Azərbaycan-Meksika tərəfdaşlığı
möhkəmlənir
Qədim sivilizasiyanın daşıyıcılarından biri olan Meksika məsafəcə ölkəmizdən uzaqda yerləşsə də, Azərbaycanla əməkdaşlıq sahələri gündən-günə genişlənməkdədir. Hər iki ölkəni bir-birilə bağlayan mühüm cəhətlərdən biri azadlıqsevər xalqlara, zəngin mədəniyyətə və əsrarəngiz fauna və floraya malik olmalarıdır. Mexiko və Bakı şəhərləri arasında 12,6 min kilometr məsafə olmasına baxmayaraq, dostluq telləri onları daha da yaxınlaşdırır.
Hazırda Meksika Birləşmiş Ştatları dünyanın iqtisadi və siyasi xəritəsində özünəməxsus yer tutur. O, müstəqil dövlətçiliyin inkişafı sahəsində bir çox nailiyyətlər qazanmışdır. Meksika həm də dünya bazarında böyük tələbata malik mühüm kənd təsərrüfatı və sənaye məhsullarının tədarükçüsü kimi çıxış edir.
Ölkə ərazisində zəngin faydalı qazıntı yataqlarının olması sürətli iqtisadi inkişaf üçün əlverişli zəmin yaradır. Bu ölkə qızıl və gümüş ehtiyatlarına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Meksikanın iqtisadi infrastrukturunun Azərbaycan ilə oxşarlığı ondan ibarətdir ki, ikisi də qabaqcıl neft ölkələrindəndir. O, neft hasilatına görə qərb yarımkürəsində üçüncü, dünyada isə yeddinci yeri tutur. Dövlətə məxsus olan yerli "Pemex" kompaniyası dünyada neft hasil edən ən iri şirkətlərdən biridir. Ölkə iqtisadiyyatında qeyri-neft bölməsi də inkişaf etdirilir.
Meksikada istehsal olunan ərzaq məhsulları dünyanın müxtəlif guşələrində geniş alıcı kütləsinə malikdir. O, bütün sanitar sertifikatlara malik olan 5 ölkədən biridir. Belə bir status dünyanın 160 ölkəsinə məhsul ixrac etmək üçün əlverişli imkan yaradır. Meksikada istehsal olunmuş heyvan və bitki mənşəli 18 növ ərzaq məhsulları dünya bazarlarına çıxarılır. Bu ölkə ərzaq məhsullarının istehsalına görə dünyada 12-ci yeri tutur. Hesablamalara görə, Meksika 2050-ci ildə dünyanın 7-ci iqtisadiyyatına malik ölkə olacaqdır. Meksika bir sıra ölkələrlə imzalamış olduğu 12 azad ticarət sazişi sayəsində yüz milyonlarla əhalinin yaşadığı 46 ölkənin bazarına imtiyazlı giriş əldə etmişdir. Bunların arasında ən mühüm yeri azad ticarət haqqında ABŞ və Kanada ilə bağlanmış "Şimali Amerika sazişi" tutur. Mexiko eyni zamanda beynəlxalq ticarət sahəsində iştirakı genişləndirmək məqsədilə Kolumbiya, Peru və Çili ilə birgə regional "Sakit okean alyansı" adlı təşkilat da yaratmışdır.
Ölkənin iqtisadi və mədəni həyatında turizm əhəmiyyətli rol oynayır. Belə ki, Meksika dünyanın ən çox ziyarət olunan 10 ölkəsindən biridir. Ölkəyə gələn turistlərin əksəriyyəti isə ABŞ və Kanada vətəndaşlarıdır. Bu sahə dövlət xəzinəsinə xeyli miqdarda xarici valyuta gətirməklə yanaşı, həm də ölkənin dünyada daha çox tanınmasına müsbət təsir göstərir. Məhz turistlərin sayının xeyli artması sayəsində ölkə sərnişin gəmilərinin sayına görə də dünyada birinciliyi qoruyub saxlayır.
Hər il ölkəyə 37
milyon turist gəlir. Turizmdən gələn gəlir
ümumi daxili məhsulun 9 faizini təşkil edir, dünya romantik turizminin isə 23 faizi Meksika turizminin
payına düşür.
Dünyada lüks turizmə
görə isə Meksika birinci yerdədir.
Meksika postsovet respublikaları ilə əlaqələrə,
xüsusilə Cənubi
Qafqaz regionuna və onun aparıcı
ölkəsi olan Azərbaycan ilə əməkdaşlığa böyük
diqqət yetirir.
Meksika Azərbaycanın dövlət
müstəqilliyini 1991-ci ilin
dekabrında tanımışdır. İki ölkə
arasında diplomatik münasibətlər isə
1992-ci ilin fevralında
qurulmuşdur. Həmin vaxtdan
başlayaraq, Azərbaycan
və Meksika bir çox beynəlxalq məsələlər
üzrə yaxın mövqelərdən çıxış
edirlər. 2008-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə
isə Meksikanın ölkəmizdə səfirlikləri
açılmışdır. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr
inkişaf edir.
Qarşılıqlı siyasi əlaqələr yüksələn xətlə
inkişaf edir. Hər iki
ölkənin parlamentlərində
qarşılıqlı əməkdaşlıq
üzrə parlamentlərarası
işçi qrupları
fəaliyyət göstərir.
2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb,
Mexiko şəhərində
Xocalı soyqırımına
abidə ucaldılıb.
Son illər
iki ölkə arasında münasibətlərdə
yüksəliş müşahidə
olunur. İki ölkə arasında
ticarət dövriyyəsinin
həcmi 10 dəfədən
çox artmışdır.
Bu əlaqələr Azərbaycan mədəniyyətinin
Latın Amerikasında
təbliği ilə yanaşı, erməni təcavüzü ilə üzləşmiş xalqımızın
haqq səsinin dünyaya çatdırılması
işinə də böyük təkan verir.
1992-2014-cü illər
ərzində ikitərəfli
ticarətin orta illik həcmi 2,4 milyon dollar təşkil edib ki, bu da
2015-2021-ci illərdə artaraq
36,6 milyon dollara çatıb. 2022-ci ilin yanvar-iyul ayları ərzində isə ikitərəfli ticarət
dövriyyəsi 47,2 milyon dollara çatıb. Bu, 2021-ci ilin
eyni dövrü ilə müqayisədə
8,3 faiz artım
deməkdir. Artan tendensiya davam
edərsə, cari ildə ikitərəfli ticarətin yeni rekorda çatacağı
gözlənilir.
Azərbaycanın idxal etdiyi Meksika məhsullarına nümunə
olaraq neft sənayesində istifadə
olunan boru və alətləri, nəqliyyat vasitələrini,
pivə və s. göstərmək olar. Azərbaycan neft sənayesində istifadə etdiyi qazma baltası və boruların 18 faizini Meksikadan idxal edir.
İki ölkə arasında qarşılıqlı əməkdaşlığın
daha da genişləndirilməsi
üçün geniş
imkanlar var. Zəngin təcrübəyə malik
Meksika ilə turizm sahəsində əlaqələri inkişaf
etdirmək Bakı üçün də faydalıdır. Bu sahədə əlaqələrin
qurulması iki ölkə xalqlarının
daha da yaxınlaşmasına
müsbət təsir
göstərər. Azərbaycan
ilə Meksika arasında turizm sahəsində təcrübə
mübadiləsinin ikitərəfli
münasibətlərə töhfə
verməsi və pandemiyadan sonra turizmin bərpası istiqamətində atılan
addımlar bu il avqustun
29-da Azərbaycan Dövlət
Turizm Agentliyində Meksika səfiri ilə keçirilən görüşdə müzakirə
edilib.
Təkcə elə bu il ərzində
Meksikanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Xuan Rodriqo Labardini Flores Labardini iqtisadi və mədəni əməkdaşlıq
layihələrinin araşdırılması,
turizm imkanlarını
öyrənmək məqsədilə
Lənkəran, Qəbələ,
Neftçala, Quba rayonlarında olmuş, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
ilə görüşlər
keçirmişdir.
Hazırda iki ölkənin hökumətləri arasında
imzalanan "Təhsil,
elm, gənclər, mədəniyyət
və idman sahələrində əməkdaşlıq
haqqında saziş"ə
uyğun fəaliyyət
davam etdirilir.
Hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim
edilməsi məqsədilə
də bir sıra tədbirlər keçirilir. Bu cür
tədbirlər sırasında
Meksika rəssamlıq
nümunələrinin yalnız
Bakıda deyil, eyni zamanda Azərbaycanın
digər şəhərlərində
nümayiş etdirilməsini
göstərmək olar.
İdman
sahəsində də
əlaqələr inkişaf
edir.
Möhkəm zəminə əsaslanan Azərbaycan-Meksika əməkdaşlığı
artıq genişlənərək
tərəfdaşlıq səviyyəsinə
yüksəlib. Hər iki tərəf
həyatın bütün
sahələrində qarşılıqlı
münasibətləri daha
da inkişaf etdirmək əzmindədir.
Siyasi münasibətlərin yaxşı
olması belə bir qənaətə gəlməyə imkan verir ki, yaxın
gələcəkdə bu
tərəfdaşlıq münasibətləri
inkişaf edərək
iki qitəni və iki ölkəni
birləşdirən körpü
rolunu oynayacaq. Bunun üçün hər iki tərəfdə möhkəm siyasi iradə və qətiyyət vardır.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.- 2022.- 16 sentyabr.- S.10.