Vətən sizə minnətdardır

 

Torpağı igidlər Vətən edir. Keşiyində möhkəm, ayıq-sayıq dayanırlar ki, düşmən tapdağına çevrilməsin, qoynu gülüstana dönsün, evlərində işıqlar daha gur yansın, uşaq gülüşləri eşidilsin. Onlar qəhrəman babalarının yolu ilə gedirlər, Vətən adlı əmanətə göz bəbəkləri kimi baxırlar. Canlarını sipər edirlər.

Sentyabrın 12-si gecəsindən başlayan Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı da Azərbaycan Silahlı Qüvvələri tərəfindən böyük şücaətlə alındı. Rəşadətli hərbçilərimiz düşmənə peşəkarlıqla, cəsarət və hünərləri ilə qətiyyətli cavab verdilər. Ermənistanın niyyətini yenidən puça çıxardılar. Azərbaycan tarixinə yeni qəhrəmanlıq səhifələri yazan hərbi qulluqçularımızdan 71 nəfəri şəhid oldu. Bu barədə Azərbaycan Respublikası  Müdafiə Nazirliyi məlumat yaydı. Adları açıqlandı. Xalq öz qəhrəmanlarını tanıdı...

 

Öndə Vətən sevgisi olanda...

 

Ömrün bahar çağlarındaydı onlar. Hərəsinin öz arzuları, özünəməxsus xəyalları vardı. Ancaq bir duyğu hər birinin qəlbinə hakim idi. O duyğunun adı Azərbaycan sevgisidir. Sentyabrın 12-si gecəsində düşmən təxribatının qarşısını almaq üçün ayağa qalxanda, silaha sarılanda da bütün duyğularının, bütün sevgilərinin, arzularının, xəyallarının önündə Vətənə məhəbbət vardı. Və onlar bir an belə tərəddüd etmədən Vətəni yağı düşməndən qorumaq naminə canlarını  qurban verdilər.

Ata-analarının, bacı-qardaşlarının ümidi idi onlar. Elələri var ki, yollarına həyat yoldaşı göz dikmişdi, evinə dönəcəyi günləri sayırdı. Elələri də vardı, balasını doyunca qucağına alıb, öpüb oxşamamışdı. Elələri var ki, övladının dil açıb "ata" deyəcəyi günün həsrətindəydi. Eləsi də var ki, körpəsi bu dünyaya şəhid övladı kimi gələcək, ona qəhrəman atasını şəkillərindən tanıdacaqlar. Bəlkə də, eləsi var ki, sevdiyi qıza hələ könlünü açmamışdı...

Onların hər birinin qısa da olsa, öz ömür hekayələri var. İyirmi altı yaşlı şəhid gizir Səbuhi Əhmədovun özü də, qardaşı Sənan da körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər. Hərb sənətini seçdiyi gündən qardaşına həmişə "mənimlə fəxr edəcəksən", - deyib Səbuhi. Sentyabrın 13-ü sabahı Sənan şəhid düşdüyündən xəbərsiz olduğu Səbuhiyə zəng edib. Telefonu başqa birisi açıb. Sənana "Qardaşının qisası alındı", - deyib.

Səbuhi qardaşına verdiyi sözün üstündə durub. İndi onunla nəinki qardaş itkisi ilə yanıb qovrulan Sənan, bütün Azərbaycan fəxr edir.

İyirmi bir yaşlı Ümid İlqar oğlu Həsənov Quba rayonunun İsnovqışlaq kəndindən idi. Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə yeni başlamışdı. Atası vəfat etmişdi. Ümid ailələrinin tək oğlu, anasının və iki bacısının ümidiydi. Subay idi...

Qazaxın Kəmərli kəndindən olan şəhidimiz, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş gizir Azər Mustafa oğlu Məmmədovun iyirmi gün əvvəl toyu olmuşdu. Toyunun sədası hələ qulaqlardan getməmiş şəhid xəbəri gəldi.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Elşən Sahib oğlu Babazadənin doğmaları isə onun toy gününü gözləyirdilər...

1996-cı ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya göz açan Elşənin on bir il qabaq anası vəfat edib. Atası Sahib üç övladını - bir oğlunu, iki qızını tək böyüdüb. Elşən Babazadə nişanlı idi, oktyabrda toyu olacaqdı...

 

Qəhrəman Azərbaycan oğulları mənfur düşmənə yenidən xatırlatdılar...

 

Onların çoxu müharibə də görmüşdü, düşmənin mənfur xislətinə də bələd idi. Elə kiçik gizir Elşən Sahib oğlu Babazadə də 44 günlük Vətən müharibəsində iştirak etmişdi. O, iki ildən çoxdur ki, Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi çalışırdı.

Xüsusi Təyinatlı Qüvvələrin giziri Əhədzadə Xəyal Əlövsət oğlu da Vətən müharibəsi iştirakçısı idi. O, "Azərbaycan Bayrağı" ordeni, "Vətən müharibəsi iştirakçısı", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəyal 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində dünyaya gəlib. Lənkəran Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. Məktəblilər arasında 40 kiloqram çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub...

Lerik rayonunun Əvilə kəndində dünyaya gələn şəhid baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət göstərib. 2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib...

Vətən müharibəsində Vətənə Zəfər gətirən igidlər bilirdilər ki, düşmən namərddir. Ermənistan nə beynəlxalq təşkilatları, nə beynəlxalq ictimaiyyəti nəzərə alır, nə verdiyi sözə əməl edir, nə də atdığı imzaya görə məsuliyyət daşıyır. Təcavüzkar dövlət təxribata, münaqişələrə meyillidir. Girəvə axtarır. Qarşısındakı xalqın iradəsini, dövlətin gücünü görsə də, bilsə də, bəd niyyətindən əl çəkmir. Burunları əzilir, amma yenə də dərs almırlar. Vətən müharibəsində gördülər ki, Azərbaycanın hər əsgəri, hər zabiti qəhrəmandır. Azərbaycan oğulları döyüşdə fərarilik etməz, düşmən qarşısında əlləri titrəməz. Azərbaycanın qəhrəman övladları Vətəni darda qoymaz. Amma bunu yenə də unutdular. Odur ki, "dəmir yumruq" yenidən işə düşməli oldu. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 12-si gecəsindən başlayan döyüşlərdə igidlərimiz canlarını sipər edərək yenidən düşmənə gözdağı verdilər.

 

İgidlərimizin hələ çox danışılacaq, yazılacaq qəhrəmanlıq dastanları var

 

Hər şəhid xəbəri bir ocağa od kimi düşdü. Neçə-neçə arzunu yandırıb kül etdi. Oğul çiynində son mənzilə getməli ikən şəhid oğlunu öz çiynində son mənzilə yola saldı atalar. Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Vadim Qocayevin atası Alik Qocayev isə oğlu ilə eyni gündə məzara qoyuldu. Gəncəyə gedən Alik Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirdi və çatdırıldığı hospitalda dünyasını dəyişdi. Ataoğlunun cənazəsi Bakıya gətirildi. Vadim Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı, ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırıldı. 1997-ci ildə Qobustanın Sündü kəndində dünyaya gələn Vadim də Vətən müharibəsi iştirakçısı idi. Biryaşlı qızı və doğulmamış körpəsi Vətənə əmanətdir.

Erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində şəhid olan hərbçimiz, Beyləqan rayonu İkinci Aşıqlı kəndindən olan Mirtalıb Mirheydər oğlu Ağazadənin anası və həyat yoldaşı dünyasını dəyişib. O da bir körpəsini və atasını Vətənin ümidinə qoyub getdi...

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan gizir Kərimov Azad Zahid oğlu Qazax rayonunun Daş Salahlı kəndində doğulub böyümüşdü. İki övladı yadigar qaldı...

Mərd oğullar şəhid oldular. Cənazələrinin üzərindəki Azərbaycanın müqəddəs üçrəngli bayrağı doğmalarına təqdim edildi. Düşmən yenə Azərbaycan xalqının ürəyini sızlatdı. Ancaq qisası qiyamətə qoymayan igidlərimiz bu dəfə də düşmənə dərhal layiq olduqları cavabları verdilər. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Laçın, Kəlbəcər və Zəngilan istiqamətində sərhəddə Ermənistanın qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edildi, bölgədə bütün nəqliyyat-kommunikasiya sistemi, çox mühüm yüksəkliklər nəzarətə götürüldü, Ermənistanın xeyli sayda hərbi texnikası, yüz milyonlarla dollardan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyektionlarca postu məhv edildi.

Rəşadətli Azərbaycan Ordusu  şəhidlərimizin qanını yerdə qoymadı. Onların qisasını aldı. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan oğullarının hər birinin hələ çox danışılacaq, yazılacaq qəhrəmanlıq dastanı qaldı...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 15 sentyabr.- S.8.