Erməni ordusu
azərbaycanlı mülki əhalini də
hədəfə alıb
Bu, beynəlxalq
normaları kobud şəkildə
pozmaqdır
Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.
Belə ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.
Ermənilər tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt var. Ermənistan ordusu Azərbaycan Ordusu ilə üz-üzə döyüşmək əvəzinə dinc sakinləri, silahsız qadın və uşaqları hədəf alır. Bu gün Ermənistanın antiinsani mahiyyəti işğalçı ölkənin yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olmasından xəbər verir. Ona görə də bu, region dövlətləri tərəfindən aydın dərk edilməlidir. Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan ərazisindən kaset tipli raket hücumuna məruz qalması da bu yaramazlığın bariz sübutudur.
Azərbaycanın qəti cavabı
2020-ci il Tovuz hadisələrindən hazırkı hadisəni fərqləndirən cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan Ordusu Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan mövqeləri arasındakı əraziləri və təchizat marşrutlarını minalamaq üçün hərəkətə keçmişlər. Düşmənin Azərbaycan Ordusuna ziyan vurmaq imkanlarını zərərsizləşdirmək məqsədilə Silahlı Qüvvələrimiz qətiyyətli cavab əməliyyatı keçirmiş və Ermənistanın hərbi qüvvələrinə sarsıdıcı zərbə endirmişdir. Düşmənin döyüş postları, silah-sursat anbarları dağıdılmış, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılmışdır. Azərbaycan Ordusu ermənilərin Laçın, Zəngilan və Kəlbəcər istiqamətlərində genişmiqyaslı təxribatlarına qarşı ehtiyat tədbirləri görərək buna uyğun cavab vermişdir. İşğalçı Ermənistanın təxribatının qarşısını layiqincə alan Azərbaycanın Silahlı Qüvvələri düşməni yerində otuzdurmuşdur. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri sərhədboyu ərazilərdə təxribatlar törətməyə cəhd göstərmiş və hər dəfə də ağır itki ilə üzləşərək silah-sursatlarını atıb qaçmışdılar. İtkilər çox olsa da, erməni tərəfi bunu gizlətməyə çalışmış və ölkə ictimaiyyətinə yanlış informasiya vermişdir.
Düşmənin növbəti dəfə genişmiqyaslı təxribatı bir daha göstərdi ki, düşmənə qarşı hər zaman ayıq-sayıq olmaq, bütün təxribatlarına, hücumlarına hazır olmaq lazımdır.
200 nəfərə yaxın canlı qüvvə məhv
edildi
Erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı gecə saatlarında baş verməsinə baxmayaraq, Azərbaycan Ordusu hazırlıqlı idi. Odur ki, son təxribatları da Ermənistana baha başa gəldi, İrəvanın təcavüzkar planları iflasa uğradı. Düşmənin xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarca postu məhv edildi. Eyni zamanda yüzlərlə hərbçisi yaralandı.
Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycanın itkilərindən qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır.
Ermənistan xislətinə uyğun belə bir rəy formalaşdırmaq istəyir ki, guya, Azərbaycan Ermənistan ərazisinə hücumlar edir, təxribatlar törədir. Bununla da ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışır. Halbuki bütün bunlar həm Ermənistan rəhbərliyinin, həm də siyasi riyakarlıq edən bəzi beynəlxalq qüvvələrin növbəti oyunudur. Fakt budur ki, bütün təxribatlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sübutları var. Azərbaycan isə, sadəcə olaraq, onların təxribatlarına adekvat cavab verir, sərhədlərini və əhalisini müdafiə edir, düşmən hücumlarının qarşısını alır.
Ermənistanın öhdəliklərindən imtina etmə cəhdi
Bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı sülh prosesindən yayınmağa çalışan Ermənistan hakimiyyətidir. Müzəffər Ali Baş Komandanın "düşmən sülhə gəlməzsə, "dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahidlik etdi. Azərbaycan Ordusu üstün bir ordu olaraq beynəlxalq hüquqa uyğun şəkildə davranır. Öz torpaqlarını qoruyur.
Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ölkəmiz BMT qətnamələrinin icrası üçün düşməni sülhə də məcbur etmək qüvvəsindədir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dərk olunmalıdır. Ermənistanın hərbi təxribatlarının iflasa uğraması, dünya birliyinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bir daha Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq.
Elşən YƏHYAYEV
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.7.