılıq olaraq, Azərbaycan Silahlı Qüvvələrinə uğurlu əməliyyat üçün cəmi 7 saat vaxt bəs etdi:

- Laçın, Kəlbəcər Zəngilan istiqamətində sərhəddə Ermənistanın qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın etməyə;

- bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürməyə;

- Ermənistanın xeyli sayda hərbi texnikasını, yüz milyonlarla dollardan artıq dəyəri olan iki S-300 raketini, 200 nəfərə yaxın canlı qüvvəsini, çoxlu sayda hərbi obyektini onlarca postunu məhv etməyə.

Rəşadətli Azərbaycan Ordusu  7 saatlıq qısa zaman kəsiyində həm düşmənin layiqli cavabını verdi, həm şəhidlərimizin qanını yerdə qoymayaraq onların qisasını aldı.

 

Vətən eşqi

 

Bəli, bu oğullar könül bağıyla bağlıdırlar can Azərbaycana

Sevdaların ən tutqulusunu, sevginin ən ülvisini Vətən eşqi sayırlar

Vətənin bağrında daşa dönməyə, qəlbində pardaqlanmış qönçələrə çevrilməyə, al-qanlarıyla torpağa "Vətən" yazmağa, torpağı Vətən etməyə könüllü olublar

Möcüzənə şükür, İlahi, bu oğullar kiçik ürəklərinə dağ boyda Vətən sığdıra biliblər...

Fəth ediləcək, ucalacaq ən yüksək zirvəni şəhadət sayırlar özlərinə 

Uca məqamınız qarşısında baş əyirik, ruhunuz şad olsun, Vətən oğulları!

Bu torpaqdan yoğruldu 

Bu torpaqdan doğuldu...

Bu torpağa can oldu...

Şəhid oldu oğullar

Vətən oldu oğullar

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 15 sentyabr.- S.1; 6.