Sahibə Qafarova: “Nensi Pelosinin
açıqlaması obyektivlikdən uzaq,
qərəzli və birtərəfli yanaşmanı əks etdirir”
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.
2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür. Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır.
Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur. Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.
ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyillərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.
Təəssüf
doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə
yaxın Ermənistanın işğalı altında
qaldığı dövr ərzində Nensi Pelosi kimi
siyasətçilərin beynəlxalq hüququn
norma və prinsiplərini, Azərbaycanın
ərazi bütövlüyünü və
suverenliyini dəstəkləyən
bəyanatlarının heç vaxt şahidi olmadıq. Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsinə, işğal
altındakı ərazilərimizdə vandalizm
aktlarının törədilməsinə, şəhər və
kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük
verdilər və heç bir
mövqe bildirmədilər. Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr
Palatasının spikerinin erməni təbliğatının
təsiri altında verdiyi bu
açıqlama, sadəcə olaraq, ikili standartların növbəti bariz nümunəsi kimi
qiymətləndirilməlidir”.
Azərbaycan.- 2022.- 20 sentyabr.- S.3.